Dörd Divar

Müəlli̇f: Günel Səfərova

01.02.16

"Valideynlərimizin öz əlləri ilə tikdiyi evi tərk edəndə qardaşımın 9 mənim isə 5 yaşım var idi. O vaxtdan  ailəmizin hər xoş günü "bircə bu ev işimiz düzəlsin" arzusu ilə müşayət olunurdu. Bu arzu təkcə anamla atamın deyildi, həm də uşaqlığını natamam təmirli evdə qoyub gəlmiş bizim idi.

Biz  tam anlamını qavramadığımız o 4 divar üçün hər gün dua edərdik. Anlamını qavramırdıq amma o 4 divarən hamımızın üzünə təbəssüm gətirəcəyinə əmin idik.

1993-cü ildən başlayaraq Bərdə İsmayıllı və  Bakı-da 10-dan cox ev dəyişdik. Onlardan yalnız biri yaşayış məqsədli tikili idi. Digərləri isə ya yarımçıq bina, ya istifadə edilməyən tikili, ya da vaqon olub.

Bərdə və İsmyıllıdakı evləri yaxşı xatırlamasam da Bakıda dəyişdiyimiz yerləri heç vaxt unutmaram. Çünki məhz bu şəhərdə yaşadığımız yerdən zorla çıxarıldıq, vaqonda və pəncərəsiz tikililərdə yaşadıq, tikdiyimiz evi isə başımıza uçurtdular.

O yaşayış yerlərində itirdiklərimizin sayı yoxdur, amma indi onlar uzaq görünür. Çünki illər sonra özümüzə üzümüzü güldürəcək qədər şərait qura bilmişik.

Ev deyəndə ailə üçün 4 divardan daha artıq bir mövhum canlanır. Ev bizim ailəni bir yerə toplayacaq, qardaşımla mənə normal  təhsil almağa şərait yaradacaq, dolanışığı təmin edəkən digər qayğıları düşünməməyə yardım edəcək bir mövhum idi.

Ev bizim müharibənin bədbəxtliyindən az da olsa ovudacaq bir mövhum idi..."