Pioner Məktubları

Müəlli̇f: Nurana Mammad

04.02.17
Buraxılış: Sovet Gündəlikləri

                                                                                                   Tiflis - 5 May, 1975


"Əziz Tamara, Məktubunu aldım. Xoş sözlərə görə təşəkkür edirəm. Bilirsən ki, bacım yoxdur, səni öz bacım kimi sevirəm. Əlbəttə övladlarımız da bizim kimi dost olacaq və gələcəkdə yazışacaqlar. Burda heç bir şey dəyişməyib. Necəsən? Yaz və məni unutma. Səni sevirəm və öpürəm. Sevgilərlə, Fəridə. "

Dördüncü sinifdə oxuyanda Ukraynalı Tamara Kodoneç Lusiya Golubeva adlı qızla bir partada otururdu. Lusiya Gürcüstanda yaşayan Fəridə Abdullayeva ilə məktublaşırdı və həmişə öz rəfiqəsi ilə öyünürdü. Tez-tez Fəridənin göndərdiyi hədiyyələri  məktəbə  gətirirdi.  Tamara  da arzulaydı Fəridə kimi dostu olsun, və Lusiyadan onun  adresini istəyir. Ancaq bu nəticəsiz qaldı. Bir gün Tamara Lusiyaya gələn məktuba gizlicə baxdı və Fəridənin ünvanını əzbərlədi.  Çox keçmədən Fəridəyə məktub göndərdi. Bir müddət sonra 1957ci ilin May ayında Tamaranın gözlədiyi cavab məktubu gəldi. Həmin gündən sonra Fəridə və Tamaranın dostluğu başladı. Lakin, bundan xəbər tutan Lusiya Fəridəni qısqandığı üçün Tamara ilə dalaşdı və bir daha öz sevimli rəfiqəsinə məktub yazmadı.

1947-ci ildə Tbilisidə dünyaya gələn və burada böyüyən Fəridə Abdullayeva və Ukraynalı Tamara Kodonecin 4-cü sinifdə başlayan dostluğu 60 ildir ki, davam edir.  

Sovet vaxtlarında uşaqlar arasında məktublaşmaq adi hal idi. Məktublar - kollektivçilik və xalqlararası dostluğu təbliğ edirdi və şagirdləri oxumağa həvəsləndirirdi.

 

 

Beş yaşında Fəridə anasını itirir və atası başqa qadınla evlənir.  Fəridəni babası Süleyman Abdullayev böyüdüb. Süleyman Abdullayev Azərbaycanın görkəmli yazıçısı, dramaturqu Mirzə Fətəli Axundovun köməkçisi olduğu dövrdə öz dürüstlüyü, zəhmətkeşliyi ilə Axundovun hörmətini qazanıb.

Axundov öz sevimli köməkçisini Mədrəsədə təhsil alan Pəri adlı qızla evləndirir və onlara yaşamaqları üçün Tbilisinin mərkəzində məşhur “Meydan” deyilən ərazidə yerləşən evinin arxasında, (İndiki M.F.Axundov muzeyinin arxasında) ev verir. Elə Fəridənin də bütün uşaqlığı bu yerlərdə keçir. O, indi də Meydandakı məşhur İpək Fabrikini,  Qafqaz tacirlərinin ən çox baş çəkdiyi geniş  “Şeytan Bazarı”nı, Şah Abbas məscidini, yerli sakinlərin istifadə etdiyi böyük hamamı yaxşı xatırlayır. Hər gün meydanın dar küçələrindən, daşlı yollarından keçərək yeganə Azərbaycan məktəbi olan 73 saylı M.F.Axudnov adına məktəbə yollanır Fəridə. 

Tamara və mən pioner idik. Hər adın öz vəzifəsi, öz məsuliyyəti vardı. Məsələn, yaxşı oxumayan şagirdlərə məktublaşmağa icazə verilmirdi. Məktublaşmaq həm də ona görə yaxşı idi ki, gənclər sosyallaşır, aktivləşirdilər. Bütün Sovet ölkələri uşaqları bir-birlərinə rus dilində yazdıqları məktublar göndərirdilər”.

Tamara isə 1948-ci ildə Ukraynanın Dneproderjinskşəhərində dünyaya göz açıb və orada böyüyüb. O deyir ki, hələ də Fəridənin göndərdiyi hədiyyələri hələ də xatırlayır.

Sovet xalqlarının qardaşlıq dili rus dili olub. Bu dildə yazışma, həmçinin, vəzifəli məmurlara bu məktubları oxumaq və onlara senzura qoymaq imkan verib. 

 

Fəridə Abdullayeva və Tamara Kodoneç

 1948-ci ildə Ukraynanın Dneproderjinsk ( indiki Kamianske) şəhərində anadan olan Tamara deyir ki, hələ də Fəridənin göndərdiyi hədiyyələri hələ də xatırlayır.

“Onun mənə göndərdiyi yaşıl sırğaları, idman çantasını, məşhur Rolling sviterini, Qafqazın məşhur ipək parçasını hələ də xatırlayıram,” 

İllər keçir... Qızlar məktəbi bitirir və  ailə həyatı qururlar. Tale Fəridənin yolunu Gürcüstanın Bolnisi rayonunun Abdalo  kəndinə salır. Tamara isə əslən Özbək olan Rəsulla ailə həyatı qurur. Fəridənin Məsmə və Gültəkin, Tamranın isə Yuliya və Yelena adında iki qız övladı dünyaya gəlir. 1970-ci ildə Fəridə öz həyat yoldaşını itirir və Tbilisidəki baba yadigarı evinə qayıdır. Bu çətin anlarında Fəridənin ən böyük dəstəyi Tamara və onun məktubları olur. Həyat qızları hara sovursa da onlar bir-birindən qopmur, əksinə məktublar vasitəsilə bir-birlərinə daha çox bağlanırlar.

Tamara 1977-ci ildə yazdığı məktubda Fəridəni görmək istədiyini deyir. Tbilisiyə gələcəyi tarixi və saatı yazır. 1957-ci ildən bəri sevinclərini, kədərlərini, şirin və acı xatirələrini məktublarla bölüşən iki rəfiqə nəhayət 20 il sonra bir-birlərini ilk dəfə görəcəkdilər. Fəridə heç görmədiyi ancaq hər şeyini paylaşdığı ən yaxın yoldaşını qarşılamaq üçün qatar stansiyasında gözləyir. Qatarın platformaya yaxınlaşdığını görəndə daha da həyəcanlandığını söyləyir Fəridə. Tamara qatardan enər-enməz bir-birimizi dərhal tanıdıq deyir. Üzündə şirin gülümsəmə ilə xəyalı onu o günə, o ana aparır sanki.

"İkimiz də bir-birimizi görən kimi tanıdıq. Qucaqlaşdıq. Sanki illərdir gördüyüm, mənə çox yaxın olan insan bir an mənə uzaq düşüb və onu yenidən tapmışam kimi hiss etdim. Yalnız, şəkillərini gördüyüm rəfiqəmlə 20 il sonra ilk dəfə görüşürdük. Çox gözəl hisslər yaşadım ".

Tamara uşaqları və həyat yoldaşıyla Fəridəni və Fəridənin məktublarında bəhs etdiyi Tbilisini görmək üçün səbirsizlənirdilər. O günlər şirin bir xatirə kimi  heç ağılından çıxmayıb Tamaranın.

" Botanika bağı, gözəl Meydan, Narikala, əzəmətli Kartlis Deda heykəli, ümumiyyətlə Tbilisinin gözəlliyi bizi heyrətləndirmişdi. Fəridənin Lagidze limonadı almaq üçün 1 saat növbədə gözləməyini heç unutmuram. O zamanlar o limonad çox məşhur idi və Tbilisidə yalnız bir yerdə satılırdı. Gürcüstan Ukraynadan fərqi olaraq çiçəklənirdi. Çox gözəl günlər idi ".

Fəridə ilə rəfiqəsinin ikinci görüşü də 1985-ci ildə baş tutur. Fəridə və qızları Tamaranın yaşadığı Dneproderjinsk şəhərinə gedir.

"Sovet dövründə vizanın olmaması, transportun ucuz qiymətlə başa gəlməsi işlərini daha da asanlaşdırırmış insanların," deyir Fəridə.

"O zamanlar sərhədlər açıq idi. Post-Sovet ölkələrinə ucuz qiymətlərlə biletlər tapıb səyahət edə bilirdik. Viza dərdi yox idi. İnsanlar, gənclər üçün daha böyük imkanlar var idi ". 

 

2000-ci  illərdə Fəridə qızlarının köməyi ilə internetdə yeniden öz dostunu tapır. O zamandan indiyə qədər çox şey dəyişib. İnsanlar çox nadir hallarda qələmi əllərinə alıb yazı yazırlar. Texnolgiyanın inkişafı ilə məsafə anlayışı itdiyindən artıq poçta ilə məktub yollamaq vərdişi də yox olub. İndi Fəridə öz rəfiqəsindən internet vasitəsilə xəbər tutur .

Sovet Birliyinə daxil olan 15 Respublikadan ikisi Ukrayna və Gürcüstanın müttəfiqliyi hələ 1917-ci il Rusiya İnqilabından sonra hər iki ölkənin müstəqilliyini elan etməsi və diplomatik əlaqələr qurması ilə başlayıb. Daha sonra Sovet Birliyinə daxil olan iki  ölkə bugün Rusiya ilə müharibə şəraitindədir.   

Fəridə Tamara ilə olan dostluğunu həm də xalqların dostluğu kimi dəyərləndirir.

" Qızlarımız da bir-birləri ilə dostdur. Hər ikimizin nəvələri var artıq. Bizdən sonra da onlar davam etdirəcək bu dostluğu. Sovetlər dövründə öyrəşdiyimiz xalqların dostluğunu gələcək nəsillərin davam etdirməsi bizim üçün böyük sevincdir "

“Fəridə və Tbilisi məni və qızlarımı özünə çəkir yenə və yenə, yenə və yenə"  deyir Tamara gülümsəyərək.

İki rəfiqə düşünür ki, onların dostluğu Sovetin Birliyindən daha möhkəm olub. Onlar ölümü, sevinci, gözəl və acı xatirələrini öz məktubları ilə bugünə kimi daşıyıblar. Uşaqlıqlarının,

Sovetin onlara bəxş etdiyi ən gözəl hədiyyə isə “pioner məktubları" olub.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin