Ferrari Kimi Bədən...

Müəlli̇f: Sabina Abubekirova

26.04.19
Buraxılış: Maskulinizm

Güclü əzələn varsa, güclü kişisən – Azərbaycanda bodibildinqlə məşğul olan bir çox gənc belə düşünür. Onlar üçün pəhriz saxlamaq və məşq etmək sağlamlıq məsələsindən daha üstün bir şeyə dəlalət edir: bu, kişilik simvoludur.

Bəziləri iri əzələlərin “əsl kişi” obrazını təcəssüm etdirdiyinə inansa da, sosioloqlar fiziki gücün toksik maskulinlik simptomu olduğundan narahatdırlar.

20 yaşlı Gəncə sakini Vüqar Məmmədov üçün bodibildinq böyük bir şövqdür. İdmanla məşğul olması onu həm də zövq aldığı bir işə yönləndirib: Məmmədov hazırda idman zalında məşqçi işləyir. O, həftənin 4 gününü zalda keçirir və ciddi pəhriz saxlayır.

“Mən məktəb illərindən - 5-ci sinifdə oxuyandan məşq etməyə başlamışam”, o deyir. Vüqarın ən böyük kabusu əzələlərini itirməkdir. “Bir gün yuxudan oyanıb özümü əzələsiz görməyi düşünmək belə, mənimçün böyük sarsıntıdır”.

İri əzələlər Azərbaycanda niyə populyardır? Bununla bağlı xeyli mif var, lakin bodibildinqlə məşğul olanların çoxu bunu belə əsaslandırır ki, yalnız güclü kişi ailəsini kənar təzyiqlərdən qoruya bilmə iqtidarındadır.

Vüqar Məmmədov boş vaxtını əsasən idman zalında dostları ilə keçirir. O, əmindir ki, güclü əzələyə, atletik bədənə malik olmaq maskulinliyin ayrılmaz parçasıdır və əsl kişi fiziki cəhətdən güclü olmalıdır.
Məmmədov intizamlı olmaq və sağlam qidalanma vərdişini inkişaf etdirmək üçün əvvəllər evdə məşq edirdi. Artıq 7 aydır ki, həftədə 4 dəfə, hər dəfə 2 saat olmaqla idman zalında işləyir.
“Mən özümü başqa bir peşədə təsəvvür edə bilmirəm. Heç bir işdə uzun müddət davam gətirməmişəm. Həvəsli olduğum yeganə iş bədənim üzərində işdir, bunu yaxşı bacarıram”, Vüqar deyir.

Gender məsələləri üzrə ekspert Gülnarə Mehdiyeva bildirir ki, idman və sağlam həyat tərzi özü özlüyündə müsbətdir. Lakin, onun fikrincə, idmançı obrazı bir kişiyə “əsl kişi” qiymətini vermək üçün istifadə olunduğu zaman problemə çevrilir.

“Sərt, emosiyaları olmayan, qadınlar üzərində hakimiyyət quran kişinin yeganə “düzgün”, “əsl” kişi obrazı kimi təlqin olunması toksik maskulinlikdir. “Əsl” maskulin kişi homofob olmalı, qadınları yalnız seksual obyekt kimi görməli, idmanı mütləq sevməli, problemləri qol gücü ilə həll etməli, mümkün qədər çox qadınla seksual əlaqə yaşamalıdır. İdman o vaxt toksik maskulinlik nümunəsinə çevrilir ki, güləşçi və digər idmançılar bunu “mən hamıdan güclüyəm, yenilməzəm” mesajını ötürmək üçün edirlər”, Mehdiyeva qeyd edir.

Maskulin qəliblər Azərbaycanda – eləcə də Qafqaz regionunda – kişilərin bir çox şeydən özlərini çəkindirməsini tələb edir. Kişi zəif, həssas, qorxacaq, yaxud yumşaq ola bilməz. Və kişi olan kəs özünə əminliyini itirməməlidir.

“Toksik maskulinliyin qurbanı olan kişilər zəif görünməkdən, xəstəlikləri olanda bu haqda danışmaqdan, kömək istəməkdən qorxurlar”- deyə, Gülnarə Mehdiyeva əlavə edir.

 

Bodibildinq Azərbaycanın çox bölgəsində populyardır. Bərdə şəhərindəki idman zalında məşqçi işləyən Elşad deyir ki, 12 yaşından etibarən oğlanlar məşqə gəlir.
Bərdədəki idman zalının divarlarına tanınmış bodibilderlərin şəkilləri vurulub. Bu şəkillər idman zalının kişilər üçün olduğunu göstərmək üçündür
“Sərt, emosiyaları olmayan, qadınlar üzərində hakimiyyət quran kişinin yeganə “düzgün”, “əsl” kişi obrazı kimi təlqin olunması toksik maskulinlikdir. “Əsl” maskulin kişi homofob olmalı, qadınları yalnız seksual obyekt kimi görməli, idmanı mütləq sevməli, problemləri qol gücü ilə həll etməli, mümkün qədər çox qadınla seksual əlaqə yaşamalıdır”, gender üzrə ekspert Gülnarə Mehdiyeva deyir.
Gülnarə Mehdiyeva deyir ki, maskulinlik nümayiş etdirən kişilərin idmançı obrazını mənimsəmək istəməsi o deməkdir ki, idmana marağı olmayan kişilər "əsl" kişi sıralarından kənardadır. “İdman o vaxt toksik maskulinlik nümunəsinə çevrilir ki, güləşçi və digər idmançılar bunu "mən hamıdan güclüyəm, yenilməzəm" mesajını ötürmək üçün edirlər. Bu da birinci növbədə kişilərin özünə zərərlidir”- deyə o əlavə edir.

25 yaşlı Məmməd İsmayılov hesab edir ki, kişidə zəiflik əlamətləri özünə hörməti itirməyə bərabərdir.

“Heç vaxt qadına zəif cəhətlərini göstərməməlisən. Bir balaca zəiflik gördüsə, hər şey qurtardı, o, sənə hörmət göstərməyəcək. Vaxtilə məndə də belə zəif anlar olub; həmin vaxtkı hisslər keçirdiyim ən pis hisslərdir” –deyə, İsmayılov bildirir.

“Sonradan daha yaxşı həll yolu nə ola bilərdi deyə fikirləşirsən, amma başa düşürsən ki, yox, başqa variantın yoxdur. Yenə də özünə nifrət edirsən, çünki sən kişisən, sən zəif olmamalısan”, o əlavə edir.

Məmməd İsmayılov Bakıda yaşayır, iki il yarımdır ki, davamlı məşqə gedir. Deyir ki, məşqə başladığı dövrdə daha zəif imiş; bullinqlə üzləşirmiş və müəyyən çevrələrdən kənarda qalırmış.

Azərbaycanda, o deyir ki, güclülər həmişə zəifləri hədəf seçirlər.

Bu gün isə o, saatlarla məşq edən biri olaraq, dost-tanışı tərəfindən ciddi və “razborka” vaxtı axtarılan birinə çevrilib.

Bundan əlavə, güclü əzələlərə sahib olması ona özünə inamı artırıb; İsmayılov hesab edir ki, özünəinam çox vacib keyfiyyətdir, xüsusilə Azərbaycan kişilərinin, demək olar ki, hər gün rastlaşdığı müxtəlif mübahisələrdə, davalarda haqlı çıxmaq üçün özünəinam açar rolu oynayır.

Azərbaycan cəmiyyətində kişilər arasında dava isə bir baxışa da bənddir. İctimaiyyət içində göz-gözə gələn iki kişidən kim birinci baxışını kənara çəkərsə, o, uduzmuş hesab olunur. “Gözünü çevirməmək kişinin cəsarətini göstərir, və bu göz davasında məlum olur ki, real dava düşəcək, yoxsa yox”, İsmayılov izah edir.

KİŞİLƏRİN KOSMETİKASI

Bununla belə, İsmayılov qeyd edir ki, onda bodibildinqlə məşğul olmağı xarici görünüşünün qeydinə qalmaq, yaraşıqlı olmaq istəyindən doğub.

“Əzələlər kişi üçün kosmetika kimi bir şeydir. Əzələlərinlə fərqlənirsən, diqqət mərkəzində olursan. Əzələn varsa, adi gəzən ət parçası deyilsən”, o deyir.

Məmməd İsmayılov bildirir ki, idman zalına gedəndən bəri həyatı radikal şəkildə dəyişib. Əvvəllər ciddi qəbul olunmasa da, indi “hətta hansısa axmaq hərəkət etsəm də, ətrafdakılardan hörmət görürəm” – deyə, o vurğulayır.

Deyir ki, iri əzələlər onu həm də qadınlar üçün cəlbedici edib.

“Çirkin xarici görünüşün varsa, heç kəs sənin daxili gözəlliyinə aşiq olmayacaq” – deyə, İsmayılov fikrini əsaslandırır. Əlavə edir ki, yaraşıqlı əri ilə ictimaiyyət arasına çıxmaq arvadının da xoşuna gəlir.

“İki cütlük görüşəndə kişilərdən birinin yaxşı bədəni var və digəri bundan məhrumdursa, ikincinin sevgilisi digər qadına açıq-aşkar paxıllıq edir. Çünki o, öz sevgilisini göstərib lovğalana bilmir”.

 

25 yaşlı Məmməd İsmayılov 2 il yarımdır ki, zalda məşq edir. “Zala getməzdən əvvəl arıq idim. Saçım da az idi, saqqalım yox idi. Çəkinmədən etiraf edə bilərəm ki, bədənimi dəyişdirmək istəyimin əsas səbəbi başqalarının görünüşüm haqqında fikirləri olub. Əlbəttə, özüm üçün də vacib idi. Özümə inamım xeyli artıb. Amma hər şeydən əvvəl başqalarının gözündə yaxşı görünmək istəyirdim”.
“Əvvəllər camaat məzələnirdi mənimlə. İndi isə istənilən axmaq hərəkəti də etsəm, ciddi qəbul edirlər, hörmət göstərirlər. Əzələli kişinin axmaq hərəkəti arıq olanlardan daha rahat qəbul olunur – cüssəsiz olanlara daha aqressiv reaksiya verirlər”, İsmayılov deyir.
İsmayılovun fikrincə, onun əzələləri qadınlar üçün cəlbedicidir. O, qadınların xarici görünüşə əhəmiyyət verməməsinə inanmır. “Çirkin xarici görünüşün varsa, heç kəs sənin daxili gözəlliyinə aşiq olmayacaq” – deyə, İsmayılov fikrini əsaslandırır.
“Əlbəttə, başa düşürəm ki, sırf fiziki gücü var deyə biriylə dost olmağı istəmək axmaqlıqdır. Kiminsə “mühafizəçisi” yerinə qoyulmaq xoş bir şey deyil. Amma bir yerdə çörək kəsdiyin dostun, qardaşın səndən nəsə istəyirsə, yox deyə bilməzdən”.
Kişilər arasında dava sadəcə əlbəyaxa olmaqdan ibarət deyil. Məsələn, ictimaiyyət içində göz-gözə gələn iki kişidən kim birinci baxışını kənara çəkərsə, o, uduzmuş hesab olunur. “Gözünü çevirməmək kişinin cəsarətini göstərir, və bu göz davasında məlum olur ki, real dava düşəcək, yoxsa yox”, İsmayılov izah edir.

FERRARİ KİMİ BƏDƏN

24 yaşlı Gəncə sakini Nicat Əliyev də razılaşır ki, formada olan bədən hamıda həsəd oyadır.

Əliyev bodibildinq sahəsinə futboldan gəlib – o, 10 ilə yaxın futbol oynayıb, lakin sonda bu məşğuliyyəti buraxıb, vaxtını idman zalında əzələ yığmağa həsr etməyə başlayıb.

“Kim istəməz ki Ferrari kimi bədəni olmasın? Ferrari kimi böyük bədən?” Əliyev deyir.

Əzələ şişirtmək onun özünə inamını artırsa da, Əliyevin fikrincə, güclü kişi öz əzələsini zəif olanlara zorbalıq göstərmək üçün istifadə etməməlidir.

“Kişilər adətən bodibildinqə getməzdən əvvəlki fizioloji quruluşlarını göstərən fotolardan utanırlar. Mənim heç vaxt belə kompleksim olmayıb. Fərqi yoxdur hansı bədənə sahibsən - indiki, ya da əvvəlki - əsas odur ki, insan olaraq eyni qalmısan”, Əliyev deyir.

 

“Nə qədər adam tanıyıram, idman zalına müntəzəm getməyə əziyyət çəkir. Mənimçünsə əksinə, idman bir aludəçiliyə çevrilib. Öz iradəmi kəşf etdim bununla. Çox vaxt futbol oynayandan sonra zala getmişəm, sonra evə qayıdıb yeməyimi yemişəm və təzədən zala getmək istəmişəm” - deyə, 24 yaşlı Nicat Əliyev bildirir. O deyir ki, çəkini artırmaq çox çətindir; yağlı, qeyri-sağlam qidanı və şəkəri azaltmaq üçün daim bir pəhrizdə olmaq tələb edilir.
22 yaşlı Fərqan Vəliyev Bakı sakinidir. O, 4 yaşından etibarən əlbəyaxa döyüş növü öyrənməyə başlayıb. Fərqan 10 il güləşlə məşğul olduqdan sonra bir müddət idman zalına getməyi dayandırsa da, sonradan bu fəaliyyətini bərpa edib. “Mənimçün əsl kişi özünə inamlı, cəsarətli və iradəli, hər işini düzgün görən şəxsdir”, o vurğulayır.
Həm Fərqan, həm də Məmməd təsdiqləyirlər ki, davada qazanmaq üçün bəzən əzələ həlledici olmur. “Qarşı tərəf 7-10 nəfərlə üstünə gələ bilər; onlar səndən zəif və cüssəsiz olsa da, sayca çox olduqlarına görə üstünlük onlarda olacaq və əlbəttə ki, döyəcəklər”. “Bir dəfə başıma dəm çayniki atmışdılar. Əgər güclü əzələn varsa və sərt danışırsansa, insanlar aqressiv reaksiya verirlər. Amma normaldır, bəzən sən döyürsən, bəzən də səni döyürlər”, İsmayılov deyir.
“Toksik maskulinliyin qurbanı olan kişilər zəif görünməkdən, xəstəlikləri olanda bu haqda danışmaqdan, kömək istəməkdən qorxurlar. Həmçinin idmanla məşğul olmaq bəzən problemlərin qol gücü ilə həll olunması üçün təbliğ oluna bilir. Yəni kişi yumruğu ilə “başa salmalıdır”, yumruğun güclü olması üçün isə idman lazımdır”- deyə, feminist fəal Gülnarə Mehdiyeva izah edir.
Maskulin qəliblər Azərbaycanda – eləcə də Qafqaz regionunda – kişilərin bir çox şeydən özlərini çəkindirməsini tələb edir. Kişi zəif, həssas, qorxacaq, yaxud yumşaq ola bilməz, kişi olan kəs özünə əminliyini itirməməlidir və s. Oturuşmuş “əsl kişi” meyarlarına cavab verməyənlər isə qısma-boğmaya salınırlar.

Maskulinizm

Aprel/May 2019


 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin