Hepatit C - Statistika və Reallıq

Müəlli̇f: Nazakat Zeynalli

21.03.16
A.S. (şərti ad) hepatit C-yə yoluxduğunu 3 il əvvəl öyrənir. 80 kiloqram çəkisi olan xəstədə birdən-birə iştahsızlıq, qusma, oynaq və əzələlərdə ağrılar, ayaqlarda şişmə, çəkinin azalması, ətdən iyrənmə kimi hallar başlayır. Həkimlər uzun müalicələr aparırlar, mədəni yoxlayırlar, xəstəyə nevroloji müalicə, vitaminlər təyin edirlər, lakin aparılan müalicələr heç bir effekt vermir. A.S-nin çəkisi azalmağa, halı pisləşməyə davam edir. Bir həkimin məsləhəti ilə A.S. Bakıda Hepatit C analizi verir və müsbət cavab alır. İrana müalicəyə  gedən xəstə orada həkimin növbəsinə yazılan  5502 azərbaycanlı xəstə olduğunu söyləyir.
 

 Hepatitli xəstələrin sayı

Statistika Komiitəsinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda 435 viruslu hepatitə yoluxma halı qeydə alınmışdır. Səhiyyə Nazirliyi nəzdində Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvü, professor Həqiqət Qədirova  da rəsmi statistikaya əsaslanaraq bildirir ki, Azərbaycan hepatitin yayılmasına görə dünyada orta səviyyədə dövlətlər sırasındadır. Hepatoloq Könül Mahmudova isə Azərbaycanda hepatitli xəstələrin dəqiq sayının məlum olmadığını qeyd edir.

 

 Müalicə neçəyə başa gəlir?

H.Qədirova Hepatit C-nin ən geniş yayılan və ağır sayılan 1-4-cü genotipin 48 həftəlik müalicəsinin təxminən 5020 manata başa gəldiyini qeyd edir.

 

Adının çəkilməsini istəməyən 70 yaşlı hepatit xəstəsi E.R. Sovaldin adlı dərmana 12.500 manat verdiyini, onun yeni çıxan analoqunun isə 970 manat olduğunu söyləyir.  E.R. 270 manat təqaüdlə hepatit dərmanlarını almanın qeyri-mümkün olduğunu əlavə edir.

Xəstələr arasında söhbətdən məlum olur ki, Bakıda 1600 USD-yə satılan Hepsinatın Moskvada 3 qutusunu 1200USD-yə əldə etmək olar. Bəzi xəstələr isə müəyyən dərmanları Banqladeşdəki farmasevtik fabrikdən birbaşa sifarişlə gətirdiklərini söyləyirlər. 

Hepatoloq Könül Mahmudova Azərbaycanda bütün xərclərin xəstənin özü tərəfindən ödənildiyi üçün müalicə kursunun qiymətini söyləməyin çətin olduğunu söyləyir. Belə ki, müalicədə brend molekullar və onların cenerikləri istifadə olunur.  K.Mahudova nisbətən ucuz başa gəldiyi üçün daha çox Misir və Hindistan istehsalı olan cenerik molekullardan (dərmanlar) istifadə etdiklərini söyləyir.

 Bərabər İmkanlar Mərkəzi İctimai Birliyinin sədri Rafiq Məmmədhəsənov qeyri-hökümət təşkilatlarının (QHT-lərin) hepatit, İİV və QİCS xəstəliklərinin müalicə və profilaktikasında əhəmiyyətli rol oynadığını qeyd edir. R.Məmmədhəsənov son dövrdə QHT-lərin proseslərdən uzaqlaşdırılmasının və xəstəliklərlə mübarizənin başlıca olaraq dövlətin səhiyyə qurumları tərəfindən aparılmasının ümumilikdə cəmiyyətə zərər verdiyini qeyd edir.