Yaqublular Ailəsi

Müəlli̇f: Aynur Elgünəş, Elnur Muxtar
26.10.16
Buraxılış: Vətəndaş cəmiyyəti

Bu il, avqustun 2-də "Azadlıq" qəzetinin həbsdə olan şöbə müdiri, AXCP sədrinin müavini Seymur Həzi ilə ictimai fəal Nigar Yaqublu nikaha girdi. ASAN Xidmətin əməkdaşları bürokratik əngəllər yaratsalar da, sonda 17 saylı cəzaçəkmə müəssisəsində nikahı bağladı.

Bu, Azərbaycan cəmiyyəti üçün yenilik idi, diqqət siyasi fəaliyyətlərinə görə daim hədəfə alınan iki gəncə yönəlmişdi...

Nikaha qədər Seymur Həzi siyasi aktivliyi, tənqidi yazıları ilə tanınırdısa, evlilik ona daha bir məsuliyyəti yüklədi - fəaliyyətinə görə ondan heç də geri qalmayan Yaqubluların kürəkəni oldu. İzdivacı siyasi müstəvidə bir-birini qəbul etməyən AXCP və Müsavat Partiyası arasında körpü hesab edənlər də tapıldı, nəhayət, Yaqublular ailəsindən xoş müjdə aldıqları üçün sevinənlər də…

Ailə albomu

 

Bu ilin avqust ayından etibarən Seymur Həzinin də şəkli Yaqubluların ailə albomuna daxil edildi. O alboma ki, orda şəkli olan hər kəsin bir həyat hekayəsi var.

Bu ailənin qapısından içəri keçəndə o qədər gülərüz, mehriban rəftar görürsən ki, təəccüblənməyə bilmirsən. Dərdlərə gülərək keçmək, onu özününküləşdirmək, kənara sıçratmamaq hər adamın, hər ailənin işi deyil.

Elə Yaqublular da sıradan bir ailə deyil...

Yaqublular ailəsi illərdir Azərbaycan hakimiyyətinə qarşı mücadilə aparır. Ailənin başçısı Tofiq Yaqublu ölkənin müxalifət patiyası olan Müsavatın başqan müavinidir. O, 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş iğtişaşın təşkilatçısı kimi həsr olunmuş, 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu barədə bir qədər sonra...

Tofiq Yaqublunun həbsinə qədər də bu ailənin əzabları az deyildi. 2008-ci ildən etibarən atalarının yoluna qoşulan Nigar və Nərgiz Yaqubluların aksiyalarda, müxtəlif tədbirlərdə fəallığı diqqəti təkcə Tofiq bəyə yox, həm də övladlarına doğru çəkmişdi. Elə bu səbəbdən də Nigar Yaqublunun iştirakçısı olduğu yol qəzası hökumət nümanəydələri tərəfindən adi qəzalar kimi səciyyələndirilmədi, siyasi rəng verildi və Nigar Yaqublu həbs olundu.

 

 

Hadisə 2012-ci il, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində baş vermişdi. Rəsmi məlumatlara görə, Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «Kamaz-5320» markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus «Peugeot-206» markalı minik avtomobili toqquşub. Nəticədə Aydın Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.

Avqustun 27-də isə Baş Dövlət Yol Polis İdarəsinin müstəntiqi Rafiq Həsənov «Media forum» saytına demişdi ki, hadisə Aydın Acalovun idarə etdiyi «Peugeot-206» markalı avtomaşının yolun əks zolağına çıxması nəticəsində baş verib.

Bundan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaydı  ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edirmiş və qəza onun təqsiri üzündən baş verib. Nigar Yaqublunun sürücülük hüququnun olmadığı bildirilirdi.

Bu açıqlama Yaqublular ailənin qara günlərinin başlanğıc işarəsi idi. Çox keçmədi, Nigar Yaqublu həbs edildi. Həmin il, sentyabrın 10-da Abşeron Rayon Məhkəməsi Nigar Yaqublu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçdi. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilirdi.

Tofiq Yaqublu Azadlıq Radiosuna açıqlamasında da demişdi ki, qızının həbsi siyasi sifarişdir:

«Bu, bizim ailədən qisas almaq məsələsidir. Siz, ümumiyyətlə, yol-nəqliyyat hadisəsinə görə kiminsə məhkəməyə qədər barəsində həbs-qətimkan tədbiri seçildiyini görmüsüzmü? Gündə onlarla qəza, onlarla ölən, xəsarət alanlar olur, belə hadisə baş vermir. Burda doğru olan bircə fakt ondan ibarətdir ki, qəza vaxtı Nigar Yaqublu da həmin maşında olub. Qalan deyilənlər hamısı böhtandır, onun heç bir günahı yoxdur, sadəcə hakimiyyətin yuxarı eşelonlarında bu hadisədən xəbər tutub tapşırıq veriblər».

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum olundu. Həmin hökmdən isə apellyasiya şikayəti verildi, şikayət təmin olunmadı.

Beləliklə, hökmə əsasən, Nigar Yaqubluya gün ərzində yalnız 12 saat sərbəstlik verildi. Hüquqşünaslar bu qərarı ağır cəza növü adlandırırdılar.

Nigar Yaqublu beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmağa başladı...

 

Tofiq Yaqublunun həbsi

 

Nigarın həbsi Yaqublular ailəsini əhatələyən “qara zolaq”ın qarşısını ala bilmədi. Tofiq Yaqublu İsmayıllı hadisələrində günahlandırılaraq həbs edildi. 3 fevral 2013-ü ildə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi REAL (Respublikaçı Alternativ) Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət ittihamı irəli sürdü: 233 - ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak və 315 - güc tətbiq etməklə polisə müqavimət göstərmək. İrəli sürülən ittihamlar İsmayıllı şəhərində yanvarın 23-24-də baş vermiş olaylarla bağlıdır. Yanvarın 24-də baş verən hadisələrlə bağlı REAL sədri və Müsavat funksioneri rayonda olublar. Həmin günü Tofiq Yaqublu saxlanılsa da, bir neçə saat sonra sərbəst buraxılıb.

Sonradan hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindiriləndən sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb və hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda barələrində 2 aylıq həbs-qəti imkan tədbiri seçilib...

 

 

... Sonra uzun-uzadı məhkəmə çəkişməsi, hər dəfəsində Bakıdan Şəkiyə uzanan yollar başladı.

Və Tofiq Yaqubluya dəstək olmaq üçün bu yolları yorulmadan başa çıxmağa çalışan həyat yoldaşı Maya Yaqublu və kiçik qızı Nərgiz Yaqublu qəzaya düşdülər. Hadisə 21 yanvar 2014-cü ildə baş verdi (http://www.azadliq.info/40429.html).

Onlar məhkəmə prosesindən geri qayıdarkən İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində qəzaya düşüblər. Maşını Müsavat Partiyasının üzvü Çingiz Əli idarə edib. Hava dumanlı olduğundan sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə hər üç sərnişin ağır yaralanıb.

O ağır günlərində həyat yoldaşının yanında ola bilməyən Tofiq Yaqublu mənəvi dəstəyini əsirgəməməyə çalışdı. Eyni zamanda, baş verənlərin onu sındırmadığını, hakimiyyətlə mübarizəsinə xələl gətirmədiyini çatdırdı:

“Mən bu qəzanı hakimiyyətin ailəmə qarşı olan cinayəti hesab edirəm. Mənim ailəm bir ildir ki, yollarda qalıb. Dünənki məhkəmədə də Nicat Vəliyev adlı şəxsin həyasızcasına üzümüzə durması ailə üzvlərimi və dəyərli dostumuz Çingiz Əlini çox əsəbiləşdirdi, o əsəblə də yola çıxdılar. Bütün bunlar qanunsuzluğun məntiqi nəticəsidir”.  

Bir neçə ay davam edən məhkəmə prosesi nəhayət, 17 mart 2014-cü ildə yekunlaşdı. Şəki Rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edildi...



Elçilər qapını döyür...

Nərgiz üçün gələn elçilər Yaqubluların qapısını döyəndə bu qədər əziyyətdən sonra sevinmək üçün əsas olduğunu düşündülər. Sonralar Nərgizlə bağlı xatirələrini bölüşən Nigar deyir ki, bacısına elçi gələndə yalnız anası getməsini istəməyib:

“Bircə anam istəmirdi onun getməyini. O da ailəyə, uzaqlığa görə yox. Nərgizin yoldaşının anası ilə anam doğma xalaqızıdılar. Sadəcə, ana Nərgizin ərköyünlüyünə görə ehtiyat eləyirdi. Evdə biz onu ev-eşik qayğısı çəkməyə qoymamışıq. Anam deyirdi burda olsa, iş-gücünün bir ucundan da biz yapışarıq, uzaqda dolanarmı, görən? Ancaq çox xoşbəxt idi. Yazırdı ki, ana, mən fikirləşdiyimdən də çox xoşbəxtəm”.

Nigar deyir, Tofiq Yaqublu da Nərgizə elçi gələndə həbsxanadan xəbər göndərib ki, ürəyi necə istəyir, elə də eləsin:

“Nərgizə elçi gəldiyini biləndə elə dedi ki, uşaqlar nəyi nə cür istəyir, özləri qərar versinlər, evlənsinlər, xoşbəxt olsunlar, mənim etirazım yoxdu. Nərgizlə yoldaşı nişan üzüklərini də almağa özləri tək getmişdilər. Ailə içərisində mərasim elədik. Ancaq atanın içəridə olması toy məsələsində bizi bir az çətin vəziyyətdə qoydu. Yeznəm də ailənin tək oğludu. Onlar mütləq toy eləmək istəyirdilər. Ailələrimiz razılığa gəldilər ki, toy Tomskda olsun. Mənim ölkədən çıxmaq yasağım olduğu üçün gedə bilmədim. Anam getdi. Tomska gedən gündən nazını çəkirdilər. Fərəhlənən yerimiz bir Nərgiz idi. Toydan sonra yoldaşı ilə neçə ölkə gəzdi, gündə nə qədər şəkillər  göndərirdi. Yayda gedəcəkdim yanına. Dedim, Nərgiz, o vaxta uşaq da olar, xalası da gələr. Nə planlar qurmuşduq...”

 

 

Bu dəfə də Yaqubluların sevinci uzun sürmədi. Ailənin kiçik qızı Nərgiz ana olmağa hazırlaşırdı. Amma... Xəstəlik imkan vermədi...

Ailə nəvə yolu gözləyərkən qəflətən Nərgizin Hepatit xəstəliyindən əziyyət çəkdiyi ortaya çıxır. O, həm də hamiləliyinin 8-ci ayında idi. Rusiyanın Tomsk şəhərində xəstəxanada müalicə alsa da, xeyri olmur. Bir neçə komada qalan 26 yaşlı Nərgiz Yaqublu 23 aprel 2015-ci ildə gözlərini əbədi yumur.  Nərgiz həyatını itirsə də, oğlu dünyaya gəlir, sonralar Yaqublular ailəsinin təsəlli yerinə çevriləcək Kənan...

Dörd divar arasında ciyərparanın ölüm xəbərini qarşılamaq, özü də onu hansısa telekanalın xəbərlər proqramından eşitmək dünyanın ən acı duyğusu olsun gərək. Lap yəqin bunu heç kim Tofiq Yaqublu qədər duya, hiss edə bilməz.

Penitensiar Xidmət Tofiq Yaqublunun qızının dəfn və yas mərasimində iştirak etmək üçün 7 günlük azadlığa buraxılmasına icazə verdi. Qızının toyunu görməyə imkanı olmayan Tofiq Yaqublu onu öz çiyinlərində son mənzilə yola saldı. Və 7 gündən sonra dərdləri ilə birgə yenidən cəzaçəkmə müəssisəsinə qayıtdı...

Hər gün gələn qonaqları xoş üzlə, şirin dillə qarşılayan Maya xanım isə gecələr otağına çəkilib balası üçün göz yaşı tökdü. Düz ilyarımdır ki, o, bu həyatı yaşayır. O evə ayaq basan çoxunun qulağında hələ də Maya xanımın naləsi var: “Quş kimi əlimdən uçan Nərgizim”...

 

Hər son bir başlanğıcdı...

 

Deyirlər, həyat onu yaşamağı bacaranlarındı. Azərbaycan kimi azadlıqları məhdud ölkələrdə isə həyat daha çəkilməz olur. Qarşına çıxan sınaqlardan keçmək, qəzavü-qədər deyib barışmaq, yolunu davam etmək hər kəsin hünəri deyil. Yaqublularsa bunu bacardıqlarını dəfələrlə göstəriblər...

Artıq Tofiq Yaqublu ailəsinin yanındadır. O, ölkə prezidentinin 17 mart 2016-cı il tarixli Əfv Sərəncamı ilə azadlığına qovuşub. Ailənin yeganə oğlu Rahim indi ali məktəb tələbəsidir. Balaca Kənan da hərdən ailəyə sevinc qatmağa gəlir...

Sınaqsa hələ bitməyib. İndi həyatın imtahanı qarşısında ailənin qızı dayanıb. “Vicdan məhbusu” kimi tanınan həyat yoldaşının yolunu gözləyən Nigar Yaqublu Həzi…

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin