Təbiət möcüzəsindən ekoloji tənəzzülə: Masazır gölünün dəyişən hekayəsi
Masazır gölü Azərbaycanın ən füsunkar təbiət möcüzələrindən biridir. Dünyanın nadir çəhrayı göllərindən biri kimi o, mövsümdən, günün vaxtından və ya havadan asılı olaraq rəngini dəyişir. Bununla belə, ekoloqlar xəbərdarlıq edirlər ki, axıdılan kanalizasiya və çirkab suları eləcə də ümumi səhlənkar yanaşma gölə və ətrafdakı yaşayış mühitinə zərər verir.
Bakıdan 20 kilometr aralıda yerləşən göl vaxtilə müalicə üçün istifadə olunub - insanlar bronxit, sinir sistemi pozuntuları, dəri və oynaq xəstəliklərini müalicə etmək üçün palçığa girərdilər. Nəsillər boyu yerli sakinlər – bəziləri onu köhnə adı ilə “Şor” adlandırır – ordan çıxarılan duzu yemək bişirmək və konservləşdirmək məqsədilə istifadə ediblər. Yaxud müharibə və aclıq dövrdə sakinlər gölün duzunu başqa zəruri məhsullar əldə etmək üçün mübadilə ediblər.
“Duzu satmaq söhbəti yox idi, ancaq 90-cı illərdən sonra oldu. Hər kəs özü üçün yığırdı, satmaq üçün yox. Evə də çox gətrimək olmurdu”, Lalə Abuzərova əlavə edir.
2010-cu ildə ərazidə duz emalı zavodunun tikilməsi ilə Masazır gölü ölkənin başlıca duz istehsalçılarından birinə çevrilib. Lakin artıq yerli sakinlərə şəxsi istifadə üçün göldən duz toplamağa icazə verilmir.
Gölün yaxınlığında yaşayanların sayının yavaş-yavaş artması da yerli mühitə təsir edib. Bu proses 1980-ci illərin sonlarında Sovet İttifaqının dağılmasından sonra başlayıb. Ermənistanla Azərbaycan arasında müharibə zamanı məcburi köçkünlərin bir qisminin həmin əraziyə köçürülüb, 2000-ci illərdə isə əhalinin sayında partlayış baş verib.
Vaxtilə palçığının müalicəvi xüsusiyyətləri və yaxınlıqdakı badam bağları ilə tanınan Masazır gölü artıq fərqli bir mənzərəyə malikdir. Badam ağaclarının yerində indi Villa Badam kimi yeni yaşayış məntəqələri salınıb, zəncirli hasar isə gölə girişi bağlayıb.
“Gölün ətrafındakı ərazilərdə binalar və lazımi qaydada drenajı olmayan sərt örtüklərin (asfalt və beton) sayının artması, həmçinin kanalizasiya sisteminin qurulması gölə daxil olan yağış və qrunt sularını azaldıb”, - ekoloq Rövşən Abbasov deyir. “Bu, gölün su axınına mənfi təsir göstərir və ona görə də gölün quruma təhlükəsi var”.
Son bir neçə ildə yaxınlıkdakı iki kənddə - Masazır və Novxanıda yeni kanalizasiya boruları çəkilib, lakin onlar təbii su axını məhdudlaşdırır və tullantı sularının yenidən gölə sızmasına səbəb olur. Qonşuluqdakı Binəqədi gölündən boşaldılan sular da Masazır gölünə vurularak çirklənməyə öz töhfəsini verir.
Rövşən Abbasov qeyd edir ki, gölün quruma ehtimalının qarşısını almaq üçün ən yaxşı həll yolu su axınını və tullantı sularını – yəni indiki əsas su mənbəyini - təmizləmək və onun yenidən Masazır gölünə axmasına şərait yaratmaqdır. Bununla belə, o, əlavə edir ki, nəsillər boyu bu gölə qorunmalı olan bir xəzinə deyil, istismar edilməli olan bir mənbə kimi baxıblar.
Novxanı sakinləri kəndlərinin bir hissəsi hesab etdikləri gölə çıxışı itirdiklərinə görə təəssüflənirlər. Bir çoxu qeyd edir ki, göldən çıxarılan duz aclıq dövrlərində ailələrinə kömək edirdi, lakin artıq ondan məhrumdurlar.
Əvvəllər müxtəlif qəzetlərdə “Şorlu” təxəllüsü ilə köşə yazıları yazan Nəcibə Kərimova deyir ki, 1980-ci illərin sonlarından - tullantı suları gölə sızmağa başlayandan bəri ərazidə ekologiya pis vəziyyətdədir.
“Sözün açığı, bizim indi ürəyimiz qalxır… Ora o qədər su töküblər ki, adam heç o duzu almaq da istəmir. Çirkab suları tökdülər, elə o hasarı ki çəkdilər ha, küsmüşük, göl artıq o göl deyil. Heç o tərəfə baxmırıq. Kənd camaatı da küsüb oradan”, Nəcibə Kərimova deyir.
Masazırdan olan Azər Hadıyev deyir ki, ərazidə hava şəraiti dəyişikliyə məruz qalıb. “Əvvəllər may ayında daha isti olurdu. İsti olmalıdır ki, qaynadıb duzu çıxarsın. Vaxtında yağış yaxşı yağmayıb. Yanvar-fevral ayında yağış bol yağsa, aprel-mayda artıq əməlli məhsul olur”.
Rais Hüseynbalayev bu işdə ailəsi ilə birlikdə fəaliyyət göstərir. O, duz emalı zavodunda mədənçilərin işə götürülməsi, avadanlıqlara nəzarət, duzun yığılması və zavoda çatdırılması işlərinə məsul olan komanda rəhbəridir.
“Masazır gölü yiyəsiz resurs faciəsi ilə üzləşmiş açıq məkandır”, ətraf-mühit üzrə mütəxəssis Rövşən Abbasov qeyd edir. “Hər şey sırf gölün istismarı ilə əlaqəlidir. Göl ekosisteminin mədəni və təbii dəyərlərinə məhəl qoyulmur. Göl öz dəyərini itirməyə davam edənədək bu proses qurtarmayacaq”.
Fotoreportaj Chai Khana Fellowship proqramı (bahar 2023) çərçivəsində hazırlanıb.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin