Azərbaycanın yaşıl təpələrində qaranlıq

Müəlli̇f: Sevinc Vaqifqizi, Əziz Kərimov

23.11.17

Hər tərəfi yamyaşıl, evləri dövrəyə alan dağlar, qapılarının lap yaxınlığından keçən çaylar adama burada yaşayanın dərdi yoxdur dedirdir. Amma bu dağların ətəyində yaşayan 40 ailə elə problemlərdən uzaq düşmək üçün buranı tərk ediblər.  

Cəmi 4 ailəlik Astaranın Səkəşam kəndi 1990-cı illərin əvvəllərindən işıqsızdır. Burada yaşayanlar deyir ki, həmin illərdə meşədəki ağaclar kəsilərkən budaqlar naqillərə ilişib və onları yerlə bir edib. O gündən bu günə düzəldəcəyik deyiblər, amma sakinlər hələ də lampa işığının ümidinə qalıblar.

Kəndin sakini 80 yaşlı Cahan Əliyeva deyir ki, gün ərzində bişirdiklərini həmin gün yeyib bitirməsələr, xarab olur.  

 

Dörd ailə telefonlarını elektrik enerjisinə qoşmaq üçün bir neçə kilometr uzaqlıqdakı kəndlərə düşürlər. Gedəndə özləri ilə lampa, radio da aparırlar ki, onları da elektrikə qoşub, evə qayıdanda dünyada baş verənlərdən xəbər tutsunlar.

Hər evin odun sobası var. Bir də hər otağın işıq lampası. Sakinlər nə vaxtsa işıq yanar deyə lampaları çıxarmırlar.