Caz, SSSR-i Dövrünü Yaşamış Azadlıq Musiqisi

Müəlli̇f: Sheyda Allahverdiyeva

09.02.17
Buraxılış: Sovet Gündəlikləri

Ağlasığmaz səslənir. Birləşmiş Ştatlarda yaranıb, kökü Afrikanın ənənələrinə gedib çıxan bu musiqi janrının Azərbaycanla nə əlaqəsi ola bilər? Qeyri-adi olsa da, cazın bu Qafqaz ölkəsində uzunmüddətli tarixi var və o, artıq milli mədəniyyətin bir parçasına çevrilib.

1920-ci illərdə musiqi dünyasında fırtına yaradan cazın SSSR-də olduqca qalmaqallı taleyi olub. Uzun müddət qadağan edilib anti-inqilabi və anti-Sovet adlandırıldıqdan sonra, o, 1960-cı illərdə bir qədər yumşalmaya məruz qalır. Bu zaman Bakı Moskva, Tallin, Vilnüs ilə yanaşı cazın mərkəzinə çevrilir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqiçiləri caza milli musiqidən parçalar əlavə edərək onu daha da zənginləşdirib çox özünəməxsus bir istiqamət yaratmışdılar.

Salman Hüseyn oğlu Qəmbərov ölkənin yaşayan caz əfsanəsidir. O, 1959-cu ildə musiqiçi ailəsində dünyaya göz açıb. Hələ erkən yaşlarında Qəmbərov üçün musiqi həyatının ayrılmaz bir parçasıydı. O, klassik piano dərsləri almış və Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq və bəstəkarlıq bölümlərini bitirmişdi. Daha sonra yaşadığı dövr üçün əlçatmaz sayılan caz musiqisini öyrənmişdi. Onu bəstəkar kimi ilk uğuru – “Fortepiano üçün variasiyalar” Sovetlər Birliyinin dağılmağa doğru getdiyi 1987-ci ildə Moskvada mükafata layiq görülmüşdü. “Bu, mənim yazdığım ilk musiqi parçası idi və olduqca uğurlu alınmışdı. Bu uğur mənim üçün böyük motivasiya oldu. Lakin yenə də, o zamanın böyük pianistlərinin ifasında da mən nədənsə tam razı qala bilmirdim. İndi başa düşürəm ki, buna səbəb mənim onlardan fərqli olaraq caz dinləməyim və bundan irəli gələn bəzi iti elementlər idi”, o, hazırda Simfonik estrada orkestrinin bədii rəhbəri kimi çalışdığı Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrındakı görüşümüzdə deyirdi. 

Lakin başlanğıcda hər şey heç də asan olmamışdı. Öz müasirləri kimi Qəmbərov da saatlarla radio dinləyir və eşitdiyi musiqiləri pianoda təkrarlayaraq, öyrənirdi. “Cazı elə də çox vermirdilər. Amerikanın səsi radiosunda həftənin çərşənbə axşamı, cümə və şənbə günləri axşam saat 10:00-dan 1:00-a qədər caz səslənirdi. Mən mütləq oyaq qalır və bu proqramı dinləyirdim.”

 

 

Azərbaycan cazının ataları sayılan Rafiq Babayev və Vaqif Mustafazadə də “Amerikali cazmenlərin musiqilərini dinləyib daha sonra eşitdiklərini pianoda təkrar çalmaqla öyrənirdilər.”

Salman Qəmbərovun tələbəlik illərində qadağaların aradan qaldırılmasına baxmayaraq, caz və vallar hər musiqiçi üçün əlçatan deyildi. “Onlar Macarıstan, Şərqi Almaniya, Bolqarıstan və ən çox da Polşa kimi sosialist ölkələrdən gəlirdi. Bu ölkələrdə caz olduqca populyar idi. Dinlədiyim ilk müasir caz polyak cazı idi. Amerikadan gələn vallar isə olduqca baha - təxminən 80 rubla və qeyri-qanuni satılırdı. Daha sonra maqnitofonlar çıxdı. Mənim maqnitofonum çox gec oldu. Atamın universitetin ilk ilində mənə aldığı hədiyyə idi. Buna görə də caz haqqında məlumatım olduqca az idi.”

Caz musiqisinin taleyi SSSR-dəki siyasi vəziyyətdən asılı olaraq dəyişirdi. Bir tərəfdən bu musiqi sıxışdırılan afro-amerikan işçi sinfin musiqisi və “proletar incəsənət” sayılırdı. Digər tərəfdən isə insanda improvizasiyalardan irəli gələn şəxsi azadlıq hissləri oyadırdı. Sovet rəsmiləri bu musiqiyə qorxulu təhdid kimi baxır, eyni zamanda onu tam qadağan etməyə tərəddüd edirdilər.

Caz musiqisi SSSR-ə 1920-ci illərdə sızmağa başlamışdı. 1927-ci ildə Aleksandr Tsafsmanın musiqi qrupu AMA-caz ilk dəfə SSSR-də radio proqramında çıxış etdi. Tsafsmanın ansamblı gənc azərbaycanlı cazmenlər üçün bir növ ilham mənbəyi idi. Onun təsiri altında 1930-cu ildə Niyazi Zülfüqar oğlu Tağızadə, Hacıbəyov və Tofiq Quliyev Bakıda ilk yerli caz qrupunu yaratdılar. 1930-cu illərdə isə caz musiqisinə qarşı repressiyalar gücləndi. Hətta Maksim Qorkiy bu janrı “kök insanların musiqisi” adlandırmışdı. Maraqlısı budur ki, Hitler də cazı aşağı təbəqələrin musiqisi sayaraq, Almaniyada qadağan etmişdi.

Rəsmilər cazın əhalinin bütün təbəqələrinə təsir etməklə sistemə zərər verəcəyindən ehtiyat edərək, ona nəzarət etmək üçün bir sıra tədbirlər həyata keçirirdi. 1936-cı ildə Stalinin şəxsi nəzarəti altında Dövlət Caz Ansamblı yaradılmış, caz musiqiçilərinin əmək haqları artırılmışdı. Hökumət hesab edirdi ki, bu yolla onların qərbə casusluq etməyinin qarşısını alacaq. Lakin, isti münasibət qısamüddətli oldu. İkinci dünya müharibəsinin başlanması ilə caz yenidən “amerikanizm” adlandırıldı və qara siyahıya salındı. Saksofon ölkədə qadağan olundu və cazmenlər müəmmalı şəkildə yoxa çıxmağa başladılar. Bu qadağalar gənc azərbaycanlı saksofon ifaçısı Pərviz Rüstəmbəyovdan da yan keçmədi. O, Birləşmiş Ştatlara casusluq etməkdə ittiham olunaraq həbs edildi, 1949-cu ildə 27 yaşında müəmmalı şəkildə həyatını dəyişdi.

1953-cü ildə Stalinin ölümü ilə ölkədə qadağalar yumşalmağa başladı. “İstiləşmə” adlanan bu onillikdə iqtisadiyyat yüksəldi və televizorlar geniş yayılmağa başladı. “Uzun sürən qadağalardan sonra insanlar caz dinləmək istəyirdi. Lakin Kommunist Partiyası tərəfindən idarə olunan Komsomol-dan başqa heç bir özəl təşkilatın caz tədbirləri keçirməyə icazəsi yox idi”, Qəmbərov deyir. Janrın necə inkişaf edəcəyini rəsmilər müəyyənləşdirirdi: onların nəzarəti altında caz Moskva Dövlət Konservatoriyasına yol açdı, ansambllar yaradıldı və festivallar keçirilməyə başlandı. Caz musiqiçilərinin təhlükəsiz limanı olan Bakıda isə bu janrın çox unikal bir istiqaməti inkişaf etməyə başlamışdı.

60-cı illərdə caz səhnəsində mühüm hadisələr baş verirdi. 3-5 nəfərdən ibarət olan ansambllar böyük qrupları əvəz etməyə başlamışdı. Onlardan biri 1961-ci ildə Rafiq Babayev tərəfindən yaradılmış və 25 il fəaliyyət göstərən məşhur “Qaya” qrupu idi. Bu dövr görkəmli musiqiçi, pianist Vaqif Mustafazadənin istedadını ortaya çıxardı. Mustafazadə 1967-ci ildə Tallində keçirilən Caz Festivalının qalibi olmuşdu və  Ullis Kanover, B.B. King, Dizzi Gilespi kimi dünya caz musiqisi əfsanələri və şərhçiləri onun sənətinə valeh olmuşdular. Lakin cazın bütün SSSR-də ən yüksək populyarlıq dövrünü görmək Mustafazadəyə nəsib olmur, o, 1979-cu ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən konsertdə ürək tutmasından vəfat edir.

Sovet İttifaqı dağıldıqdan sonra isə çətin 90-cı illər başlanır və insanlar bu yeni qəliz şəraitə öyrəşmək və gündəlik qayğılarla yüklənirlər.

“Mən hətta ən çətin zamanlarda da pianomdan ayrılmadım”, Qəmbərov deyir. “Bir çox musiqiçilər musiqini tərk edib biznes ilə məşğul olmağa başlamışdı. Lakin mən belə edə bilmədim, musiqi ən çətin zamanlarda da mənim həyatımın əsas məqsədi idi. Musiqi, xüsusən də caz xəyanəti bağışlamır. Sanki, deyir ki, “əgər məni bir dəfə tərk etdinsə, bir də geri qayıtma.” 1994-cü ildə Türkiyəyə köçməyə qərar vermişdim. Lakin sənədlərim yolda itdi və gedə bilmədim. Yaxşı ki, elə belə də oldu, çünki bir il sonra hər şey dəyişdi. 1994-cü ildə Əsrin Müqaviləsi (Xəzər dənizində neft hasilatı) imzalandıqdan sonra Bakıya əcnəbilərin axını başladı.”

 

 

Neft bumu ölkənin simasını dəyişdi və caza da yeni bir nəfəs gəldi. “Xatırlayıram ki, bütün klublar həftənin yeddi günü dolu olurdu və musiqiçilərə saatına 25 dollar ödənilirdi. O dövr üçün bu böyük pul idi. Bir günə bütün həftənin xərclərini qarşılayacaq pul qazana bilərdin.”

Qəmbərov 1996-cı ildə Bakustik caz adlı musiqi ansamblını yaratdı.

Bütün bu populyarlığa baxmayaraq, Salman Qəmbərov hesab edir ki, “caz kütlələrin deyil, daha çox intellektual insanların musiqisidir. Həm də ki, artıq 1990-cı illərdəki o zaman bu musiqiyə olan “aclıqdan” irəli gələn maraq qalmayıb. Cazdan qazanc əldə etmək də çox çətindir. Buna görə də bir çox musiqiçilər daha populyar janrlara üz tutur, belə ki, caz klubda ifa etməkdən imtina edib toy və TV şoularda da iştirak edirlər.”

Dünyanın bir çox caz festivallarının qonağı olan Qəmbərov incəsənət və musiqi sahəsinə dövlət dəstəyinin tərəfdarıdır. 2002-ci ildən keçirilən və dünyanın bir sıra məşhur caz ifaçılarını Bakıya toplayan Beynəlxalq Caz festivalı 2015-ci ildə dövlət dəstəyindən məhrum olub. 2016-ci ildə müxtəlif səfirliklər birgə səy göstərərək öz ölkələrinin musiqiçilərini festivala dəvət etsələr də, zəif təşkilatçılıq və dəvət olunanların seçilməsində ciddi meyarların tətbiq olunmaması festivalın keyfiyyətinə təsir edib.

“İqtisadiyyat zəifləyəndə birinci zərbə incəsənətə dəyir. Caz Festival Azərbaycan musiqiçiləri üçün əhəmiyyətli bir hadisədir, onlara istədiyi musiqiçini seçib onunla birlikdə ifa etmək şansı verilirdi. Mədəniyyət və Turizm Nazirliyi ən peşəkar musiqiçiləri Bakıya dəvət edirdi. Bunun Bakı cazmenlərini  necə ruhlandırdığını təsəvvür etmək olar. Axı yalnız belə musiqiçilərlə eyni səhnədə inkişaf edə bilərsən. Tarix boyu Azərbaycanda pianoçular güclü musiqiçilər olub, məsələn, Babayev və Mustafazadə kimi. Lakin tək pianoçular kifayət etmir və bu festival belə boşluqları doldurmaqda kömək edirdi.” Onun fikrincə Bakının böyük caz paytaxtına çevrilmək üçün potensialı var, lakin bunun üçün çox işlər görülməlidir – “daha çox konsertlər, klublar və festivallar”.

 

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin