KƏLAĞAYİ FƏLSƏFƏSİ

Müəlli̇f: Samra Sadraddinli

08.05.16
Buraxılış: Adət-ənənə

Əmiraslan Şahinov 30 ildən çoxdur ki, Şəkidə kələğayı istehsalı ilə məşğuldur. Dediyinə görə, bu sənətlə məşğul olmaq onun üçün vacibdir, çünki valideynləri, özünün dediyi kimi dədə - babası da bu işlə məşğul olub.  

Kələğayı Azərbaycanda ipəkdən hazırlanan, üzərində xüsusi naxışlar olan, milli geyim növüdür. 90-cı illərə qədər toy və nişan şənliklərində xüsusi ilə istifadə olunan bu baş örtüyü keçid dövründə öz populyarlığını bir qədər itirsə də, Azərbaycanda yeganə ipək sexinin sahibi olan usta Əmiraslan bu sənəti qorumağa və davam etdirməyə çalışır.

Sovet dövründə Azərbaycanda, Şəki, İsmayıllı, hətta Gəncə öz kələğayıları ilə məşhur olub, amma Şəki də bunun ənənəsi var deyir, Əmiraslan Şahinov.

Kələğayının hazırlanması bir neçə prosesdən keçir; əvvəlcə ipəyin üzərinə kannifor və parafindən hazırlanmış yağdan naxışlar qoyulur.

“Bu ona görə edilir ki, yağın altına rəng keçməsin. Kələğayı rənglənəndən sonra, yağlar qaynar suda yuyulur. Bu iki rəngli kələğayılar üçün vacibdir. Kələğayılar dörd-beş, hətta səkkiz rəngdə ola bilər. Rəngləri isə özümüz istehsal edirik”.

Artıq bu sənətə marağın itməsindən şikayətlənən kələğayı ustası ölkə rəhbərliyi tərəfindən dəstəyin vacib olduğunu deyir:

“Alver zəif gedir. Baramaçılığın bərpasına başlamaq haqqında danışırlar, amma bunun nə vaxt baş verəcəyi haqqında dəqiq vaxt deməyiblər. Keçən ilə qədər Şəkidə ipək şirkəti var idi, indi ora dayanıb. Bu orada işləyən fəhlələr daxil, hamıya ziyan vurdu. Rəhbərliyin dəstəyi olmasa çox çətindir”.

 

“Axır vaxtlar xaricilərin də marağı artıb. Kələğayı 2014-cü ildə UNESCO-nun mədəni irsi siyahısına daxil edildi. Turist mövsümündə isə işlərimiz, xüsusilə yaxşı gedir”.

Kiçik kələğayı sexində Əmiraslan bəylə birlikdə iki xanım çalışır. Dediklərinə görə, hər ikisinin burada 30 ildən çox təcrübəsi var. Kələğayı sənətini qorumağa çalışmasına baxmayaraq, gənc şəyirdləri olmayan Əmiraslan bəy bunu davamlı gəlirin olmaması ilə izah edir:

“Bu çox çətin və ağır sahədir, çünki bütün proses əl işidir. Üstəlik də daimi iş olmur, kimisə işlətmək və öyrətmək üçün iş olmalıdır. Xüsusi dövlət tədbirləri və şənliklər olanda sifariş gəlir”.

Əmiraslan bəy deyir ki, bir kələğayının hazırlanması 20 manata başa gəlir, satışı qiyməti isə 40 manatdır. Maraqlısı odur ki, Şəkidə və Bakının İçərişəhər adlanan hissəsindəki mağazalarda kələğayıların qiymətləri fərqli və əsasən bah olur. Əmiraslan bəy izah edir ki, onların arasında Çindən gətirilmiş şablon kələğayılar da ola bilər.

“Necə ki xalçalarımız sintetikə keçdi, kələğayılar da eləcə. Çinlilər nümunəni götürüb, ona uyğun istehsal edirlər, təbii ki, onlar ipək deyil”

Kələğayının üzərindəki naxışların anlamı haqqında xüsusi məlumatı olmayan usta Əmiraslan, butanın keçmişdə möhür kimi istifadə olunduğunu deyir.

 

 

 

Psixoloq Rəna İbarhimbəyova kələğayılar mövzusunu uzun müddət araşdırıb. O 2011-ci ildə TEDx Bakı-dakı çıxışında, kələğayının insan həyatını təsvir etdiyini iddia edib;

“Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir.  Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir”.

Azərbaycan ipəkçiliyin inkişafını kələğayı istehsalı ilə birbaşa bağlı olduğunu qeyd edən Rəna İbarhimbəyova, adıçəkilən baş örütüyünün həmişə ən vacib geyimlərdən olduğunu və xüsusilə toylarda qırmızı kələğayıdan istifadə olunduğunu qeyd edir. Belə ki, Azərbaycan toylarında qırmızı kələğayı təkcə gəlinlər üçün istifadə olunmur, toyu olan oğlanın boynuna qırmızı kələğayı atmaq ənənəsi hələ də yaşayır.

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin