Evsiz Qalmış Ay
“Evsiz Qalmış Ay” itirilmiş evin, sönən xatirələrin və ümidin poetik ifadəsidir.
Film rejissorun uşaqlıq günlərini keçirdiyi dağda baş verir. O illər sonra bu dağda qarşılaşdığı nənə və nəvədə öz uşaqlığını tapır və onların bu qarşılaşması rejissorun öz keçmişinə yenidən həyat verdiyi qısa bir filmlə nəticələnir.
Şəhər həyatından çox uzaqda olan bu ailə həyatlarını ucqar bir evdə keçirir. Kamera onların gündəlik həyatınnı sənədləşdirərkən, nənə və nəvə arasında zərif və zamandan azad bir bağ üzə çıxır. Onların bu sadə həyatlarının arxa planında görünən monotonluqdan daha böyük şeylər gizlənir.
Nənə və nəvənin hər ikisinin daşıdığı Təzəgül adı onları əhatə edən demək olar ki, səhralaşmış dağ görüntüsü ilə poetik ziddiyyət təşkil edir. Onlar bu yox olmaqda olan dağda açan son çiçəklərdir.