Boz tərəf

04.02.21

İkinci Dağlıq Qarabağ müharibəsinin başlaması ilə ölkədə müharibə tərəfdarı və əleyhdarı olan iki düşərgə yarandı, müharibəni həll yolu kimi dəstəkləməyən insanlar böyük əksəriyyətin qınağına tuş gəldi. 

Rejissor Atanur Nəbiyeva da müharibə dövründə oxşar vəziyyətlə qarşılaşanlardan idi. Belə bir vəziyyətdə o qərar verir ki, cəmiyyətdə müşahidə olunan bu dinamikanın ailəsindəki təcəssümünü sənədləşdirsin. Həmin dövrdə bəzi kəndlərin bombalanması nəticəsində cəbhə bölgəsində yaşayan qohumlar da Nəbiyevlər ailəsinin evində müvəqqəti məskunlaşmışdılar. 

Müəllif çəkiliş boyunca müharibə ilə bağlı bitərəf mövqeyindən çıxış etməyə çalışıb, "Kim haqlıdır?", "İnsan ölümünə dəyərmi?", "Konfliktin başqa bir həll yolu ola bilərmi?" kimi fundamental suallar qaldırıb. Cavab axtarışları bəzən valideyn-övlad arasında ciddi mübahisələrə gətirib çıxarıb. Ailə üzvlərinin fikirlərini qeyd-şərtsiz qəbul etməkdən imtina etməsi, onların mövqeyini sorğulaması isə Atanurun doğmalarını acıqlandırır, evdə təklənməsinə səbəb olur.


Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.