Azərbaycan Molokanları Rusiyaya doğru...

Müəlli̇f: Şahin Xəlil

14.12.18

Bu, böyük bir yerdəyişmə idi. Anna Sergeyevna Azərbaycandan yır-yığış edərək 2720 sakini olan doğma İvanovka kəndininin kiçik küçələrini tərk edib, 12 milyonluq, nəhəng xiyabanlı meqaşəhər Moskvaya üz tutanda 18 yaşında idi.

“Çətin bir yerdir, təsvir etmək çətindir. Ailəmin yanımda olmağını istərdim, Rusiyada mənimlə qalmağını. İvanovkaya ildə iki dəfə baş çəkirəm. Hiss edirəm ki...”, 23 yaşlı Anna dərindən nəfəs alır.

Sergeyevna Azərbaycanda doğulub-böyümüş molokandır. O və digər bir çox molokan gənc öz ehtiyaclarını Azərbaycanda qarşılaya bilmədikləri üçün ölkəni tərk etməli olublar. Rəsmi statistika olmasa da, azalmaqda olan molokan icması təhsil və iş imkanları axtaran gənc üzvlərinin ölkədən kütləvi köçü ilə üz-üzə qalıb.

İvanovka Azərbaycandakı molokanların yaşadığı ən məşhur kənddir. Molokan ruslar Azərbaycan ərazisinə XIX əsrin birinci yarısında köçüblər. Molokanlar xristianlığın pravoslav qolundandırlar. Lakin onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçirirlər. Pəhriz zamanı heyvan əti yeyib, süd içən bu icmanın adı – molokanlar “süd içənlər” mənasını verir. Çar tərəfindən “Andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul etməyən” bu insanlar dini fikir ayrılığına görə 1836-cı ildə Rusiyanın bir neçə quberniyasından Qafqaza sürgün edilib. Beləcə, regionun ən böyük köç dalğalarından biri nəticəsində onlar Azərbaycanda məskən salıblar.

Sovet İttifaqının son illərində İvanovka köhnə ənənələrini qorumağa çalışıb və dünyanın sonuncu kolxozunu davam etdiriblər. Lakin kollektivizmə əhəmiyyət verən bu aqrar icma üçün kolxoz geniş mənada sıradan çıxmışdı, bu isə öz növbəsində digər problemlərlə müşayiət olunmağa başladı, nəticədə yeni bir miqrasiya dalğası meydana gəldi – bu dəfə isə Rusiyaya dönüş. 

“Kənddə həyat maraqlı idi, lakin çox çətin idi. Mən çox işləməli və valideynlərimə kolxozda və ev işlərində kömək etməli olurdum”, deyə Sergeyevna izah edir. “Özümü inkişaf etdirmək üçünsə Azərbaycandan çıxmaq istəyirdim”.

Köhnə taxta evlərin – bir çoxunda “Satılır” elanı da vurulub – arasıyla kəndi gəzərkən küçələrə hakim olan səssizliklə üz-üzə qalırsan. Gözə dəyənlərin çoxu isə yaşlı sakinlərdir.

37 yaşlı Anatoli Vetrov 8 uşaqlı ailənin oğludur, İvanovkada yaşamağa davam edən yaşı 40-dan az olan şəxslərdəndir. Yaşayan bacı-qardaşlarının hamısı Rusiyaya köçüb.

“Mən burdan köçmək istəmirəm. İstəyim yoxdur, heç yoxdur”, Vetrov deyir. “Məni dəvət edirlər Rusiyaya, gedirəm qonaq kimi, bir ay qalıram. Amma birdəfəlik oraya köçmək istəmirəm”. 

Vetrovun gözdən əlilliyi var, uşaqlığında atdan yıxılarkən aldığı travma nəticəsində gözünün birində görmə qabiliyyəti itib. Vetrov işsizdir, yeganə gəliri əlilliyinə görə aldığı müavinətdir. Bir də meyvə-tərəvəz əkdiyi həyətyanı sahəsi və toyuq-cücəsi gündəlik qida tələbatının ödənməsi üçün yetir.

Kənddə iş imkanları çox azdır, təhsilin keyfiyyəti isə gənc nəsil molokanların narahatlığına səbəb olan faktorlardandır.

SSRİ zamanı ictimai həyatda hakim olan və üstün bir statusa malik rus dilinə münasibət artıq əvvəlki kimi deyil. Mətbuatda gedən məlumatlara görə, Azərbaycanda 3280 orta məktəbdən sadəcə 340-da rus dili bölməsi fəaliyyət göstərir. Rus dilli məktəblərin varlığı isə mütəmadi olaraq siyasi fiqurlar və sosial media fəalları tərəfindən müzakirə mövzusuna çevrilir. Rus dilinə münasibətin mənfiyə doğru dəyişməsinin də molokanlar arasında psixoloji narahatlığa rəvac verdiyi müşahidə olunur.

“Rus dilinə münsibət heç də həmişə müsbət deyil. Bunun geniş vüsət aldığını hiss edirik”, deyə Sergeyevna bildirir.

Anastasiya Minnikova, digər molokan immiqrant da bunu təsdiqləyir. Moskvada “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetində oxuyan 23 yaşlı Anastasiya Rusiya dövlətinin xarici vətəndaşlar üçün təklif etdiyi təqaüd proqramından yararlanaraq pulsuz təhsil hüququ əldə etmiş 15000 gəncdən biridir. Bu proqrama Azərbaycandan müraciət edənlərin sayında artış müşahidə olunmaqdadır – 2015-ci ildə 145 nəfər, 2016-cı ildə 197 nəfər, 2017-ci ildə isə 200-dən çox Azərbaycan vətəndaşı bu proqrama seçilməklə Rusiyada pulsuz təhsil almağa gedblər. 

“Mən əsl təhsil almaq istəyirdim. Yüksək keyfiyyətli”, 17 yaşında İvanovkanı tərk etmiş Minnikova deyir. “Təhsildə korrupsiya mənim ordan çıxıb getməyimdə rol oynayan əsas faktor oldu. Mən görürdüm ki, imtahanlardan keçmək üçün nə qədər insandan rüşvət alınırdı”.

Yaxşı təhsil almaq əsas istəyi olsa da, Minnikovanın Azərbaycandan getmək qərarında rol oynayan amillərdən biri də cəmiyyətdə patriarxal dəyərlər məsələsi idi.

“Qadınlara qarşı ayrı-seçkiliyi ilk dəfə orta məktəbdə gördüm. Müəllimlə bir mübahisə yarandı və mənə dedi ki, sən kimsən, qız uşağısan və məntiqli arqument irəli sürə bilmirsən”, Anastasiya xatırlayır.

O, iş imkanları baxımından da kişilərin üstün mövqeyə malik olduğunu bildirir. “Rəfiqəm Bakıda işə düzəlməyə çalışırdı, onun istədiyi işə girmək üçün nə qədər mübarizə apardığını gördüm. Hər dəfə də kişi müraciətçilərə üstünlük verilirdi”. 

Öz icmasını tərk edən bir kütlə ilə bağlı bir narahatlıq da üzə çıxır: onsuz da azlıq təşkil edən molokanlar bu köçlər nəticəsində ənənələrini itirəcəkmi? Sergeyevna düşünür ki, xeyr.

“Moskvaya köçsəm də, mənə verilən təlim-tərbiyəni burda da davam etdirirəm. O dəyərləri özümdə  saxlayıram. Moskvada bir müddət molokanların ibadət evinə gedib-gəlirdim, burdakı molokan icması ilə mütəmadi əlaqə saxlayırdım. Bizim dəyərlərimiz qəlbimizdə qalır, həmişə. Harda yaşamağından asılı olmayaraq daxili inanc yaşayır. Onu həyatımızdan silib atmaq mümkün deyil”.

Sergeyevna ailəsini özü ilə Moskvaya aparmaq arzusunda olsa da, onların Azərbaycanı tərk etmək istəməməsini də başadüşülən hesab edir.

“Ora onların vətənidir. Orda özlərini yaxşı hiss edirlər, orda xoşbəxtdirlər. Mən qarışıq hisslər keçirirəm, bir tərəfdən onların mənimlə gəlməsini istəyirəm, digər tərəfdən görürəm ki, onlar həqiqətən də orda özlərini xoşbəxt hiss edirlər. Əgər şərtlər dəyişsə və gələcəkdə karyera qurmaq imkanları yaransa, Azərbaycana qayıda bilərəm”, deyir Sergeyevna.

Vetrovun da bacı və qardaşları onu tez-tez Moskvaya köçməyə səsləyirlər. Çifayda.

“Tez-tez eyni sualı verirlər, səni orda saxlayan nədir? Mən də deyirəm, burda qalmaq istəyirəm, çünki bura mənim vətənimdir. Burda doğulmuşam, burda da yaşayacağam”.

İvanovkada qalanları daha ətraflı dinləmək üçün Şahin Xəlilin video materialını izləyin.