Hər yeni nəslin özünəməxsus qayğıları və ya narahatlıqları var. " Chai Khana"nın "Gənclər" foto layihəsi Azərbaycan, Ermənistan, Gürcüstan və Danimarka gənclərinin qayğılarını, problemlərini təsvir edir: onların heyvanlara olan qayğıları, yaxınlarının psixi sağlamlığı və doğma şəhərlərinin taleyi, eləcə də onların keçmiş münaqişələrə dair xatirələrini qorumaq, adət-ənənələri qorumaq və bütün digər azadlıq adaları yoxa çıxdıqda musiqidə azadlıq tapmaq cəhdləri.
Fotoqrafların işləri Tbilisidə sərgidə nümayiş etdirildikdən sonra vebsaytımızda və Instagram hesabımızda təqdim olunur.
Foto-layihə Yeni Demokratiya Fondunun dəstəyi ilə Kulbroen və Chai Khana tərəfindən hazırlanmış dörd aylıq mentorluq proqramı nəticəsində ərsəyə gəlib.
Təlimçilər: Mano Svanidze və Bencamin Norskov
Tim Bertram, Danimarka
Heç vaxt tükənməyən sevgi
Danimarkada valideynləri psixi xəstəliklə mübarizə aparan 300 000 uşaq var. Başqa sözlə, hər məktəb sinfinə orta hesabla dörd belə uşaq düşür. Biz bilirik ki, yerkökü, vitaminlər və süd orqanizmi güclü saxlayır, lakin emosiyalarımıza nəzarəti itirdiyimiz zaman nə etməliyik? Bu sualın cavabını müəyyən etmək daha çətindir. Amma cavab olaraq bu foto-layihəni hazırladım - atam, onun ruhi xəstəliyi və onunla münasibətim haqqında. Atam bipolyardır və bu yaxınlarda ona prostat xərçəngi diaqnozu qoyulub.

Mariam Ambroladze, Gürcüstan
Meşənin ürəyi
Bu foto hekayə meşənin mərkəzində yerləşən kiçik bir şəhərin - Tkibuli şəhərinin həyatını sənədləşdirir. Fotoqraflar Tkibulini tez-tez çəkirlər, lakin o fotoşəkillərdə hər şey əsasən boz rəngdədir - müsbət və parlaq şeylərə əhəmiyyət verilmir. Mənim fotolarım insanların həyatını, düşüncələrini, arzularını və Tkibuli haqqında hisslərini əks etdirir.



Roza Tiedye Lokken, Danimarka
Ya yenisi, ya da heç vaxt
Mən 1-ci sinifdə oxuyanda doğma şəhərimdə orta temperatur 8 selsi idi. 17 yaşım olanda bu rəqəm 9,5 olmuşdu. Bu foto seriyada mən Danimarka qida sənayesində yeni və alternativ həll yolları, eləcə də ətraf mühiti yaxşılaşdırmaq üçün necə yeni həyat tərzi yarada biləcəyimizi araşdırıram.

Mariam Kartvelişvili, Gürcüstan
Narahat birgəyaşayış
-Tık-tık. Kimdir orda?
-İNSANLAR
Heyvanlar haqqında danışarkən insanlar iki yerə bölünür: qayğı göstərən insanlar və onlara əhəmiyyət verməyən insanlar. Bu foto seriyada birlikdə yaşamağın nə olduğunu araşdırıram.



Nikoloz Miruaşvili, Gürcüstan
Bu güllə dəliklərinin yox olmasını istəmirəm!
2008-ci ildə Rusiya Gürcüstanı işğal etdi və sonradan bu hadisə 2008-ci il Rusiya-Gürcüstan müharibəsi kimi yad edilməyə başladı. Müharibənin ən mühüm hissələrindən biri rus hərbçiləri tərəfindən Qori şəhərinin bombalanması və işğalı oldu. Bu dövrdə Qori əhalisinin demək olar ki, hamısı qaçmağa məcbur oldu – onlar nə vaxtsa geri qayıdıb-qayıtmayacaqlarını bilmirdilər. Bu hadisə nəticəsində Qoridə yeniyetmələr daimi travma mühitində böyüyüb.



Davit Kavkasyan, Ermənistan
“İyirmi səkkiz”
“Marşrutka” kimi tanınan mikroavtobuslar mümkün qədər çox sərnişin daşımaq üçün tez-tez əsas yoldan yayınırlar. 18 yaşlı fotoqraf Davit Kavkasyan üçün marşrutkalar uşaqlıq illərindən əlamətdar bir xatirədir, çünki bir zamanlar Yerevanda istifadə etdiyi yeganə nəqliyyat vasitəsi olub.
Marşrutkaların gələcəyi yeni şəhər planı fonunda təhdid altındadır deyə, fotoqraf bu nəqliyyat növünün Ermənistan cəmiyyətindəki rolunu foto-esse ilə əbədiləşdirməyə çalışır.

Selcan Hacı, Azərbaycan
Bu, son olmasın
Azərbaycanlıların çoxunun dincəlməyə, sənətlə məşğul olmağa, evdə oturub musiqi dinləməyə, bahalı konsertlərə getməyə vaxtı yoxdur. Onlar gündəlik ağır qayğılar altındadır, hətta bəzən istirahət etmək və musiqidən həzz almaq üçün imkanları belə yoxdur.
Bu foto hekayədə ətrafımdakı musiqisevərləri və musiqinin onların həyatında necə mühüm rol oynadığını təqdim edirəm.



ianə verin