Azərbaycanda pirlər: İnanc, Müalicə, Ruhi Axtarış

Müəlli̇f: ,

27.09.18
Buraxılış: Dini inanclar

Başını örtmüş iki qadın alçaq tağın altından keçmək üçün aşağı əyilir. Onlar addımlarına diqqət edirlər: tağın altına sağ addım ilə girib sol addımla çıxmalıdırlar.

Maştağa qəsəbəsində yerləşən “Səkkiz Qapı” pirinə gələn hamı kimi onlar da bu prosesi ziyarətgahın 8 tağının hər birindən keçməklə 8 dəfə təkrarlamış olurlar. 

“Səkkiz Qapı” kimi pirlər Azərbaycanda insanlar arasında xeyli populyarlığa malikdirlər. İstər şəhərlərdə, istərsə də kəndlərdə yerləşsin, onları müəyyənləşdirən bir neçə meyar mövcuddur. Dini məbədlər böyük bir tikili kompleksi, qaya yığınları, yaxud budaqlarına dəsmal bağlanmış bir ağac da ola bilər. Əsas məsələ isə onların mənəvi əhəmiyyəti və xalq inancına görə, müalicəvi gücüdür.

Bu ibadətgahlar İslam inancı ilə xalq arasındakı “əməli saleh” şəxslərə və onların məzarlarına hörməti özündə birləşdirir.

Azərbaycanda bu məbədlər böyük tarixi keçmişə malikdir. Zərdüştlükdən yəhudiliyə, xristianlıqdan müsəlmanlığa, o cümlədən SSRİ-nin rəsmi ateizm siyasətinə qədər yol qət etmiş coğrafiyada bu ziyarətgahlar özündə Qafqazdakı fərqli inancların izlərini ehtiva edir.

Rəsmi bir siyahı olmasa da, dünyəviliyi ilə öyünən ölkədə ziyarətgahlara pənah aparan yüzlərlə insan var və onların sayı artmaqdadır.

Şiə müsəlman cəmiyyətlərində müqəddəs hesab olunan şəxslərə xüsusi hörmət saxlanılır. Teoloqlara görə, müqəddəslik yüklənmiş şəxsiyyətlər və onların adı ilə bağlı pirlər heç də ora ziyarətə gedənlərin dini etiqadından xəbər vermir. Azərbaycanda gündəlik məscidə ibadətə gedənlərin sayı ümumi əhalinin sayına nisbətdə xeyli azdır; azərbaycanlılar özlərini müsəlman olaraq görsələr də, onların teologiya və dini rituallara dair bilikləri dardır.

Bu, əsasən kommunizmin əldə etdiyi nəticədir. Sovet İttifaqında, məlumdur ki, dövlət ciddi şəkildə dinləri, məscidləri, kilsələri və ibadətgahları hədəfə almışdı. Azərbaycanda pirləri araşdırmış Bruce Grant, Nyu York Universitetinin antropologiya üzrə professoru yazır ki, “Sovet dövründə müsəlmanların üstünlük təşkil etdiyi respublikada məscidlərin sayı təxminən 2 mindən 20-yə qədər azaldılmışdı”. Bundan sonra qaçılmaz olaraq, dini biliklər də zəifləməyə başlayıb.

Paradoksal olaraq, Azərbaycanda ziyarətgahların populyarlığı bu təzyiqlərə mütənasib olaraq inkişaf edib. Sistematik bir şəkildə din olmadığı üçün SSRİ dövründə ziyarətgahlara baş çəkmək insanların öz inanclarına sadiq qalmağının və dövlətdən asılı olmamağın yeganə vasitəsinə çevrilib. Bu populyarlaşmada əksəriyyətin şiə olduğu ölkədə hökumətin dini ekstremizmə qarşı mübarizəsi ilə əlaqədar hazırkı fəaliyyəti də rol oynaya bilər.

Müsəlmanlar üçün müqəddəs şəhər olan Məkkəyə həccə getmək hər azərbaycanlı üçün əlçatan və asan deyil – həm maddi, həm də bürokratik maneələrə görə. Bu mənada ziyarətgahlara getmək daha rahat alternativ hesab edilir.

Dindən bəhs edərkən inanclıları müxtəlif kateqoriyalara bölmək çox asandır. Lakin Azərbaycandakı, eləcə də başqa yerlərdəki ziyarətgahlar, müqəddəs məbədlərə gəlincə, onlar sərt cizgilər çəkib ayırmaq bir qədər çətindir, çünki onlar özündə şiə və sünni İslamından, yerli ibtidai inanclardan, o cümlədən Xristanlıqdan əlamətlər ehtiva edir.

Bu məsələlər isə “Səkkiz Qapı”ya gəlmiş qadınlar üçün böyük əhəmiyyət kəsb etmir. Onlar pirdəki 8-ci qapıdan çıxan zaman qəflətən tağın üstündəki dəmir lövhənin üstünə dəmir parçası vurulur. Bu qəfil səs ziyarətçilərdə olan qorxunun çıxarılması üçündür.

Əsası 17-ci əsrdə qoyulan “Əli ayağı” ziyarətgahı Bakıdan təxminən 40 km uzaqlıqda yerləşən Buzovna kəndində yerləşir.
Rəvayətə görə, kənd ağsaqqallarından biri yuxusunda İmam Əlinin atı ilə bu ərazilərdə olduğunu görüb. Kənd sakini yuxusunu təsdiqləmək üçün həmin əraziyə gəlib və yuxuda gördüyü izləri tapıb. O vaxtdan bu günədək həmin ərazi "Əli ayağı" adı ilə insanların inanc yerinə çevrilir.
Ziyarətgaha pənah gətirənlər. Bura gələn insanlar müxtəlif xəstəliklərdən şəfa tapacaqlarına, işlərinin düzələcəyinə ümid edərək dua edirlər.
Ziyarətə gəlmiş yaşlı qadın “Qurani Kərim”i öpərək dualar edir. Arxa tərəfdəki İraqın Nəcəf şəhərindəki İmam Əli Məscidinin şəklidir.
Pirin içərisində şüşə çərçivəyə salınmış ayaq izinin İmam Əliyə aid olduğuna inanılır.
İnanclılar burdakı izin İmam Əlinin atının ayaq izi olduğuna inanırlar.
Ziyarətçilər Nəcəfdəki İmam Əli Məscidinin fotosu önündə dua edirlər.
“8 qapı” adlanan pir Bakıdan təxminən 30 km uzaqlıqda yerləşən Maştağa qəsəbəsində yerləşir.
Deyilənə görə, ürəyində hər hansı niyyət tutub bu 8 qapının hər birindən keçən şəxsin diləyi çin olur.
Hər 8 küncün nömrələnmiş qapısı var. Deyilənə görə, buranı Pəri adlı yerli sakin tikdirib və bura həmçinin çıldaq kimi də fəaliyyət göstərir.
Bələdçi qadın gələnlərə izah edir ki, hər tağın içindən sağ ayaqla daxil olub sol ayaqla çıxmaq lazımdır.
Sonuncu qapıdan çıxan zaman qəflətən tağın üstündəki dəmir lövhənin üstünə dəmir parçası vurulur. İnanırlar ki, bu qəfil səs insanda olan qorxunu uzaqlaşdırır.
“8 qapı”nın ətrafında 15 məzar var ki, onların seyid nəslindən olan şəxslərə aid olduğu deyilir.
Maştağa qəsəbəsində yerləşən Seyid Ibad ağa pirində İmam Əli və Seyid İbad Ağanın portretləri
Seyid İbad ağa 1900-cü ildə Maştağa kəndində doğulub və burada yaşayıb. O, xalq arasında böyük nüfuz sahibi olub və 1972-ci ildə vəfat etdikdən sonra da insanlar onu hörmətlə anırlar.
Seyid İbad ağanın şəkli. Bəzi inanclı insanlar bu şəkilləri evlərində, maşınlarında və digər görünən yerlərdə saxlayırlar.
Ziyarətə gələn kişi Pirsaat Baba pirinin qarşısında dua edir. Pirsaat Baba piri Bakı-Şamaxı yolunda, Pirsaatçayın yaxınlığında yerləşir. Buranın müqəddəs ocaq olaraq tarixi XV əsrə gedib çıxsa da, qazıntılar zamanı qalıqlar, izlər tapılmayıb. 1993-cü ildə fərdi ianələr əsasında pirin tikintisi tamamlanıb.
Rəvayətə görə qədim zamanlarda bir kişi yuxusunda yaxın zamanlarda dəhşətli zəlzələ baş verəcəyini görüb və bu haqda yerli camaatı xəbərdar edib, lakin ona heç kəs inanmayıb. Zəlzələ baş verir, çoxlu insan ölür, kişi isə bundan öncə kəndi tərk edərək buralarda məskunlaşır. Bu hadisədən sonra camaat kişini ziyarət etməyə başlayır, onun şəfa verdiyi barədə xəbərlər dolaşır.
Pirin ərazisi 4x4 metrdir və daşla hörülüb. İçərisində üç məzar var, amma kimlərin dəfn edildiyi məlum deyil.
Şamaxıdakı Pirsaat Baba pirinə gətirilmiş çiçəklər.
Pirsaat Baba pirində bir qab və daş... Bəzi pirlərdə insanlar nəzir olaraq nağd pul verirlər.

Sentyabr, 2018 / Dini İnanclar

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin