Oxuduğunuz foto hekayə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan vizual hekayələr paylaşıb.
Ən erkən xatirələrində nənəm rəngbərəng yastıqlar və kilimlərlə döşənmiş qonaq otağında valideynlərinə ucadan kitab oxuyur.
“1900-cü ilin əvvəllərində qızları məktəbə qoymurdular, ona görə də anam yazıb oxumaq bacarmırdı. Amma, həm anam, həm də atam romanların böyük həvəskarı idi,” deyə xatırlayır.
“Hər axşam yığılardıq və qardaşlarımda birlikdə “Robinzon Kruzo”, “Kapitan Qrantın uşaqları” kimi əsərləri onlara oxuyardıq. Televizor yox idi və bu, bizim axşam əyləncəmiz idi. Ancaq mən Moskvaya oxumağa gedəndə anam Azərbaycan əlifbasını öyrənmişdi ki, mənə məktub yaza bilsin. Əyri-üyrü xətti var idi.”
Afərdə Rəsulova mənim nənəmdir. 1931-ci ildə Sovet hökuməti qurulandan təxminən on il sonra dünyaya göz açan nənəm ailəsinin universitet təhsili alan ilk üzvü idi. Lakin bu ancaq başlanğıc idi. Belə ki, o, peşəkar tekstil dizayneri – dessinator olur və 1970-ci illərdə karyerasının ən yüksək zirvəsində öz doğma şəhəri Şəkidə Sovet Respublikaları arasında ən iri ipək kombinatlarından biri olan Şəki İpək Kombinatının qabaqcıl mühəndisi işləyir. 1972-ci ildə yerli şuraya deputat seçilir, Şəki Texnikumunda tekstil mühəndisliyindən dərs deyir. Həm də bütün bunların öhdəsindən üç övladı üçün qayğıkeş bir ana olmaqla yanaşı gəlir.
Möhkəm iradəli və əzmli xarakteri ilə seçilən nənəm həyatında öz ətrafındakı qadınların əksəriyyətindən daha böyük şeylər əldə etsə də, gördüyü işlər barədə elə təvazökar danışır ki, elə bil nahardakı yemək kimi sadə mövzulardan bəhs edir.
İmkanları çox da geniş olmayan bir ailədən çıxdığı üçün nə isə əldə etməyin yeganə yolu oxumaqdan və çox çalışmaqdan keçirdi və özləri savadsız olsa da, dünyaya açıq baxışları olan valideynləri də həm nənəmə, həm onun qardaşlarına bu işdə dəstək idilər.
1950-ci illər SSRİ-də sürətli dəyişikliklər zamanı idi – buna görə də Afərdənin nailiyyətləri müəyyən qədər bu hadisələrin təbii nəticəsi idi və həmyaşıdları arasında da onun kimi seçilən gənclərə rast gəlmək olardı. Lakin ondan əvvəlki nəsil ilə arada olan fərqlər yerlə göy qədər idi. Zəhmətkeş şagird olan nənəm məktəbi qızıl medalla bitirmişdi və bu da ona qəbul imtahanı vermədən SSRİ-in istənilən təhsil ocağına daxil olmaq imkan vermişdi. İstedadlı pianist olsa da, nənəm o zamanlar “nüfuzlu peşə” hesab olunan mühəndisliyi seçmiş və beləcə 1951-ci ildə Moskva Tekstil İnstitutuna (hazırda Moskva Dövlət Tekstil İnstitutu) daxil olmuşdu.
“O zamanlar xaricdə oxumaq olduqca cəsarətli bir addım idi; xüsusən də Şəkidə.”
Cəsarətli olsa da, nənəmin bəxti də müəyyən qədər gətirmişdi. Valideynləri onun maraqlarını anlayırdılar – onlar haqqında danışanda çox istedadlı olduqlarını, amma, təhsil ala bilmədiklərini qeyd edir. Onun gələcək həyat yoldaşı da özü kimi açıq fikirli və proqressiv idi.
“Bir neçə pərəstişkarım var idi, amma heç birindən xoşum gəlmirdi.” Biri kürən idi (onun zövqünə heç uyğun deyil), ikincisinin ali savadı yox idi, üçüncüsü isə “molla” idi. “O, oruc tutar, namaz qılardı,” nənəm xatırlayır. “Mən bilirdim ki, Raufun anası məni yayda corab geymək və başımı bağlamaq kimi absurd şeylərə məcbur etməyəcək. Onun üçün də Moskvada oxuyan bir qızla evlənmək üstünlük idi.”
Nənəm 1955-ci ilin yazında məzun olur, 7 noyabrda isə Raufa ərə gəlir. Həmin gün Oktyabr İnqilabının ildönümü münasibətilə qeyd olunan Razılıq və Anlayış bayramı idi və hər yerdə paradlar və nümayişlər var idi.
“Buna qədər Rauf yalnız bir dəfə bizim evə 21 yanvarda, mənim ad günümdə gəlmişdi və mənə “Krasnaya Moskva” (Qırmızı Moskva) hədiyyə etmişdi.”
Toy olduqca sadə idi – 30 nəfərə yaxın adam evdə yığılmışdı. Makiyaj və ağ gəlin paltarı da yox idi.
“Nişanda Raufun ailəsi mənə mavi krep-satin parça hədiyyə eləmişdi. Onun bir tərəfi parlaq, o biri tərəfi isə mat idi. Tamillanın [nənənim ən yaxın rəfiqəsi]” anası dərzi idi. O, parçanın mat tərəfindən mənə bir don tikdi, parıldayan tərəfi ilə də dona bir az dekorativ elementlər əlavə etdi. Sonradan həmin donu işə də geyirdim.”
Mənim mərhum babam da çox qeyri-adi bir adam idi – hündürboy və yaraşıqlı, eqosentrik və avtoritar. İndi geriyə baxanda düşünürəm ki, o, nənəm üçün həm ilham mənbəyi, həm də nailiyyət əldə etməyə sövq edən bir qüvvə idi.
Ailə bir tərəfə, 20 il ərzində Afərdənin həyatının mərkəzi hissəsi rənglər, naxışlar tekstil təşkil edirdi: İpək Kombinatında onun vəzifəsi yeni parça strukturları hazırlamaq idi. İş olduqca ağır idi və tez-tez konfrans və sərgilərdə iştirak etmək üçün səyahət etmək lazım olurdu. Lakin o, çox arzu etdiyi İstanbulu da görə bilməmişdi.
“Sovet vaxtı İstanbula getmək çox çətin idi. Xüsusi icazə lazım idi.” Nənəm heç vaxt belə məsələləri başa düşə bilmir.
Üç uşaqla bunların öhdəsindən gəlmək zarafat deyil və yaxın qohumlar arasında ona kömək ola biləcək adamların sayı çox az idi.
Onun üçün əhəmiyyəti olan işinə hörmət və uğur qazanmaq idi.
O, Sovet dövrünün prinsiplərini və qaydalarını dəstəkləyirdi, amma, razı olmadığı məsələlər ilə bağlı fərqli fikirlərini bildirməkdən də heç vaxt çəkinməzdi. Məsələn, şəhər sovetinin o zamankı sədrini yenidən seçmək üçün görüşdə bildirmişdi ki, ikinci dövrdə qalmaq üçün həmin sədr heç nə etməyib, küçələrdən su axmaqda davam edir, yolların vəziyyəti, infrastrukturun yaradılması üçün heç nə etməyib. Amma, Sovet vaxtları idi, ona qulaq asan yox idi və həmin şəxs yenidən seçildi.
Nənəm üçün kommunizm heç vaxt sitayiş ediləcək bir büt olmayıb. 1953-cü ildə Stalin öləndə nənəm də Moskvada onun cəsədini görmək istəyən minlərlə şəxsin içində idi. Lakin yolun yarısında qərar verir ki, bu əziyyətə dəyməz və yarımçıq qayıdır.
SSRİ sadəcə nənənim doğulduğu bir məkandır. Lakin həmin illərə əldə etdiyi təcrübəyə görə minnətdardır.