12/35

42 min.

12/35

14.03.22

Sumqayıt şəhərindəki 12/35 nömrəli bina digərlərindən nədəsə fərqlənmir. Bununla belə, binanın əksər sakinlərinin qəribə və faciəvi həyat tarixçəsi var: 1960-70-ci illərdə bu binada doğulmuş və uşaqlığı birlikdə keçmiş kişilərin əksəriyyəti erkən yaşda vəfat edib, çoxunun ölüm səbəbi isə narkotika və içkiylə bağlıdır. Bu kişilərin ard-arda vəfat etməsi binanın da, sakinlərin də taleyinə pis təsir edib. Bir vaxtlar bir-biri ilə sıx bağlı olan köhnə qonşuların çoxu son 20 ildə məhəllədən köçüb. Ortaq ağrıları olsa da, köhnə qonşular keçmiş xoşbəxt günləri yada salmaq üçün tez-tez məhəlləyə baş çəkirlər.

“12/35” sənədli filmi gənc yaşda vəfat edənlərin həyatlarını və yaşayanların xatirələrini araşdırır. İndi 50-60 yaşlarında olan bu kişilər həmyaşıdlarının başına gələnləri, əksər dostlarının, qohumlarının niyə gənc yaşda öldüyünü, yəni bir binanın fonunda bütöv bir nəslin hekayəsini danışırlar. Ölənlərin səsləri və həyatları 90-cı illərin həvəskar videoçəkilişlərindən çıxarılmış kadrlarda yer alır. Köhnə dostların ölüm səbəblərini anlamaq cəhdləri fonunda çəkilən bu film, həm nostalgiya, həm də ev məfhumuna olan xüsusi sevginin xatirələr vasitəsilə necə oyanmasından bəhs edir.

 

Rejissor şərhi:

Doğulub-böyüdüyüm mikrorayon Sumqayıtda təhlükəli yerlərdən biri sayılır, amma mən özümü burda həmişə təhlükəsizlikdə hiss etmişəm. Hər çatışmazlığı ilə bu mikrorayon mənə doğma gəlib. Atam, əmilərim burda böyüyüb, mən burda doğulub-böyümüşəm və vaxtilə atama dərs deyən müəllimlər sonralar mənim də müəllimlərim olub. Qonşularımızla bir ailə kimi olmuşuq. Çətin və xoşbəxt uşaqlıq xatirələrim, darıxdığım günlər bura ilə bağlıdır. Keçmişlə yaşayan adamam və mənimçün vətən keçmiş, uşaqlıq və yaddaşla assosiasiya olunur. Qısacası, altı bloklu 12/35 nömrəli bina mənimçün vətəndir. 

1968-ci ildə tikilən 12/35 nömrəli binanın ilk və köhnə sakinləri zaman keçdikcə burdan köçməyə başladılar. Yeni qonşular gəldi, doğmalıq yavaş-yavaş yerini yadlığa buraxdı. Mən və uşaqlıq dostlarımdan bəziləri də bu məhəllədən uzaqlaşdıq, özümüzə başqa yerdə həyat qursaq da, nədənsə hər dəfə bura qayıdırıq. Bizim üçün məhəllə getdiyimiz yer olmadı, bizim üçün məhəllə elə 12/35 nömrəli bina oldu. Özümüzə gəldikdə isə 1980-ci illərin, yəni bizim nəsilin insanları uşaqlıq nostalgiyası ilə yaşasa da, artıq zəmanə adamına çevrilməyi bacarmışıq. Müxtəlif işlərdə işləyir, keçmiş üçün darıxsaq da, gələcəyə baxmaqdan çəkinmirik. İki nəslin toqquşması məhz burda baş verir. 

Bu film yaddaşımızdakı vətənə geri qayıtmaq haqqındadır. Bu insanlar bir binanın sakinləri yox, daha çox bir dövrün, yaddaşın, xatirələrin sakinləridilər, bina sadəcə maketdir, boş bir maket. 12/35-də yaşayan insanları birləşdirən bir bina yox, bir xatirə, bir yaddaşdır.