Sonsuzluq: kim müalicəyə getsin, kişi yoxsa qadın?
26 yaşlı Nahid İsmayılov ağlına gətirməyib ki, xəyal etdiyi ailə həyatı ilyarıma sonlanacaq.
Baxmayaraq ki, həyat yoldaşını ailəsi seçib, evliliklərinin ilk ayları xoşbəxt keçib və Nahid ata olmaq arzusunu tez-tez dilə gətirib. Çox keçməyib ki, yeni cütlüyün valideynləri də bu barədə danışmağa başlayıblar.
“Həyat yoldaşım tələbə idi, ana olmaq istəmirdi. Amma mən ata olmaq arzusundaydım, hətta bir neçə dəfə aptekdən “test” alıb gətirmişdim ki, yoxlasın. Həvəsimi görüb həkimə getdi, ginekoloq heç bir probleminin olmadığını dedi”, Nahid danışır.
Bundan sonra problemin onda olub-olmadığını yoxlamaq üçün Nahid həkimə baş çəkir. Həkim ona toxumada zəiflik olduğunu təsdiqləyib. O, iki aya yaxın müalicə olunub, lakin müsbət nəticə əldə etməyiblər.
Nahid deyir ki, həkimlərin qadında heç bir problem olmadığını deməsindən sonra qayınanasının onu danlamağa başlayıb.
“Bu da yoldaşımla münasibətimizin pozulmasına səbəb olurdu. Sonuncu dəfə anama “oğlun kişi deyil” deməsi münasibətlərimizə nöqtəni qoydu. Bundan sonra ayrılmaq qərarına gəldim və boşandıq”.
Nahid İsmayılovun ailəsi sonsuzluq səbəbindən dağılan yeganə ailə deyil.
Sonsuzluq Azərbaycanda boşanmalara səbəb kimi ikinci yerdə gəlir, ondan əvvəlki yeri isə məişət zorakılığı tutur, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov mətbuata deyib.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 2017-ci ildəki məlumatına görə, Azərbaycanda kişi sonsuzluğunun artmasının əsas səbəbi infeksiyalarla yanaşı, stress, endokrin və genetik amillər, ekoloji və sosial vəziyyət, qohumların ailə qurması, düzgün qidalanmama, siqaret, içki, narkotik maddələrə aludəçilikdir.
Mirzəyevlər ailəsi üçün sonsuzluq statistikadan daha böyük bir şeydir. 10 ildir ailə həyatı qurmuş 38 yaşlı Şahin və həyat yoldaşı Təranə illərdir övlad həsrəti çəkirlər. Cütlüyün övladlarının olmamasına səbəb ərin reproduktiv sağlamlığında yaranmış problemlərdir. Ağdamdan məcburi köçkün kimi Bakıda məskunlaşmış ailə illərlə gedən müalicələrdən nəticə görməyib.
“Evləndiyimizin ilk illərində mən uzunmüddətli müalicələr götürdüm. Hətta ara həkiminə də gedirdim. Qayınanam Şahinin müalicəyə getməsinə əsas görmürdü. Deyirdi, o kişidir, heç bir problemi olmaz, bizim nəsildə sonsuz kişi olmayıb. Amma Şahin özü həkimə getdi və problem ortaya çıxdı”, 36 yaşlı Təranə Mirzəyeva danışır.
Şahin Mirzəyevə sperma depolanmasının pozulması diaqnozu qoyulub. İllərlə sürən müalicələrin nəticəsi olmayıb, cütlük süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarına gəlib.
“Bahalı prosesdir, imkanımız yetərli deyil. Allaha pənah, bəlkə nə zamansa problem həll olunar. Şahin müalicə olunur, həkim deyib ki, şansımız var. Olmasa belə, heç bir halda boşanmadan söhbət gedə bilməz. Uşaqsız yaşaya bilərəm, Şahinsiz yox”.
Bakı şəhərinin baş dermatoveneroloqu, tibb elmləri namizədi Təyyar Şükürov deyir ki, problem olanda qadınlar daha tez ginekoloqa müraciət edirlər. Adətən kişilər gedib yoxlanmır, sanki günah ancaq qadınlardadır.
“Halbuki kişilərin reproduktiv sağlamlıqla bağlı problemləri gündən-günə artır” – deyə, Şükürov qeyri-sağlam qidalanmanı və əzələ quruluşunu düzəltmək istəyənlərin qəbul etdiyi qida əlavələrini vurğulayır. “Heç nə fəsadsız ötüşmür. Təbii ki, ailə quranda müayinədən keçirlər, amma çox nadir halda olur ki, oğlanlar ailə qurmazdan əvvəl həkimə gedib yoxlansın, spermmaqramma etdirsin, toxumu yoxlatdırsın və s.”.
Təyyar Şükürov deyir ki, cütlüklər adətən evliliyin 2-ci ilindən sonra həkimə müraciət edirlər. Yoxlama zamanı isə daha çox kişi sonsuzluğu aşkarlanır.
“Bu gün ölkədə sonsuzluğun səbəblərini kişi və qadın arasında bölsək, 50/50-dir. İndiki gənclər oxumurlar, maariflənmirlər. Bəzən 25 yaşında elə oğlan yanıma gəlir ki, heç bilmir cinsi yolla keçən infeksiyalar var”.
Cinsi yolla keçən xəstəliklərə gəlincə, həkim deyir ki, buna əsasən yeniyetmələr arasında təsadüf edilir.
“Xüsusilə əyalətlərdə ailədə bu məsələ tabu hesab olunur, gənclərlə danışmaqdan çəkinirlər. Hətta övlad olmayanda qadını həkimə aparırlar, kişiyə deyirlər, molla yanına get, türkəçarə edirlər və s. Bunların hamısı savadsızlığın nəticəsidir”.
Uroloq Vasif İsmayıl deyir ki, səhv və pis müalicə kişinin də, qadının da reproduktiv sağlamlığını tamamilə itirməyə gətirib çıxara bilər.
O qeyd edir ki, əksər kişilər 70 il əvvəl populyar olan müalicə üsulunu - penis kanalının gümüş tərkibli məhlulla yuyulması üsulunu hələ də tələb edirlər.
“Məsələn, hansısa cavan oğlan cinsi yolla infeksiyaya yoluxur. Götürüb onun kanalını gümüş məhlulla yuyurlar. Bunun nəticəsində kanal daralır. Artıq o gənc ömrüboyu qüsurlu qalır. İndi antibiotiklə müalicə mümkündürsə, 100 il əvvəlin kitabından götürülmüş yolla müalicə etmək doğru deyil. Düzdür, xəstələrin xoşuna gəlir, deyir ki, həkim üzərimdə işlədi, yoxsa digəri resept yazır. Xəstə daha çox kanal yuyan həkimin yanına getmək istəyir. Ona görə də bizim təbabətdən bu proses sıyrılıb atılmır”.
Vasif İsmayılın fikrincə, kişi sonsuzluğu qadınlarla müqayisədə daha mürəkkəbdir.
“Ya genetikasında problem mövcuddur, ya xayanın işləməsində problem var və s. Yardımçı nəsilartırma texnikaları çıxdığı üçün bütün məsələlərin üstünə gedə bilmirik. Çünki xərci çox çıxır və s. Bu, təkcə Azərbaycana aid deyil. Qadınlarda qarşısı alına biləcək problemlər çox olur, ona görə daha çox qadınlara yüklənirlər".
O əlavə edir ki, sonsuzluqda əsas amillərdən biri də qorunmadan yaşanan cinsi münasibətlə bağlıdır, xüsusilə kişilər vasitəsilə keçən insan papilloma virusu – HPV-dir.
“Bu gün qadınlar üçün ən öldürücü xəstəliklərdən biri uşaqlıq boynunun xərçəngidir ki, indiyədək onun HPV-dən başqa səbəbi tapılmayıb. Kişi gedib haradansa virusu qapır, sonra başqa bir qadınla əlaqədə olur, cinsi orqanındakı ziyillərə fikir vermir, nəticədə qadın yoluxur”.
Vasif İsmayıl bir həkim həmkarının müalicəsini də xatırlayır; o cinsi orqanında yaranmış ziyillərə əhəmiyyət verməməklə yanaşı, onlardan həzz aldığını da bildiribmiş.
“Yeni ailə qurmuşdu, ona dedim ki, bu virusu öz xanımına niyə bulaşdırırsan? O virusların 30-dan çox növü var, bir hissəsi xərçəng yaradır. Əgər xərçəng yaradan çıxsa, 5-6 ildən sonra yoldaşını xərçəngdən itirsən, nə edəcəksən?”.
O qeyd edir ki, müayinəyə gələn xəstələrinin hər 3 nəfərindən biri seksdə qoruyucu vasitə istifadə etmədiyinə görə, cinsi yolla keçən xəstəlik daşıyıcısıdır.
“Bəzi qruplar buna qətiyyən fikir vermirlər. Bu riski ciddi çəkildə aşağı salan qoruyucu vasitələrdən biri prezervativdir. Bundan az istifadə edirlər”.
ianə verin