Tullantıdan İncəsənətə…

Müəlli̇f: Gülər Mehdizadə, Sultana Əhmədbəyli

03.06.19
Buraxılış: Bizim Habitat

Çoxlarının zibil gördüyü yerdə 29 yaşlı rəssam Nəzrin Musayeva fürsət görür.

Çirklənmə səviyyəsinin yüksəlməsilə azərbaycanlılar, xüsusilə də gənc nəsillər ekoloji məsələlərin vacib olduğuna diqqət çəkməyə, bununla daha çox maraqlanmağa başlayıblar.

Artan plastik tullantıların həcmi xüsusilə narahatlıq yaradır. Rəsmi statistikaya əsasən, hər il ölkədə adambaşına təxminən 24 kiloqram plastik tullantı düşür. Digər tərəfdən, Prezident İlham Əliyev fevral ayında plastik tullantılarının Azərbaycandakı təsirinin azaldılmasına dair iki illik dövlət proqramı imzalayıb. 

Plastik təhlükəsi, xüsusilə sellofan torbalar rəssam Nəzrin Musayeva üçün təzə xəbər deyil.

“Xəbərlərdə, verilişlərdə polietilen paketlərin xüsusən suda yaşayan canlıların başına nə oyunlar açdığını görürük. Bu görüntülər mənim üçün faciədir, görəndə unuda bilmirəm. Problemdən çıxış yolunu özlüyümdə polietilen tullantıların toplanmasında tapmışam. Küçədə, bayırda, ağacın başına ilişib qalmış bütün sellofanları toplayıram”.

Paytaxt Bakıda yaşayan Musayeva on ildən artıqdır ki, plastik tullantıları toplayır. Azərbaycan Rəssamlıq Akademiyasının məzunu olaraq o, cəmiyyətin çirklənmə ilə bağlı passivliyinə meydan oxumaq üçün yığdığı tullantılardan sənət əsərləri yaratmaq üçün istifadə edir.

Tullantılardan ən çox zərər görən dəniz canlıları olduğu üçün, Musayevanın ən böyük işi sellofan tullantılardan hazırladığı mürəkkəb balığıdır. Bu iş səkkiz aya başa gəlib - tullantıların toplanması üçün dörd ay, rəsm yaratmaq üçün də dörd ay vaxt gedib.

Musayeva topladığı siqaret kötüklərindən də rəsm əsəri yaradıb. Bu əsər indi Bakı Qala Muzeyində nümayiş olunur. O, bu işlərin insanların diqqətini çəkəcəyinə ümid edir. 

“Çünki bizim düşünmədən etdiyimiz səhvlər başqa canlıların həyatına qəsd edir. Televiziyada göstərirdilər ki, suitilərin həyatını xilas etmək üçün onların ağzını cırıb həmin sellofan tullantıları çıxarırlar. Onlar necə əzab çəkirdilər. Heç olmasa, bunlara baxıb, bir az diqqətli olmaq olar. Planetdə bizim olduğu kimi, heyvanların da yeri var. Bir-birimizi düşünüb yaşamalıyıq. Heç olmazsa, zibilləri yerə atmamalıyıq”.

Nəzrini gördüyü işə görə təqdir edənlərlə bərabər, anlamayanlar da olur. Deyir, qonşular, tanışlardan tez-tez eşidir -  “bu nə işdir e görürsən, işin-gücün yoxdur, küçədən zibil toplayırsan. Get komputerdə işlə, gül kimi işin var”.

“Ən azından mən nəsə edirəm. Heç nə etməyənlər, üstəlik, bu, azmış kimi təbiəti çirkləndirənlər, tullantılarını hara gəldi atanlar utansın”, Nəzrin vurğulayır.

Təbiət Dostları Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü Nuray İsmayılova deyir ki, Azərbaycanda ekoloji maarifləndirmə istiqamətində həm dövlət strukturları, həm də QHT-lər müəyyən işlər görür, amma onların sayı və effektivliyi elə də yüksək deyil. Əvvəla, bu fəaliyyətlər kiçik kütlələrə xitab edir. Bundan əlavə, o qeyd edir ki, belə fəaliyyətlərin formatı əsasən oxşar olur - ağac əkmək və təmizlik aksiyası tipli.

“Əlbəttə ki, bu işlər görülməlidir. Lakin məlumatlandırmanın artırılması üçün yeni yollar lazımdır. Əks təqdirdə, belə bir fikir yaranır ki, təbiəti sevmək və qorunmaq yaşıllaşdırma və həmin əraziləri təmiz saxlamaqdan ibarətdir”, İsmayılova deyir.

Azərbaycanda çətinliklərdən biri kimi o da qeyd olunur ki, əhalinin böyük əksəriyyətinin məşğul olduğu o qədər məişət problemləri var ki, ətraf-mühit məsələsi arxa planda qalır. 

“Əhalinin rifah səviyyəsinin aşağı olması da bu problemlərin artmasında böyük rol oynayır. Gündəlik ehtiyaclarını çətinliklə ödəyən insan yalnız özü və ən yaxınlarının tələbatları haqqında fikirləşir. Onlardan qlobal istiləşmə, meşələrin qırılması kimi məsələlər haqqında fikirləşməyi gözləmək olmaz. Amma insanlar, ən azından, küçəyə zibil atmağın fəsadları, meşələrdə, su hövzələrində yaranan fəsadlarla bağlı maarifləndirilməlidirlər ki, heç olmasa, bu ən sadə ekoloji təmizlik qaydasına riayət olunsun”.

42 yaşlı Fərhad Əliyev bu fikirlərlə razılaşır.

Əliyevə təbiət sevgisi doğulduğu gün onun adına ağac əkən atasından keçib. Deyir, o doğulanda atası Cəbrayılın Karxulu kənd mərkəzində onun adına xan çinarı əkib. Bu çinar o qədər böyüyüb ki, camaat kölgəsinə toplanırmış. Beləcə, ağacın olduğu yer zamanla kəndin mərkəzinə çevrilib.

Əliyev öz həyat tərzi ilə təbiətin çirklənməsi haqqında məlumatlılığı artırmağa çalışır. İngilis dili müəllimi, “Yaşıl Adam” olduğunu deyir və yaxın məsafəyə və işə getmək üçün velosipeddən istifadə edir.

O, bel çantasında “Zibili qabına ataq” şüarıyla velosiped gəzintilərinə çıxır. Fərhad Əliyev deyir ki, Sumqayıt-Bakı marşurutu üzrə velosiped sürərkən maşınların tullantıları yol kənarına atdığının şahidi olurmuş. 

“Uşaq idim, amma yadımdadır, əvvəl  insanların tor kimi setkaları olurdu. Marketə gedəndə aparırdılar. Çox istəyərdim ki, indi də insanların evində market torbaları olsun. Bir xeyli adam bunu etsə, təbiətə nə qədər töhvə verər”.

Onun gündəlik fəaliyyətinə reaksiyalar fərqlidir: “Yaxşı ki, bu mesajı verirsiz” deyirlər. Bəzi insanlar isə saxlayıb ‘zibil qabı yoxdu axı, bəs hara ataq?’ soruşurlar. İnsanlar bəzən düşünürlər ki, ətrafımızda həmişə zibil qabı olmalıdır. Yoxdursa, yerə atmaq lazımdır. Elə deyil axı. Sən evində zibil qabı olmasa zibili yerə atarsan, yoxsa başqa alternativ düşünərsən? Küçədə də bunu düşünmək lazımdır. Yoxdursa, zibili çantana qoy, zibil qabı görəndə atarsan və yaxud maşında saxla”.

Fərhad ümidlidir ki, insanlar onu və onun şüarına diqqət yetirəcək və ətrafı zibilləməyi dayandıracaqlar.

“Belimdə bu şüarla gəzirəm. Bəlkə, görüb utananlar, ətrafa zibil atmağı tərgidənlər olar. Nəsə etmək, faydalı olmaq məni xoşbəxt edir”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin