Fainanın sirri
Faina Kunqurova Azərbaycanda azadlıq, ədalət və demokratiya uğrunda mübarizə aparmış qadın fəallardan olub. Siyasi fəaliyyəti səbəbilə 2002 və 2007-ci illərdə həbs edilmiş Faina Azərbaycanın ilk qadın siyasi məhbusu olaraq tarixə düşüb. O, 33 yaşında ikinci məhkumluğu zamanı həbsxanada aclıq aksiyasına başlayıb, qısa müddət ərzində müəmmalı şəraitdə qəfildən həyatını itirib.
Kunqurova siyasi aktivizmə 1990-cı illərin sonunda müxalifət partiyalarından birinə qoşulmaqla gəlib, sonra partiyadan ayrılaraq yoluna tək davam edib. Onun fəallığı hakimiyyətin gözündən yayınmayıb və yuxarıların narahatlığına səbəb olub ki, bu da qısa zamanda onu siyasi təzyiqin hədəfinə çevirib.
“Fainanın sirri” qısametrajlı sənədli animasiyası Kunqurovanın həyatına qısa bir baxışdır. Film Fransada Ansi Festivalının 60-cı buraxılışında dünya premyerasından sonra 18 ölkədə 20-dən çox festivalda nümayiş etdirilib.