Qısa zamanda müalicə almasa sağlamığını itirəcək

Müəlli̇f: Əziz Kərimov, Kamran Mahmudov

21.12.15
Buraxılış: Migrasiya

Laçın rayonundan olan məcburi köçkün Asif Allahverdiyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədə aldığı güllə yarası illər ötükdən sonra onun ayaqlarının tutulmağına səbəb olub.

Asif deyir ki, əvvəllər hər şey qaydasında gedirdi.

“Kamaz sürürdüm. Ailəmi dolandırırdım. Ta ki 2004-cü ilə qədər.”

Sabiq döyüşçü 1988-1992-ci illərdə müharibədə olub. 1992-ci ildə ombasından yaralanıb. O vaxtdan başlayan köçkünlük həyatı, ailə-uşaq qayğıları yarasını unutdurur, üstünə düşmür.

2004-cü ildən ayaqları yavaş-yavaş tutulmağa başlayıb. Mümkün qədər müalicə etdirsə də indi əlindəki əsa ilə birtəhər gəzir. 2011-cü ildən əlilliyə görə pensiya alır.

“Hökumətimizdə günah görmürəm. Arxasınca düşmədim. Qarabağda döyüşsəm də  Qarabağ  əlili hesab olunmuram. Mənə xəstəliklə bağlı təqaüd kəsildi”.

Asif Allahveridyevin sözlərinə görə ona əvvəlcə 148 manat pensiya kəsilib. Sonra  təqaüdü yavaş-yavaş artaraq 170 manata çatıb. 6 nəfərlik ailənin tək gəliri həmin bu təqaüddür.  Amma onu da tam olaraq ala bilmədiyini deyir.  

Deyir hökumətin verdiyi imtiyazlar, bu təqaüd  və dost-tanışın köməkliyi olmasa 6 nəfərlik ailəni 86 manatla dolandırmaq olmaz.  

“Ailədə 6 nəfərik. Hamısına mən baxıram. Oğlumun biri hərbi xidmətdən yarımçıq qayıtdı. Yararsız hesab olundu. Digər oğlum isə qəzaya düşdü.  Onun bir qolu işləmir. İndi sağlam adamlar iş tapa bilmir. Qaldı ki, mənim  oğlanlarım.”

Deyir bankdan borcu da oğlunun müalicəsi üçün götürüb.

“Oğlum qəzaya düşəndə məcbur qalıb bankdan pul götürdüm. Ayda pensiyamdan 84 manat pul tuturlar. İndi banka təxminən  1400-1500 manat borcum qalıb.”

Asif həm də ayaqlarının dərdini çəkir. Deyir əgər pul olsaydı ayaqlarım tutulmazdı.  

“Ayaqlarımın müalicəsi var. Amma maraqlanan yoxdur. Mənim də bu müalicəni etdirməyə imkanım yoxdur”.

 

Asif ehtiyat edir ki, birdən ayaqları tamamilə tutular və müalicə üçün gec ola bilər.  Düşünür ki, Qarabağ döyüşçüsü kimi yaralandığına görə bəlkə onu da başqaları kimi dövlət xətti ilə müalicəyə göndərərlər və Qarabağ veteranı kimi təqaüd kəssələr üstündən yük götürülər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Elman Babayev bildirdi ki, Qarabağ əlili olduğunu təsdiqlətdirmək üçün Asif Allahverdiyev ilk növbədə Müdafiə Nazirliyinə müraciət etməlidir. Müdafiə Nazirliyinin  Həkim-tibbi komissiyası onun arxiv sənədlərini qaldıraraq Qarabağ döyüşlərində yaralandığını təsdiqlədikdən sonra Asif Allahverdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirdi ki, Asif Allahverdiyev nazirliyə müraciət etdikdən sonra onun sənədlərini araşdırmaq mümkündür.  “Əgər onun dedikləri və Qarabağ döyüşlərində yaralanması təsdiqini taparsa, nazirlik Asif Allahverdiyevə həm müalicə olunması, həm də Qarabağ əlili kimi qeydiyyata düşməsi üçün aidiyyatı orqanlara yönəldəcək,” Dərgahlı əlavə etdi.

 

Asif Allahverdiyevlə görüşdən ayrılanda o da əsasını götürüb yola çıxmağa hazırlaşırdı. Hara gedəcəyini soruşanda pensiya kartını göstərdi.  “Pensiyanın verilmə vaxtıdır. Gedim bankomata, görüm keçiriblərsə evdəkiləri sevindirim.”

 


Bu məqalə "Beynəlxalq Həyəcan" təşkilatının "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi "Beynəlxalq həyəcan" və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin