3 min.

Facebook üzərində haqsızlıqla mübarizə

Müəlli̇f: Ülviyyə Əhmədova


02.07.21

38 yaşlı Vəfa Nağı keçmiş jurnalist və İstanbul Sabahattin Zaim Universitetinin məzunudur. Məzun olduqdan sonra o, doğulduğu kəndə - Neftçalanın Xol-Qaraqaşlı kəndinə köçüb və kənd qadınlarının iş tapmasına kömək etmək üçün tikiş sexi qurub. 2019-cu ilin dekabrında Vəfa həmin kənddə bələdiyyə üzvü seçilib. Seçildiyi gündən bəri o, sosial media vasitəsilə kənddəki korrupsiya hallarını, hüquq pozuntularını ictimailəşdirməyə başlayıb.

Vəfa Facebook və digər sosial media platformalarında ictimailəşdirdiyi problemləri həm də həll etməyə çalışır. Bu ilin əvvəlində Neftçalada təcavüzə məruz qalan azyaşlılarla bağlı bir neçə hadisəni sosial media üzərindən ictimailəşdirməsi cəmiyyətdə rezonans doğurub.

Bəzən insanlar Vəfa Nağıya şəxsən müraciət edir və problemlərinin həll olunması üçün müdaxilə etməsini istəyirlər. Ancaq Vəfanın bu əməlləri heç də həmişə təşəkkür alması ilə nəticələnmir. Məsələn, bir ildən çoxdur ki, hüquq pozuntularını ifşa etməsi, kənd bələdiyyəsində büdcənin icrası ilə bağlı hesabat tələb etməsindən sonra Vəfanı gözdən salmaq üçün kampaniya başladılıb. 

Vəfa bildirir ki, yerli idarəetmə onu kənd içində nüfuzdan salmağa çalışsa da, o, zorakılıq və hüquqpozma qurbanları üçün mübarizə aparmağa davam edəcək. 

Xol-Qaraqaşlı bələdiyyə sədri 2021-ci ildə istefa verib və məhkəmə qarşısındadır.