Dəyərini İtirmiş Ağ Qızıl
75 yaşlı Qaratel Quliyeva Sovet dövründə rayonda tanınan pambıqçılardan biri olub.
“Təxminən 50 yaşıma qədər kolxoz üçün işləmişəm, alaq təmizləmşəm, 5 hektar yer becərmişəm, ən qabaqcıl pambıqçılardan olmuşam. Hər axşam özüm ən az 130-150 kq pambıq təhvil verirdim briqadirə, o da həmişə çox sağol deyib məni yola salırdı. O dövrdə bizə o qədər qayğı göstərirdilər ki, hər şeydə yaxşı dolanırdıq.”
Pambıqçılıq vaxtı yaşadığı xatirələri yada salan Qaratel Quliyeva deyir, “Əkin- yığın vaxtı elə çox xüsusi hadisələr baş vermirdi, amma yığım vaxtı olan mehribançılıq hərşeyə dəyərdi. Fasilə verəndə ümumi hamı kənarda oturub samovar qalayıb çay qaynadırdıq, ürəyi açıqlıqla süfrəmizi açıb yeyib içirdik. Doyunca söhbət edirdik, sonra yenə gedirdik sahəyə işləməyə. Xoşbəxt vaxtlar idi.”
Sovet Dövründə Azərbaycanda kənd təsərrüfatın aparıcı sahələrindən biri olan pambıqçılıq 1980ci illərdə ölkə büdcəsinin 22–25 faizini təmin edirdi.
Sovet illərində Azərbaycan Orta Asiyanın Özbəkistan, Türkmənistan, Tacikistan kimi respublikalari ilə yanaşı aparıcı pambıq istehsalçısı idi. 1990-ci illərdən başlayaraq isə ölkənin istehsal göstəricisi azalır. Rəsmi statistikaya əsasən, 1990-cı illərdə 300,000 hektar əkin sahəsi 2002-ci ildə 61,000 hektara çatır. Məhsuldarlıq isə beş dəfə azalır, 9000 kilodan 1800 kiloya çatır.
SSRİ-nin dağılması, Qarabağ müharibəsi - bütün bunlar kənd təsərrüfatına da təsirsiz ötüşmədi. Neft bumu isə son zərbə oldu. Ölkəyə xarici investisiyaların axını başladı və pambıqçılıq, hər hansı digər kənd təsərrüfatı sektoru kimi öz əhəmiyyətini itirdi.
Azərbaycanda pambıqçılığın tarixi sovet dövründən əvvələ təsadüf edir. 1898-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan «Bakıda H. Z. Tağıyevin lifli cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyətindən» 3 il sonra Bakının Zığ kəndində toxuculuq fabriki istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça toxuma müəssisəsi idi. Qadın hüquqlarının müdafiəçisi, məşhur yazıçı Cəlil Мəmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir kənd qızlar üçün məktəb və qadınların işləməsi üşün pambıq emal fabiriki açır. Sovet İttifaqı isə Azərbaycanın "ağ qızıl" istehsalını gücləndirir.
Hal-hazırda manufaktura rəhbəri olan Aşurəliyev İlham 31 ildir ki, pambıq yığımında çalışır.
Onun sözlərinə görə, Sovet vaxtı 1980ci illərdə Bərdə rayonunda təxminən 100 min hektar ərazidə pambıq əkilirdi. 2015ci ildə isə cəmi 1162 hektar.
“Sovet dağılandan sonra pambıq əkini demək olar ki 0-a düşdü. Hər iş insanların öz üzərinə düşdü deyə heç kəs bunda maraqlı olmadı. Çünki heç kəsin əlində maliyyə yox idi. Ona görə burdakı demək olar bütün zavodlar bağlandı, məntəqələr isə fəaliyyətini dayandırdı, içindəki avadanlıqlar da başqa yerlərə aparıldı. Hətta televizyada rəsmi olaraq buradakı zavodların iflas olduğu elan edildi. Əvvəl Azərbaycanın iqtisadiyyatı pambıq, üzüm, taxılla irəli gedirdi, amma müstəqillikdən sonra neft hamsını üstələdi, digər sahələrin dəyəri azaldı. ”
Amma hər şey göründüyü kimi yaxşı deyildi. Azərbaycanda, eləcə də Mərkəzi Asiyada uşaqlar pambıqçılıq sahələrinə işə cəlb olunmuşdular. Həmin dövrlərdə Məmmədli kəndində qabaqcıl pambıqçılardan biri olan 74 yaşlı Zilizə xanım pambıqçılığa necə başlamasını danışır: “Biz ailəlikcə pambıqçı idik, mən də 15 yaşımdan pambıqçılığa başlamışam. Onda hər kəs kolxoz üçün işləyirdi. Təkcə bizim ailə yığım vaxtı kolxoza hər axşam ən az 500 kq pambıq verirdi. ”
Bərdə rayonunda ən qədim pambıq zavodu 1939-cu ildə yaradılıb. Sovet vaxtı Bərdə rayonunda bir zavod və pambıq qəbulu üçün 17 məntəqə olub. Hər məntəqə isə neçə kolxozun pambıq verməsindən asılı olaraq 8-10 min ton pambıq qəbul edirdi. Daha sonra 80-ci illərdə yeni ikibatareyalı zavod tikilib və 9 məntəqə ilk zavodun, qalan 8-i isə yeni zavodun tabeliyinə verilib. Hal-hazırda burada olan 4 zavoddan 2-si fəaliyyət göstərir.
Əhali pambığa olan marağın Sovet dövründə olduğu qədər artması üçün dövlət dəstəyinin yaxud pambıqda qiymət artımının olmasını vacib sayır.
2015-ci ildən başlayaraq, neftin qiymətinin ucuzlaşması Azərbaycan hökümətini iqtisadiyyatın diversifikasiyası siyasətini yürütməyə vadar etdi. 2016-cı ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev pambıq istehsalının ürəyi sayılan Sabirabada səfər edib. Prezident Bakıdan 127 km məsafədə yerləşən Sabirabadda çıxış edərək deyib ki, bu sahənin inkişaf etdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, pambıq istehsalı 3 qat artırılacaq, yəni istehsal 2017-ci ildə 100,000 tondan 300,000 tona qaldırılacaq.
“Buna gərək dövlət də dəstək olsun. Həm də inkişaf üçün yaxşı pul lazımdı, yəni pambıq yaxşı qiymətə satılmalıdı. Keçən illərdə 40 qəpiyə satılırdı amma bu il ümumi qiymət artımına görə 50 qəpik olub. Amma ən azı 80 qəpik, yaxud 1 manat olsa daha yaxşı effekt olar. Insanlar da bunda maraqlı olar. Əvvəl kolxoz sistemi idi, kolxoz isə bizim rayon üçün əsasən pambıq əkirdi. Amma indi bu torpaqlar şəxsiləşdirilib müstəqillikdən sonra, ona görə hamı öz istədiyi məhsulun əkini ilə məşğuldu. Heç kəs kimisə “pambıq əkməlisən!” deyə məcbur edə bilməz axı. Buna görə də istər istəməz, pambıq azalır.” deyə Əli Əliyev əlavə edir.
Hazırda 74 yaşı olmasına baxmayaraq Zilizə Cavadova hələ də pambıqçılıqla məşğul olur: “İndi pambıq üçün 1,5 hektar sahə ayırmışam, mövsümü gələndə yenə əkinlə məşğul olacam. Pambıq üçün zavodla müqavilə bağlayırıq, müqaviləyə görə bizə çiyidi və gübrəni verirlər yaxud traktorla təmin edirlər. Biz də kq-nı 50 qəpikdən zavoda satırıq, amma indi yığım soyuq vaxta düşüb deyə bəlkə 10 qəpik artıq olar.”
" Pambıq əkib becərmək çətin olub həm də sərf eləmir deyə sahələrə buğda arpa əkirlər," Quliyeva qileylənir.
ianə verin