Abşeronun Bağ Evlərinin axtarışında

Müəlli̇f: Sheyda Allahverdiyeva

01.02.18
Buraxılış: Məkan

Bağ evləri Bakı sakinləri üçün qızmar yayın rütubətindən və qumlu-tozlu isti küləklərdən qaçmaq üçün ən uyğun yer idi. Rusiyadakı daçalar kimi əsasən Xəzər dənizinin yaxınlığında tikilən bağ evləri Azərbaycanlıların istirahət yeri idi. 

“Ayaqyalın….”, 25 yaşlı Sübhan Manafzadə xatırlayır. “çılpaq və ayaqyalın bütün günü qaçırdıq. Bağ evi məhz bu azadlığı təmin edən məkandır.”

63 yaşlı dülgər və həvəskar balıqçı Aleksandr Rodin vaxtının böyük hissəsini 20 il əvvəl Abşeron yarımadasının Mərdəkan kəndində tikdiyi bağında keçirir. “Burada sevdiyim bütün işləri görə bilirəm. Ağac əkirəm, qırılanları təmir edirəm. Həmişə hərəkətdəyəm,” o, deyir. “Burada insanın ömrü uzanır.”

İlk Abşeron kəndləri yarımadaya dənizdən gələ biləcək hücumları uzaqdan görüb müdafiə tədbirləri almaq üçün tikilmiş qala divarlarının ətrafında yaranmağa başladı. Burada bağ evlərinin tikilməsi isə 19-cu əsrin sonlarında başladı. Azərbaycanın Zeynəlabdin Tağıyev, Murtuza Muxtarov və Şəmsi Əsədullayev kimi neft millionerləri bu ərazidə yaşıl baxçalı dəbdəbəli malikanələr tikməkdə bir biri ilə yarışırdılar.

Hazırda əksəriyyəti məhv olan bu malikanələr Abşeronun görünüşünü çox dəyişdi. Lakin daha böyük dəyişikliklər hələ qabaqda idi.

1922-ci ildə Azərbaycan Sovetlər Birliyinə daxil olduqdan sonra hökümət Abşeron yarımadasındakı torpaqları Azərbaycanın incəsənət, elm, iqtisadiyyat və s sahələrdə uğur əldə etmiş görkəmli şəxslərinə verməyə başladı.

26 yaşlı memar Leyla Musayevanın sözlərinə görə, “balkonlu və düz damlı balaca ağ evlər” kəndlərin yeni görünüşün yaratdı.

Yarımadada güclü küləklər əsdiyi üçün sakinlərin evlərinin damı hamar olur və qırla örtülərdi, çünki damlar yüksək olsa, onları külək uçurda bilərdi. Hovuzlar isə yeri qazmaqla deyil, yerin səthindən ucaldılmaqla tikilirdi ki, küləyin gətirdiyi qumlar onu doldurmasın.

Lakin bu ərazilərədə ev tikmək elə də asan deyildi. Xüsusi mülkiyyət yox idi və tikinti materialları tapmaq olduqca çətin idi.

“Tikinti materialalrını əldə etmək üçün hansısa əlaqələr lazım olurdu. Bundan aslı olaraq, evlər əsasən beton, metal və ya taxtadan tikilirdi ki, bu da öz növbəsində evlərin memarlığına ciddi təsir edirdi.”, 26 yaşlı memar Müslüm İmranlı deyir. İmranlı, Manafzadə və Musayeva ilə birlikdə öz memarlıq studiyaları Pillə üçün bağ evləri mövzusunu araşdırıb. “Məsələn, əgər kiminsə qohumu beton fabrikində işləyirdisə, onun evi əsasən betondan tikilərdi”. Evlər yayda istifadə üçün nəzərdə tutulduğundan istilik və bəzən də elektik sistemləri olmurdu. “Məsələ budur ki, məhdudiyyətlərlə yaşamaq bir növ bağdakı həyat tərzi idi,” 39 yaşlı konfliktlərin həlli üzrə mütəxəssis, Jalə Sultanlı deyir. Sultanlı uşaqlıqda yay tətillərini babasının Bakıdan bir saat yarım məsafədə yerləşən Nardaran kəndindəki bağ evində keçirərdi.

“Bizim çox əşyamız yox idi və hər şey açıqda idi. Bağın darvazasını da elə-belə bağlayardıq.” Çox vaxt qonşular yaxın dostlar, ya da qohumlar olurdu, qorunmaq üçün hündür divarlara ehtiyac olmurdu.

“Yayda insanlar açıq havada yatmağa üstünlük verdiyi üçün evlərin böyük verandası olurdu.”

Külək isə daim hər yerdə müşayiət edirdi.

“Biz ancaq hava küləkli olmayanda çimməyə gedə bilirdik”, Sultanlı deyir. “Hər səhər gözümü açan kimi ilk iş yarpaqların səsinə diqqətlə qulaq asıb, hansı küləyin əsdiyini təxmin eləmək idi”.

Yağıntı az olduğundan bağları sulamaq çətin idi. “Ancaq ərik, üzüm, əncir və tut ağacları vardı”, Sultanlı deyir. “Bağda ağac az olsa da günəş işığının bol olması burada bitən meyvələri çox ləzzətli edirdi”.

Suyun keyfiyyəti yaxşı olmasa da, su quyularının qazılması Abşeronun yay kəndlərinin inkişafını gücləndirdi. Memar Sübhan Manafzadə deyir ki, nənəsinin Şüvəlandakı bağındakı quyunun suyu duzludur. “Suyu içmək olur, lakin bu suda sabun köpüklənmir. Bu isə böyük problemdir,” o, gülür.

Bağ evləri mövzusu nostaljik hislər oyatsalar da, bir çox azərbaycanlılar onların dövrünün sona yetdiyini hesab edir. İqtisadi yüksəliş və daxili turizmin yayılması ilə orta təbəqəyə mənsub bakılılar istirahətə xaricə getməyə və ya Azərbaycanın digər bölgələrinə səfər etməyə başladılar. 39 yaşlı urbanizm tədqiqatçı  Rəşad Şirinin sözlərinə görə, dəniz kənarına gedənlər əsasən uşaq bağçaları, kinoteatrlar, hipermarketlar və digər infrastrukturu olan olan kəndlərə üstünlük verirlər.

Beləliklə bir çox ərazilərdə tipik bağ evlərini dəbdəbəli iqamətgahlar əvəz edir.

Dülgər Rodin öz bağı ilə qonşunun tikintisi hələ illərdir qurtarmayan beşmərtəbəli villası arasında ucaldılan yeddi metrlik divarı göstərir. “İnsanlar başqalarının onun evini və həyat tərzini  görməsindən ehtiyat edir. Onlar qorxurlar ki, başqalarının gözü dəyər” o, deyir.

Kəndin memarlığında olan dəyişikliyə baxmayaraq, bir çox insan hələ də yarımadada keçirdiyi vaxtdan böyük həzz alır.

“Burda nəfəs almaq olur. Dəniz böyükdür; üfüqdür”, memar Musayeva deyir. “ona baxırsan, sonra çevrilib ətrafa baxırsan və bu yarımadanın genişliyini yenidən görürsən….İnsanlar burada harmoniya tapa biliblər.”

 

Xəzər dənizi Abşeron bağlarının ayrılmaz hissəsidir. Türkan çimərliyi yaxınlığında balıqçı qayığı.
Cənub tərəfdə su daha durğun olduğundan, Abşeronun bu hissəsindəki çimərlikləri şimaldakılara nisbətən daha az populyardır.
Abşeron Milli Parkı.
Artyom (Pirallahı) qəsəbəsində balıqçılar.
Jalə Sultanlının sözlərinə görə, “cənubun isti küləyi çoxlu meduzanı sahilə gətirir və onlarla çimmək heç də xoş olmur.” Türkan.
Zaqulbada balıqçı daxması.
Abşeron Milli Parkında 50-dən çox quş və heyvan növü, həmçinin 25 cür bitki növü var.
Əncir ağacları Abşeron təbiətində ən çox rast gəlinən bitkilərdəndir.
Güclü küləklər səbəbindən ağaclar çox vaxt ucala bilmir.
Abşeronun küləyinin nə dərəcədə güclü olduğunu bu kafeyə baxanda görmək olar. Ancaq yayda işlədilən kafe hər il yaz aylarında yenidən təmir olunur.
Abşeron çimərliklərindəki dekorativ elementlər yarımadanın sərt qışından çıxa bilmir.
Yazın əvvələrində Bilgəh çimərliyi.
Mərdəkandakı bu kafedə “Ancaq ailələr” yazılan nişan var. Bu isə gənc cütlükləri məkandan uzaq tutmaq üçündü.
Mərdəkandakı balıqçının maşını qumda sürməyə uyğunlaşdırılıb.
Günəş və dənizə baxmayaraq, Abşeron yarımadasının iqlimi olduqca sərtdir. Şıx qəsəbəsində torpaq quraqlıqdan çatlayır.
Azərbaycanın neft sənayesi 19-cu əsrdə Abşeron yarmadasının Bibiheybət kəndində başlayıb.
Təzə Bazarda Xəzər dənizindən tutulan krevet və balıqların satışı.
Neft millioneri Murtuza Muxtarovun Mərdəkandakı villası ilk yay iqamətgahlarından biri idi. İndi onun dağıntıları Dendrologiya İnstitutunun bir parçasıdır.
Buzovnada qaz və elektrik xətləriylə ağacların budaqları bir-birinə qarışıb.
Əhəngdaşından hörülmüş divar və göy darvaza Abşeronun kəndlərində çox yayılıb. Hövsan.
63 yaşlı dülgər Rodin Mərdəkandakı bağını öz əlləri ilə tikdiyi üçün fəxr edir. “Yayda bura gələnlər evə girmək istəmir, bütün vaxtını həyətdə keçirmək istəyir.” O deyir. “Buna görə də böyük ev lazımsız bir şeydir.
Aleksandr Rodinin Mərdəkandakı bağ evindəki yataq otağı.
Abşeron kəndlərinə məxsus balaca evlərdən fərqli olaraq, bu yeni tikilən evin hündür divarları və divarlarda quş yuvaları var.
Mərdəkanın köhnə və yeni divarları
Keçmişdə bağ evlərinin divarları çox alçaq tikilirdi, qonşular isə əsasən yaxın dostlar və ya qohumlar olurdu.
Abşeronun şimal-şərqində yerləşən Türkan kəndində hasarlanmış dəniz bu ərazinin şəxsi mülkiyyət olduğunu göstərir. Torpaq dənizə nə qədər yaxındısa, o qədər bahadır.
Buzovnada sakit bir küçə.
İnsanların istrahət zövqləri dəyişdiyi üçün Abşeronun bir çox evləri satışa çıxarılıb.
Türkandakı bağ evinin eyvanından görünən tut və üzüm ağacları.
Abşeronun meyvə bağları. Tutu ağacdan dərib yeyəndə daha ləzzətli olur.
Abşeronun başqa yerlərində olduğu kimi, Şüvələndakı bu bağ evində də tənək kölgəsi və meyvəsinə görə çox əhəmiyyətli sayılır. (şəklin müəllifi - Sübhan Manafzadə)
Abşeronda ən məhşur qəlyanaltı duzlu keçi pendiri, çörək və qarpızdır.
Küləyin qumu doldurmasının qarşısını almaq üçün bağ evinin hovuzları adətən Vişnevkada olduğu kimi yerdən hündür tikilirdi, Sübhan Manafzadə deyir. “Onlar bəzən doğrudan da çox hündür olur.”
Xəzərin sahillərində böyüyənlər üçün dənizi qoyub evə getmək ən kədərli uşaqlıq xatirələrindən biridir.
Abşeronda sərgidə quruyan paltarı vaxtında toplamasan, Xəzərdən gələn duzlu dəniz küləyin paltarları codlaşdırır.
Azərbaycanlıların çoxu inanır ki, əgər yayda bol günəş şüası qəbul etsən və idman etsən, qışda da xəstələnməzsən.
Qonşu Buzovnadakı baş evində göyərçin saxlayır. Göyərçin saxlama Abşeronda
Abseronun Buzovna kəndində tikintisi başa çatmayan daha bir villa
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin