“Ev”ə aid olmayan qızlar
Bakıda universiteti bitirəndən sonra Aytac Ağazadə rayona qayıtmamaq və şəhərdə qalıb yaşamaq qərarının valideynləri tərəfindən pis qarşılanacağını bilirdi. Ancaq ağlına da gəlmirdi ki, onun sənədlərini əlindən alıb özünü də Lənkəranda evə həbs edəcəklər… 22 yaşlı Fidan İsmayıl da gözləmirdi ki, valideynləri onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına yerləşdirəcək...
Bu nümunələr ekstremal hadisə kimi səslənə bilər, amma Azərbaycanda ailədən ayrı, müstəqil yaşamaq istəyən qızlar ən yaxşı halda qaşqabaqla üzləşir, ən pis halda isə zorakılığa məruz qalırlar.
Bakıda bu məsələyə münasibət bir qədər rahatdır, amma sosial normalar paytaxdan kənarda hələ də hökmranlıq edir: erkən nikahlar reallıq olaraq qalmaqdadır, yetkinlik yaşına çatmış qızlar isə ata evindən çıxıb ancaq və ancaq ər evinə gedə bilərlər. Ailə institutu və ev anlayışı azərbaycanlı arxetipində ən ali dəyər hesab olunur.
“Uşaqlar evdən yalnız təhsil, ya da evlilik adıyla ayrıla bilərlər” – deyə, Sosial Xidmətlər Mərkəzinin təsisçisi, sosioloq Sənubər Heydərova izah edir.
“Ailə başqa heç bir halda uşağın müstəqilliyini fikrinə yerləşdirə bilmir. Və ailə üzərində diqqəti bu qədər cəmləşdirmək xəstə asılılıq yaradır. Problem, təbii ki, uşaqda deyil, ondan ayrılmaq istəməyən valideyndədir”.
Bu sosial norma oğlanlara da aiddir, lakin göbək bağını kəsmək istəyi tabuya çevrilmiş qızların həyatına daha çox təsir edir.
Paytaxtda təhsil almaq imkanı azadlıq üçün bir pəncərə açır. Bəzi qadınlar şəhərdə yaşayan qohumlarında qalır, bəziləri tələbə yataqxanalarında, bir qisim isə mənzil kirayələməyə çalışır. Məzun olduqda isə ciddi bir dilemma qarşısında qalırlar: ya evə qayıdıb onun üçün planlaşdırılmış ailə həyatına qədəm qoymaq, yaxud da paytaxtda qalıb iş tapmaq. İkincini seçənlər üçün həyat kabusa çevrilə bilər.
TƏK YAŞAMAQ VƏ HİCABI AÇMAQ
Aytac Ağazadə 2014-cü ildə Bakıya təhsil almağa gələndə 18 yaşı vardı. Həmin vaxt o, dayısıgildə qalırdı. Aytac inanclı müsəlman və hicablı idi. Məzun olana yaxın onun dini dünyagörüşündə dəyişikliklər baş verdi və o, baş örtüyünü açmaq qərarı aldı. Eyni zamanda planlaşdırdı ki, Bakıda qalıb müəllimə kimi işləsin.
Valideynlərinin bu qərara reaksiyası onun qorxularını daha da artırıb. Kiçik qardaşını rayondan göndəriblər ki, ona nəzarət etsin. Aytac qardaşı ilə birlikdə bir müddət yaşayıb və bu müddətdə bir neçə dəfə onun tərəfindən döyülüb.
Ailəsi onun “pis yola düşməsi”, spirtli içki içməsi və evə gec gəlməsini iddia edən mesajlar almağa başlayanda gərginlik də artıb.
2018-ci ilin noyabrında Aytac zorla Lənkərana aparılıb, evə həbs edilib və pasportu əlindən alınıb. Dostlarından birinin köməyilə o, evdən qaçmağı bacarıb və Bakıya qayıdıb – burada o qadın hüquqlarını müdafiə edən bir təşkilat tərəfindən hüquqi yardım alıb.
Ağazadə başına gələnləri ictimailəşdirməkdən çəkinməyib – o, ailəsinin hədələri, eyni zamanda onu və dostunu tutmaq üçün polisə rüşvət vermələrinə dair faktları sosial media vasitəsilə paylaşıb. Bu açıqlamaya yüzlərlə insanın reaksiyası onun özünə güvənini artırıb.
Polis də işi bağlayıb. Lakin ailəsinə qohum-qonşunun təzyiqi, qınağı davam etdikcə, ailəsi də ona təzyiqi davam etdirib.
“Məndən soruşurdular ki, evə gəlmək istəyirsən? Deyəndə ki yox, başlayırdılar ağlamağa və deyirdilər ki, niyə hər şey bu vəziyyətə gəlib çatıb. Ətrafdan insanlar onlara durmadan təzyiq edirdilər və məni soruşurdular. Bu vəziyyət onları başı aşağı edib və indi hamı onlara gülür”, Aytac Ağazadə deyir.
“O, RUHİ XƏSTƏDİR”
İxtisasca nəqliyyat mühəndisi olan və müstəqillik arzusuyla yaşayan Fidan İsmayıl indiyədək müxtəlif yerlərdə işləyib – barda ofisiant olmaqdan tutmuş, Dövlət Neft Şirkətində mühəndisliyə qədər… Kiçik yaşlarından rəssam olmaq istəsə də, valideynləri bu sahəni qızlarına layiqli peşə hesab etməyiblər.
Ailəsilə birlikdə Sumqayıtda yaşamış Fidan bir gün evə tatu ilə gəlir və valideynlərinin hiddətinə səbəb olur. Bu hadisə onun evdən qaçmağı ilə nəticələnir. Həmin vaxt Fidan 21 yaşında idi.
“Atam məni tutdu, anam isə sobada bıçağı qızdırdı və tatumun üstünə basmaqla onu silməyə çalışdılar”, deyə 24 yaşlı gənc xatırlayır.
“Başa düşdüm ki, bu zorakılığa tab gətirə bilməyəcəyəm, ona görə də dedim ki, evdən köçürəm. Buna cavab olaraq məni evə bağladılar və pasportumu əlimdən aldılar. Xoşbəxtlikdən, sonradan Bakıya qaçmağı bacardım”.
Amma iş bununla bitməyib. Fidanın yerini tapan valideynləri polisə şikayət edərək bildiriblər ki, o, ruhi xəstədir, nə etdiyini bilmir və köməyə ehtiyacı var. Polisin də iştirakı və dəstəyi ilə ailəsi Fidanı Sumqayıtda psixiatriya xəstəxanasına yerləşdirir, ona şok terapiyası tətbiq olunur.
“Mən gözümü açanda nənəmgildəydim. Bununla da, təxminən bir ilim orda keçdi”.
Fidan İsmayıl ailəsindən xilas olmaq üçün bir dostu ilə saxta nikaha girməyi düşünsə də, plan baş tutmayıb. Lakin o, yenidən evdən qaçıb; bu dəfə Bakıda zorakılıq qurbanı olan qadınlara yardım edən təşkilatın hüquqşünası ilə əlaqə yaradıb.
Ailəsini məhkəməyə verəcəyi ilə qorxudandan sonra valideynləri Fidandan əl çəkiblər. O, kiçik qardaşı ilə münasibət saxlayaraq valideynlərilə də təmasda qalır.
Hazırda Fidan tək yaşayır və tatu ustası işləyir. O, həmçinin saç hörükləri hazırlayır, eyni zamanda rəsmlə məşğuldur. Onun mənzili rəsmlər, eskizlər və kitablarla doludur –artıq heç kəs onun çəkdiyi rəsmləri zibil qutusuna atmır.
“HƏYATIM ÖZÜMƏ AİD DEYİL”
Lalə (öz adı deyi) 25 yaşındadır, maddi olaraq heç kəsdən asılı olmayan memardır. Amma valideynlərinin yanından ayrılmağa ehtiyat edir; qorxur ki, evlərini tərk etsə, bu, ata-anasının səhhətinə pis təsir göstərər.
“Evin kiçik uşağıyam. Valideynlərim yetərincə yaşlıdır və mən evdən çıxmaq istədiyimi desəm, onlara nəsə ola bilər”.
Valideynləri ilə yaşamaq ona asan başa gəlmir – o, axşam evə erkən gəlməlidir, valideynləri ilə daim təmasda olmalıdır və bayırdadırsa, kiminlə olduğunu evdəkilərə xəbər verməlidir.
“İnsanlarla normal münasibət qura bilmirəm. Həyatım özümə aid deyil və buna görə də komplekslərim yaranıb”.
Hətta evdə belə onun muxtariyyəti məhduddur, çünki hər şey anasının nəzarəti altındadır. “Demək olar ki, paltaryuyan maşının necə işlədiyini belə bilmirəm”, Lalə deyir.
Lalənin sevgilisi var, o istərdi ki, gələcəkdə onunla birlikdə evə çıxsın, lakin bunun reallığa uyğun olmadığını da bilir, çünki valideynlərinin əzab çəkməsinə səbəb ola bilər. Təzyiq altında yaşayışdan xilas olmağın tək yolu kimi o, xaricdə təhsil almaq üçün köçməyi görür.
Qəribə səslənsə də, Azərbaycanda əksəriyyət üçün, eləcə də Lalənin valideynləri üçün qızın başqa ölkəyə oxumağa getməyi daha məqbuldur, nəinki valideynlərilə eyni ölkədə ayrı-ayrı evlərdə yaşamaq.
“QAYITDIM Kİ, ÖZÜMƏ GƏLİM”
El Viento Səriyə İbrahimlinin kiçik xəyalı idi. Bu kafeni o özü dizayn etmişdi; burda müxtəlif çaylar dəmləmək və sağlam yeməklər hazırlamaqla məşğul idi.
Ata-anasının isə onunla bağlı başqa planları vardı, ona görə də 3 il əvvəl ailəsindən ayrılıb müstəqil yaşayan 20 yaşlı Səriyənin kafe açmağı valideynləri ilə münaqişəyə səbəb olmuşdu.
İndi Səriyə valideynlərinin yanındadır. Tək yaşamaq ağır iş idi, deyə Səriyə gülür, lakin bunu böyümək üçün atdığı zəruri addım hesab edir. Ev kirayəsi və gündəlik ehtiyacları qarşılamaq üçün çox pul qazanmaq məcburiyyəti onu valideynlərinin evinə qayıtmağa məcbur edib.
“Mən nə etmək istədiyimi başa düşmək istəyirdim, nəsə yeni bir şey etmək istəyirdim. İstəyirdim maddi sıxıntı olmadan bir az ailəmin yanında, komfort zonamda bir qədər qalım”.
İbrahimli düşünür ki, hər kəsin müəyyən qədər müstəqil yaşamaq ehtiyacı var.
O, hazırda stilist və qida fotoqrafı kimi işləyir. Valideynləri ilə münasibəti yaxşılaşsa da, Səriyə deyir ki, onlar iki ayrı planetdə yaşayırlar.
“Valideynlər şıltaq uşaq kimidirlər; onlar çalışırlar ki, məqsədlərinə çatmaq üçün səni manipulyasiya etsinlər. Onlara istədikləri şey verməyəndə və bunun səbəbini açıqlayanda bir qədər təmkinli davranırlar. Ona görə də öz mövqeyimizi dəfələrlə səbrli şəkildə möhkəmləndirməliyik”.
[Səriyə İbrahimli bu müsahibədən sonra özünün yeni mənzilinə köçüb]
Gənclik
Fevral/Mart 2019
ianə verin