Rejissor: Lalə Əliyeva

Xəyallarda bir anlıq görüş

13.03.23

Ölüm qapılarını döyəndə həlak olmuş əsgərlərin dul arvadları həyatlarını (yenidən) qurmaq üçün müxtəlif yollar tapırlar.

Gülay müharibədə itirdiyi ərinin xatirəsini yaşatmaq üçün yataq otağını muzeyə çevirib.

Aybəniz isə mərhum ərini axtarmaq üçün dağlara gedir.

Sovet İttifaqının qanlı süqutu və müharibələr həlak olmuş hərbçilərin adına çevrilən yeni bir anlayış – şəhid anlayışını formalaşdırdı. Şəhidliyin milli qürur mənbəyinə çevrildiyi bir cəmiyyətdə yeni bir kimlik də ortaya çıxdı – şəhidin həyat yoldaşı. Bir əsgərin dul qalmış qadını olmaq cəmiyyətdə hörmətəlayiq status kimi görülür və onlara qarşı xüsusi yazılmamış qaydalar özünü göstərir.

Bu film iki Dağlıq Qarabağ müharibəsində ərini itirmiş iki qadından bəhs edir: onlardan biri 30 ildir döyüşlərdə itkin düşüb, digəri isə 2020-ci ildə 44 günlük müharibə zamanı həlak olub. Gülay və Aybəniz itkilərinin öhdəsindən necə gəldikləri haqda danışır, ölümün həyatlarına gətirdikləri barədə təcrübələrini bölüşürlər. Onlar xatirələrini, çətinliklərini və həyatlarında baş verən dəyişiklikləri paylaşır, eləcə də bu itkinin onlarda nə kimi özünüdərkə səbəb olduğunu da müzakirə edirlər.

Film qadınların dözümünə və sevginin davamlı gücünə bir ehtiram xarakteri daşıyır, eyni zamanda faciə anlayışını sorğulayır.


Bu film Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Filmdə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.