Onlayn təhsilin siniflərə düşən kölgəsi...

Jurnalist: Gülər Mehdizadə,

İllustrator: Aydan Həsənova

22.09.21

Pandemiya başlayandan bəri ilk dəfə olaraq Azərbaycanda məktəblər bütün siniflər üçün yenidən açılır. Məktəblilərin sentyabrın 22-dən etibarən dərsə başlaması, böyük siniflərin mərhələlərlə geri dönməsi planlaşdırılır.

Bu xəbər bir çoxları tərəfindən məmnunluqla qarşılansa da, onlayn dərslərə girməkdə çətinlik çəkən ailələr narahatdır ki, uşaqların 3 rüb təhsildən geri qalmağı onların gələcəyinə mənfi təsir göstərəcək.

37 yaşlı Taleh Bağırovun vəziyyəti pandemiyadan əvvəl yaxşı olub: Bakıda kirayə götürdüyü binada dövlətin özünüməşğulluq proqramından aldığı dəstəklə ayaqqabı fabriki qurub, 7 və 8 yaşlarında iki qızını paytaxtda məktəbə qoyub.

Ancaq sonra “Covid-19”un ortaya çıxışı hər şeyi alt-üst edib. Bağırov artmaqda olan qorxu içində iqtisadiyyatın tənəzzülünə tamaşa edib. O, qapanmalar nəticəsində fabrikini bağlamaq məcburiyyətində qalıb, bu isə öz növbəsində onu iflasa uğradıb. Özü Bakıda iş axtararkən, ailə üzvlərini Ağsudakı kəndlərinə göndərib.

Bağırovlar ailəsi bundan da betər vəziyyətə düşəcəklərini ağlına gətirməyib. Bir qədər sonra dərslər onlayn rejimə keçib. Evdə dərslərə qoşulmaq üçün kompüter və ya smartfon olmadığı üçün qızlar həmyaşıdlarından geri qalmağa başlayıblar.

“Kənddə olanda gördüm fikir edirlər, hamı kimi dərsə qoşulmaq istəyirlər. Borcla-xərclə ilkin ödənişi edib, kreditlə bir planşet, bir telefon götürdüm. İnanın, onun da kreditini ödəyə bilmirdim, qalmışdı boynumda” – deyə, Taleh Bağırov xatırlayır.

O əlavə edir ki, rayonda internet kəsintisinə və zəif sürətə görə, qızları əksər hallarda dərslərə qoşula bilməyiblər.

Digər ailələr də övladları aylarla məktəbə gedə bilmədiyi üçün oxşar problemlərlə üzləşirlər.

2020-ci ilin karantini 63 yaşlı Şamaxı sakini Xatirə Ağayevanın işini “vuranda” qızı 11, oğlu isə 10-cu sinifdə oxuyurmuş. O deyir ki, pandemiyadan əvvəl “hər ikisi məktəbdən əlavə, müəllim yanına getməli idilər. Çünki Azərbaycanda təhsilin son illəri bu qaydadadır - hamı hazırlaşır. İnstituta qəbul olmaq üçün orta məktəb təhsili kifayət deyil”.

Xatirə Ağayevanın işini itirməsi ailəsinə zərbə olub: ailə artıq uşaqlarını nə universitet üçün fərdi hazırlığa göndərə, nə də onlayn dərslərə qoşulmaları üçün planşet və ya telefon ala bilib.

“İmkanımız olmadı ki, onlara telefon alaq, dərsə qoşulsunlar. Nə hazırlığa gedə bildilər, nə də onlayn dərslərə qoşulmaları mümkün oldu. Evdə özbaşlarına, proqramsız hazırlaşdılar. Nəticədə hər ikisi çox aşağı bal toplayıb”.

Ağayeva deyir ki, oğlunun topladığı bal ali məktəbə qəbul üçün çox aşağıdır deyə, əllərini üzüblər. Qızı keçid balını toplasa da, nəticələri ödənişsiz əsaslarla təhsil alması üçün kifayət deyil.

“Qız pulluya düşsə, bax onda Kərəmi ağlamaq tutacaq. Həqiqətən, ağlıma heç nə gəlmir. Pulsuza düşsə, heç olmasa, özümüzü sıxıb oğlanı gələcəkdə müəllim yanına göndərərik. Ancaq pulluya düşsə, çətin. Belə çıxır ki, təhsilsiz qalacaq”.

İqtisadçı Toğrul Maşallı hesab edir ki, 2020-ci il və 2021-ci ilin birinci yarısında Azərbaycanın distant təhsilə yanaşması bir çox uşaq üçün "diskriminativ" olub. O qeyd edir ki, Dövlət Statistika Komitəsi 2020-ci ildə əhalinin yalnız 18%-nin fərdi kompüterə malik olduğunu və əhalinin yalnız 63%-nin internetə çıxışının olduğunu müəyyən edib.

“Azərbaycanda internetin sürətində çox ciddi problemlər var. Bir çox bölgədə, ümumiyyətlə, ya internet yoxdur, ya da zəifdir. Mobil internetdən istifadə çox bahadır. İlk başda Təhsil Nazirliyi bu problemləri həll etməli, sonra onlayn dərsə keçid almalı idi. Faktiki, vəziyyət belə olub: güclü interneti, internetə giriş qurğusu olmayanlar təhsildən kənarda qalıb. Bu vəziyyət də şagirdlərin xeyli hissəsinə qarşı diskriminasiyadır”.

Azərbaycan Təhsil Nazirliyi kompüter və ya internetə çıxışı olmayan ailələr üçün xüsusi bir tele-məktəb yaradıb. Nazirlikdən verilən məlumata görə, uşaqlar 11 Mart 2020-ci il tarixindən 14 İyun 2021-ci ilədək müntəzəm olaraq mühazirələr izləmək imkanına malik olub.

Valideyn Xatirə Ağayeva bununla razılaşmır və bildirir ki, dövlət imtahanlarına hazırlaşan yeniyetmələr üçün televiziya ilə təhsil kifayət olmayıb.

“Sual yarananda verə bilmirdilər. Bu baxımdan effektli deyildi. Universitetə hazırlaşan uşaqlardılar, suallarına cavab almalıdırlar. Məsələn, məktəbə gedən, yaxud onlayn dərslərə qoşulanların sual vermək imkanları var, amma televiziyada dərsə baxan uşaqların bu şansı yoxdur”.

Taleh Bağırov isə deyir ki, özü və həyat yoldaşı bu barədə məlumatsız olduqları üçün uşaqları tele-dərslərə baxmayıblar.

Onlayn məktəb uşaqların ümumi təhsilinə necə təsir edib? Bununla bağlı Chai Khananın suallarına cavab olaraq nazirlik bildirib ki, 3 milli qiymətləndirmə tədqiqatı şagirdlərin bilik səviyyəsinin ötən illərlə müqayisədə nisbətən aşağı olmasını göstərib. “Lakin fərq ciddi olmayıb”.

“Yeni tədris ilində ümumi dəstəkləyici tədbirlərlə yanaşı, xüsusi geriləməsi olan şagirdlər üçün məktəb/sinif səviyyəsində diferensial yanaşmalar tətbiq ediləcək”.

Ancaq valideynlər narahatdır ki, bu tədbirlər uşaqların itirdiklərini bərpa etmələrinə kömək etmək üçün kifayət etməyəcək.

“Uşaqlarım təhsildən geri qalıb” deyən Taleh Bağırov bunun çarəsini uşaqlarını fərdi hazırlığa göndərməkdə görür ki, yaşıdlarından dala düşməsinlər. O, aylarla iş axtardıqdan sonra, nəhayət, Bakıda bir dönərçinin yanında təmizlik işlərini görməyə başlayıb. Aldığı maaş o qədər azdır ki, hələ də ailəsini rayondan yanına gətirə bilməyib. Özü isə pula qənaət etmək üçün hazırda Bakıdakı ucuz hostellərdən birində yaşayır.

“Uşaqlarımı müəllim yanına göndərəcəyəm deyə, dərmanlarımı almıram, bütün pulumu yığıram. Ağlıma başqa bir çıxış yolu gəlmir”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin