Odla “Oynayan” Iki Qadın

Müəlli̇f: Əziz Kərimov, Sevinc Vaqifqizi

06.08.16
Buraxılış: Sahibkarlıq

Havada 36 dərəcə istilik, iki qadın üst-başları his içində iki təndirin ətrafında dövrə vururlar. Biri təndirə kündə yapır, o biri var gücü ilə əlindəki şişə toyuq keçirməyə çalışır. Təndirin qapağın açanda oradan gələn istilik havadakı hərarəti unutdurur.

Mahirə Sovqatova boynundan axan təri işdən paralanmış əlləri ilə qovur. O sağ əlini təndirə salmamışdan əvvəl yun parça ilə möhkəm sarıyır. İstinin günündə yun parça ilə bağlanmış qolu ilə od tutub yanan təndirə kündə vurur.

Hər dəfə başını təndirə salanda oradan pörtmüş üzü ilə çıxır. Gözləri qızarır, tüstüdən qaçmaq üçün əllərini havada yellədir.

Deyir ki, əslində indi Astaradakı evində oturub nəvələrini qucağına alıb onlara nağıl deyəcək yaşdadır.

Mahirə xanımın 62 yaşı var. O, kiçik bacısı, 52 yaşlı Şərgiyə Qasımova ilə birlikdə Astaranın Maşğan kəndindən ildə bir dəfə Bakının Pirşağı qəsəbəsinə çörək pulu qazanmağa gəlir.

Qadınların etnik mənsubiyyəti talışdır. Onlar üç ildir Pirşağıya mövsümi işləməyə gəlirlər. İşlədikləri yer dənizə yaxındır. Hər ilin aprelində bura gəlib sentyabrda rayonlarına qayıdırlar. İstirahətə gələnlər maşını saxlayıb bu yorğun qadınlardan çörək, ləvəngi, qril alırlar. 

 

Şərgiyə Qasımova deyir ki, bir kisə undan çörək bişirməklə 20 manat qazanırlar, hər ləvəngidən isə 50 qəpik özlərinə qalır. Gün ərzində 300-350 çörək, 150 dənə toyuq satırlar. Şərgiyə xanım deyir, qazandıqları əziyyətlərinə dəymir:


“Bütün gün ayaq üstdəyik. Səhər 5-də işə başlayıb, gecə 12-də qurtarırıq, zülmdür. Toyuq üçün təndiri qalamışam, bu tərəfdə xəmir daşır. Burada işləmək çətindir. Susuz qalırıq, yeməyimizi vaxtında yeyə bilmirik, gərək müştərini yola salasan. Təndirin dibinə düşəni olur, məsuliyyət daşıyırsan. Hər iş çətindir, çörək bişirmək lap çətindir. Elə bil bu yay vaxtı odla oynayırsan. Bir tərəfdən yuxarıdan isti, o bir tərəfdən aşağıda təndirin istisi, çətindir. Amma neyləyək, pul qazanmağa gəlmişik, gərək dözək”. 

 

Qadının banka 4000 manat kredit borcu var. Rayonda işləməyə yer olmadığından bu borcu ödəmək üçün Bakıya gəldiyini deyir. Danışır ki, mal-qara alverindən sonra kreditə düşüb. 6 manat 50 qəpikdən aldığı ətin kilosu bir müddət sonra 4 manat 50 qəpiyə düşüb. “Nə qədər ziyana getdik. Ayda 280 manat kredit ödəyirəm”.

 

Obyektin sahibi Şuşadandır. Qadınlar danışır ki, müdirləri onlara qalmaq üçün ev tutub. Şəraiti yaxşı olsa da, öz evlərinin xiffətin çəkirlər. “Astarada vəziyyət yaxşı olsa, biz bura gəlmərik. Bizim burada nə işimiz vardı?! Vəziyyət olduqca pisdir. Rayonda iş yoxdur. İş olsa, sahə olsa, gedib əkib-becərərik, işləyərik. O şəraitimiz yoxdur. Uşaqlarımız üçün də heç bir yerdə iş yoxdur. İş üçün müraciət edəndə deyirlər ki, zavod bu ay açılar, gələn ay açılar, heç nə yoxdur, heç nə”- Şərgiyə Qasımova deyir.

İlin qalan vaxtlarını təsərrüfatdan gələn gəlirlərlə başa vururlar. Kənddə mandarin, feyxoa, limon ağacları var. 

 

 

İşlərinin əziyyəti əllərinin qabarından görünür. Sərinlənmək üçün keçdikləri balaca tikilinin divarından sellofanda dərmanlar asılıb. Deyir, təzyiqim var, iynə-dərmanla ayaq üstdə qalıram. “Gecə iş qurtaranda iynə köçürdürəm. Bədənimin müqaviməti zəifləyib, həkim sistem qoşur”.

 

 

Qonşu kafedən günorta yeməyin gətirirlər. Şərgiyə xanım iki boşqab toyuq şorbasın götürüb soyumasın deyə üstünə iki boşqab çevirir. “İndi yeməyə vaxt yoxdur” deyib qaçaraq təndirin yanına gedir. Onun üstünə örtdüyü yun parçaya qabdan su çiləyir. Deyir ki, toyuqların üstü yanmasın deyə belə edir.

 

 

Sonra iştahla talışların bişirdiyi ləvəngidən danışır. Deyir ki, Bakıda bişirilən ləvəngilərin heç biri onların bişirdiyinin dadın vermir. “Bizdə ayrı cür ləvəngi bişirirlər, burada isə yox. Biz toyuğun içinə soğan, qoz ləpəsi, turşu, duz, istiot qoyub bişiririk. Burada yaşayanlar kişmiş, zoğal vururlar başqa dad verir”.


Şərgiyə xanım orta məktəb vaxtı qazancını həkimlikdən çıxaracağını düşünürmüş. Orta məktəbi fərqlənmə ilə qurtarıb, amma atası qızının təhsilini davam etdirməsini istəməyib. “Qabaq oxuyan qızlara pis baxırdılar. İndi də desələr mənə ki, oxumaq şansın var, gedib oxuyaram. Həmişə valideynim deyirdi ki, qızı oxumağa göndərmərəm. İndi heyfsilənirəm ki, niyə oxumadım. Ən çox çətinliyə düşəndə heyfsilənirəm”. 

 

Söhbətlərimizi gələn müştəri bölür.

 

-Ləvəngi var?

Var.

-Neçəyədir ?

5 manata

-Birin verərdiniz

 

Təndirdə bişirib plastmas qaba yığdığı ləvəngilərdən birin götürüb verir. Hər satışdan sonra dəftərcəsinə qeydlər edir. Deyir ki, gecə 12-dən 1-ə qədər hesab-kitab aparırlar. Evə gedib yuyununca saat 2 olur. Səhər 5-də də qalxıb təndir başına keçirlər. “Yatmağa 3 saat vaxt qalır, onu da yorğunluqdan yatmaq olmur”-deyir Şərgiyə xanım.

Müştərilərin yanında talış dilində danışmağa başlayırlar. Şərgiyə xanım gizli sözləri olanda talış dilindən istifadə etdiklərini deyir və gülür. O, etnik mənsubiyyətlərinə görə onlara ayrı-seçkilik edilmədiyini çatdırır. 

 

 

 

Balaca bacısından fərqli olaraq susqun olan Mahirə xanım başını aşağı əyib təndirə kündə yapır. Baxanda elə bilirsən təndirə əyilməkdən beli bükülüb. Niyə belə zəif olduğunu soruşuruq. Deyir ki, çox işləməkdəndir.


Şərgiyə xanımın gözlərinin ikisinə də mirvari suyu gəlib. Buna görə də böyük bacısı təndirə kündə yapır. Şərgiyə xanım köks ötürə-ötürə danışır: “İndi evimdə oturmalıydım, hazır bir stəkan çay qabağımda televizora baxmalıydım. Neçə aydır buradayam, televizor görməmişik. Hər telefon danışığında nəvələrim ağlayırlar, mən də onlara qoşulub ağlayıram. Bu nə işdi?! Ayaqlarım şişir, dırnaqlarım da qalmır o qədər kündə etməkdən. Əlimin dərisi gedir”.

 

 

İkisinin də arzuları, istəkləri uşaqları ilə bağlıdır.

"Bizim dövranımız keçdi, onlar rahat, dinc günlər yaşasınlar deyirlər."

Elə uşaqları üçün də bura gəlib işləyirlər. Saat 16:30-dur. İki saatdır ayaqlarını qatlamadan işləyən qadınlara stolun üstündə qalıb soyuyan yeməyi göstəririk. Şərgiyə xanım deyir ki : “İndi yeyə bilmərik. Bu xəmiri kündələyim, gedib odun gətirim təndiri qalayım, ondan sonra oturum yeməyimizi yeyək”. 

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin