Novruz - 3000 il sonra

Müəlli̇f: Baba Nabili, Gulnar Salimova, Leila Noroozi

23.03.16
Mövzu: ənənələr

Dünyada 190 minə yaxın insan - Azərbaycan və Əfqanıstandan Mərkəzi Asiyaya, Şimali Hindistana qədər Novruz bayramını qeyd edir. Bu, 3000 il əvvəl başlayan qədim bir Zərdüştlük ənənəsidir. Ona görə də Novruz Xristian və ya İslam dininin bayramı hesab edilmir. “Novruz” sözü irani dillərdə “yeni gün” mənasını verir. Bayram köhnə ilin sonuncu və yeni ilin ilk günündə qeyd edilir. Bu, gecə və gündüzün bərabərləşdiyi gün olduğu üçün yaz fəslinin gəldiyini tərənnüm edir. 

Novruz bayramı 2010-cu ildə BMT tərəfindən beynəlxalq bayram kimi tanınıb. Bu məqalədə Azərbaycanda, Gürcüstanda və İranda Novruz bayramının necə qeyd olunduğundan bəhs edilir.

Novruz qabağı insanlar mənzillərini təmizləyər və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atarlar ki, yeni ilə təmiz çıxsınlar. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar.

Novruz gününə aparan yol 4 "etapdan" - çərşənbələrdən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir.

Çərşənbələrdə, xüsusən də İlaxır çərşənbəsində və eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar və yaşından asılı olmayaraq, hər kəs onun üzərindən tullanar. İnsanlar od üzərindən atlanaraq bu sözləri deyərlər: "Ağırlığım, uğurluğum burda qalsın!!!", "Dərdim, bəlam odda yansın". İnanca görə, odun üzərindən tullandıqdan və nəzərdə tutulan sözlər deyildikdən sonra onlar köhnə ilin dərdindən, bəlalarından, xəstəliklərindən qurtulacaq, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedəcəklər.

Novruzun əsas simvolikası olan paxlava yeniliyin, musiqinin və bərabərliyin simvoludur. Paxlava qadın rəmzi də hesab olunur. Ortadakı qoz və ya fındıq isə doğulmanı, günəşi və gözü əks etdirir.
Paxlava müstəvidə rombu xatırladır. Azərbaycan alimləri iddiaa edir ki, Azərbaycan musiqisi muğam da fəzada romb formasındadır. Muğam həmçinin qadınlıq rəmzidir. Novruzda isə muğam daha çox oxunur ki, bu da bayramlarla əlaqəlidit.

Tahir Əmiraslanovun sözlərinə görə, Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı keçirilirmiş. “Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin rəmzidir".

İlaxır çərşənbədə və bayram günü insanlar qəbir üstünə gedər, valideynlərinin və yaxınlarının məzarı üzərində şam yandırar, Yasin oxutdurarlar. Bu da dünyadan köçən əzizlərə hörmət, keçmişini unutmamaq mahiyyəti daşıyır.

Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.

Bayram süfrəsini rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: "Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız".

Yumurta bəzəklə yanaşı yarış üçün də istifadə olunur. Belə ki, hər kəs öz evindən ən bərk yumurtanı seçir və tonqal qırağına gətirir. İki adamdan biri yumurtanı tutur, digərinə vurur. Yumurtası qırılan adam uduzmuş sayılır və qalib şəxs uduzanın yumurtasını götürür.

Novruzun daha bir tərəfi onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.

Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Papaq atılan evdə isə o, bayram nemətləri ilə doldurular və sahibinə qaytarılar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar.

Subay qızlar evlənəcəyi adamın adını, yaşını və ya görünüşünü bilmək üçün cürbəcür üsullarla fala baxırlar. Şəkildə istifadə olunan falda qızlar bir stəkan istifadə olunmamış su, nişan üzüyü və falına baxılacağı adamın saçından bir tük qopardırlar. Qaydaya görə, hər qızın bəxtinə bir dəfə baxılır. Saçı üzüyün içindən keçirib bir ucuna üzüyü bağlıyırlar. Saçın bir ucundan tutub, üzüyü 3 dəfə suya salıb-çıxarıb, sonra stəkanın üst tərəfində saxlayırlar. Üzük stəkanın qırağına neçə dəfə dəyirsə, falına baxılan şəxs o yaşda evlənəcək.

Bu "Falabaxma"da qızlar yarıya qədər istifadə olunmamış su ilə dolu kasa istifadə edirlər. Bir kağız parçasına öz arzularını yazırlar və heç kimə göstərməmək şərti ilə bir ucunu su ilə yarıya qədər dolu qabın üstünə qoyurlar. Şam yandırıb qırılmış qoz qabığının içinə qoyurlar və qoz qabığı ilk kimin arzusu olan kağızı yandırsa, inanca görə, ilk o arzu yerinə yetəcək.

Bu adət-ənənə Azərbaycanda ancaq Qazaxın Yuxarı Salahlı kəndində var. Kənd ağsaqqalı deyir ki, “Şəhər yerlərində bu adət "papaq atma"dı, amma bizim obada köhnə vaxtlarda kişilər qadın, qadınlar da kişi paltarı geyinib evlərə girib bayram payı yığırdılar. Bu cür bəzənmələrinin səbəbi isə ev yiyəsinə tanınmamaq üçün idi. İndiki zamanda cavanlar daha çox bu işlərlə məşğuldular. Onlar bayram payı əvəzinə, pul yığıb tutduqları musiqiçilərin pulunu çıxarmağa çalışırlar. Özlərinin məqsədi isə sevdikləri, sinif yoldaşları, dostları və qohumlarının evlərinə gedib onları əyləndirmək, sevindirməkdi. Əsasən də görüşə bilməyən sevgililərin - oğlanın qızı görmək həvəsidir”. Onun dediyinə görə, qızqaçırmalar da bu cür bayram gecəsi olur. "Bunu bir tamaşa kimi düşünün".

Etnik azərbaycanlıların Gürcüstanda məskunlaşdığı bir yer də Qardabanı rayonunun Sartıcala Muğanlı kəndidir. Azərbaycanlılar kəndin adını qısaldaraq adətən onu Muğanlı adlandırırlar. Bu kəndin özəlliyi Novruz bayramında illərdir ki, təkrarlanan bir adətdir.

Adətə görə, kənd sakinləri mart ayının 1-dən 21-dək kəndi gəzib-dolaşaraq mahnılar ifa edib, rəqs edirlər. Martın 22-də isə səhər açılandan nahara qədər bütün kənd sakinləri kəndin meydanına yığılır. Musiqi ifa edib, mahnı oxuyub, rəqs edirlər. Özəllik isə ondan ibarətdir ki, burada meydana çıxanlar yalnız kişilər olur. Qadın və uşaqlar üçün bu bayram adəti çox təhlükəli ola bilər. Belə ki, bu adət-ənənəyə görə, müxtəlif növ geyim (yəni bayram kostyumu) geyinib, maska taxan könüllülər ətrafda olan kişiləri dartıb meydana gətirirlər onu pul verməyəndə isə döyürlər, pulu aldıqdan sonra isə mehribanlaşıb rəqs etməyə başlayırlar.

Kənd sakinlərinin sözlərinə görə, indiyədək bu oyunda xəsarət alan olmayıb.

Yığılan pullar isə kənd məscidinə, toylarda çatışmayan oturacaqlara, masalara və yaxud da kənd sakinləri arasında xəstələndikdə müalicəyə maddi imkanı olmayan şəxsə verilir.

Son çərşənbənin gündüzü qadınlar bulaq başına gedib kuzələrini doldurarlar və suyun üstündən atılarlar. Bəzən də mal-heyvanlarını su üstündən keçirərlər.

Son çərşənbənin digər marasimlərindən biri də evin gəlininə meyvə və şirni yollamaqdır.

"Deyim ki, qədim zamanda çoxlu rusumat və adətlər vardı ki, zamanla yaddan çıxıb və itib. Bu adətlər bizim kültürümüzdən ortaya çıxıb və bizim millətin real yaşamından olub, məsələn, qurşaq sallamaq, artıq yaddan çıxıb və təkcə nağıllarda və ya şeirlərdə özünü göstərir. Bu halda demək olar ki, Novruz Bayramı yaranışından indiki zamana qədər çox dəyişikliklər görüb. Hər halda bunları unutmaq bizim millət və tarix üçün yaxşı deyil. Hər ölkənin özü üçün bir sıra kültürü olur ki, bu, onun keçmişini və tarixini göstərir. Bu tarixdir ki, o millətin arxasında dura və onlara güc verə bilər. Nə qədər unudulsa, o qədər keçmişin təkrarına məcbur olarıq. Əlbəttə, maliyyə vəziyyəti də mərasimlərin şəklinin dəyişilməsində təsirli olub. İndiki halda bəzi mərasimlər dəyişik şəkildə ifadə olunur və gənclər onları təkcə ata-anaların dilindən, ya Şəhriyar kimi bir şaiirin yazılarından eşidib və oxuyurlar. Hər-halda zəruridir ki, bu mərasimlər davamlı olsun".

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin