Kişilərin maşın azartı

Müəlli̇f: Sheyda Allahverdiyeva
16.05.19
Buraxılış: Maskulinizm

Rəfiqəm Gülnarla birlikdə bir axşam görüşüb əylənməyi planlaşdırırdıq ki, o, əri və dostlarının bizə qoşulacağını bildirdi. Onlar gəldikdən sonra isə söhbətin məzmunu dərhal başqa yönə dəyişdi: Maşınlar. Və beləliklə, rəfiqəmlə görüşüm kişilərin öz maşınlarını sazlamağa dair planları haqqında müzakirə masasına çevrildi: avtomobili kosmik gəmiyə necə çevirmək, tavanında ulduzlu gecə görüntüsü yaratmaq və s.

Son illərdə Azərbaycanda maşın tuninqi etmək, zövqə görə maşınların hissələrini dəyişdirmək xeyli populyarlaşıb.

32 yaşlı Arif Zeynalov 2008-ci ildə Bakıda tuninq xidməti göstərən “Azart” adlı bir mərkəz açıb. Arif bu sahədə fəaliyyətinə maşın hissələri satışı ilə başlayıb. “Amma həmişə bu planım var idi ki, avtomobil tuninqi biznesinə girim”, o deyir.

“Azart” kişilərdən ibarət bir dünyadır: 33 işçinin hamısı kişidir. İşlədikləri qaranlıq industrial məkanda yenidən yığılmaq üçün gətirilmiş və müxtəlif mərhələdə olan avtomobillər gözə dəyir. Arifin dediyinə görə, bu avtomobillərin 90 faizi, əlbəttə ki, kişilərindir.

Kişilərin avtomobillərə bu aşkar aludəçiliyini nə ilə izah etmək olar? Avstraliyalı feminist yazıçı Germaine Greer Daily Telegraph qəzetində 2002-ci ildə yazdığı məqalədə qeyd edir ki, kişi və avtomobili arasında əlaqə Freyd nəzəriyyəsinə əsasən, onların ereksiya fantaziyalarının mühərrik vasitəsilə realizə edilməsindən irəli gəlir.

“Maşın bir feminin obyektdir ki, kişi istədiyi vaxt içərisinə daxil ola bilir; bu, onun özünü iqtidar hiss etməsi üçün sarsılmaz bir dəlildir - ta ki, tıxacda ilişib qalana qədər” - deyə, Greer yazır.

“Əslində bu romantik münasibət cinsi yetkinlik dövründən əvvəl - körpə uşaq öz ilk təkərli oyuncağı ilə tanış olanda başlayır. Maşın uşaq üçün daha sürətlə hərəkət etdirən bir təmsildir. Eyni şeyi körpə qız da hiss edə bilər, lakin buna əhəmiyyət verməsi çox az ehtimaldır”, o əlavə edir.

Sosioloq Toğrul Abbasovun fikrincə, avtomobil ilk çıxan gündən modernləşməni simvolizə edib. O izah edir ki, maşın eyni zamanda azad hərəkət etməyi, müstəqilliyi və risk həyəcanını təmsil edirdi.

Bugünkü patriarxal, kapitalist Azərbaycanda isə, Abbasov əlavə edir ki, maşın təbii olaraq, maskulin gender dinamikliyinin təmsilinə çevrilib, çünki “qadınların ənənəvi olaraq nə evdən kənarda azadlığı olmayıb, nə də güc uğrunda kişilərlə açıq yarışa girmək üçün imkanları. Lakin bu oyuna daha çox qadının girməsi ilə, güman ki, vəziyyət dəyişəcək”.

“Azart”a gələn müştərilərlə söhbət də kişilərin öz oyuncaqlarına necə bağlı olduğunu xeyli ortaya çıxarır.

“Mən heç vaxt belə bir maşın sürmərəm” - deyə müştərilərdən biri 2010-cu il modeli olan Mercedes Benz G-350-yə ikrahla işarə edir. O, bu maşını 10 gün əvvəl alıb və dərhal sazlanma mərkəzinə gətirib ki, yenidən yığdırsın.

“Üstü qırmızı olacaq. Bütün detalları, o cümlədən, içərisi dəyişdiriləcək”, adını vermək istəməyən müştəri bildirir.

“Bu, niyə belə vacibdir ki?” soruşdum.

Suala təəccüblənmiş şəkildə bir qədər duruxdu və qısaca cavab verdi: “Bu, bir ehtirasdır”.

26 yaşlı Fuad Mirzəyevin maşın həvəsi antropomorfizmə (insana xas olan xüsusiyyətlərin başqa varlıqlara aid edilməsi) qədər dərinləşir.

“Fikir versəniz, maşın insana bənzəyir” - deyə, şirkətin satış meneceri Mirzəyev bildirir. “Disklər ayaqqabılar, qabaq işıqları gözlərdir, ön hissə sifət, səsboğma sistemi də səsidir. Arxa hissəsi də çox vacibdir və yaxşı görünməlidir”, Fuad gülür.

61 yaşlı psixoterapevt Azad İsazadə hesab edir ki, bu gün maşınlar və onların sahibləri arasındakı əlaqə bir zamanlar insanların atları ilə münasibətlərini əks etdirir.

“Biz qaz pedalına basanda motoru və sürəti hiss etməyi, maşını ram etməyi sevirik. Əvvəllər eyni şeyi vəhşi bir atı cilovlayarkən hiss edirdik. Maşını iki təkər üstünə qaldırmaq istəyirik, necə ki, atlarımızı vaxtilə edərdik”, o izah edir.

İsazadə üçün Qafqaz insanı olmaq maşınlara duyulan bu ehtirasa əlavə bir dərinlik də qatır. Atlar bu regionda insanlar üçün həmişə dəyərli bir rola malik olublar, psixoterapevt deyir, ona görə də bu mənada müsair dövrdə hansısa nüfuzlu brenddən maşın sahibi olmaq uzaq keçmişdə gözəl bir ərəb atına sahib olmaqla eynidir.

“Bütün bunlar təhtəlşüurumuzda oturub. Biz at belindən cəmi 100-150 il əvvəl düşmüşük”, İsazadə fikrini tamamlayır.

Azad İsazadə əlavə edir ki, tuninqin populyarlığı Azərbaycanda 1990-2000-ci illərə gedib çıxır ki, həmin vaxt avtomobil qıtlığı insanlara geniş seçim imkanı verməyib.

“Bizim cavanlığımızda maşın tuninqi qaçılmaz idi, çünki əlimiz çatan yeganə variant Jiquli idi. Bütün modellər eyni idi və 3-5 rəngdə idi. Imkanlar məhdud olsa da, maşınımızı fərqləndirmək üçün nəsə etmək lazım idi. Üstünə stiker yapışdırmaqla, yan qanadlarını dəyişdirməklə, antenna və spoyler taxmaqla maşını fərdiləşdirərdik”, o xatırlayır.

“Bu gün hər cür detal satılır, hər cür seçim var. Kiminsə öz maşınını tanınmayacaq qədər dəyişikliyə məruz qoymağı, həqiqətən, obsessiv davranışdır”, psixoterapevt vurğulayır.

Azərbaycanda avtomobil sahiblərinin sayı Sovet dövrünün sonlarından bəri kəlləçarxa vurub; 2005-2014-cü illərdə isə xüsusilə sürətli artım müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildə ölkədə 260210 avtomobil vardısa, 2017-ci ildə bu rəqəm 1 milyon 147437 olub: bu isə təxminən 6 dəfə artış deməkdir. Bu avtomobillərin 95%-ni şəxsi avtomobillər təşkil edir.

Azarta qayıtsaq, Arif deyir ki, satışda müxtəlif növ maşınların olduğu bir dövrdə maşın tuninqi çox da dəbdə deyil; bu düşgünlük kiçik kateqoriyanı əhatə edir və subkultura xarakteri daşıyır.

“Qanunları pozmamaq şərtilə, maşın üzərində hər şey edirik. Demək olar ki, təzə brendlərin saxta versiyasını yaradırıq”, o etiraf edir.

Sosioloq Abbasov və psixoloq İsazadə eyni fikirdədirlər ki, maşın tuninqi bir insanın həyatına sevinc gətirirsə, ona aludə olmaqda bir zərər yoxdur. Problem orda başlayır ki, bu məşğuliyyət onları əsas həyatı məsuliyyətlərdən, ailəsindən uzaqlaşdırır, yaxud ciddi borca salır.

Toğrul Abbasovun fikrincə, əsas diqqət edilməli olan şey basdırılan arzunun əvəzedicisinin insan deyil, əşya olmağıdır.

“Yəni bir növ əmtəə fetişizmi. Hər cür əmtəə fetişizmi insanda müəyyən yadlaşma, yaşam arzusunu təkcə həmin əmtəəyə bağlama kimi nüanslar ortaya çıxarır. Yəni əgər insanın əmtəə fetişizmi onun başqa insanlarla olan münasibətini qabaqlayırsa, burda nevrotik, problemli bir hal olduğunu iddia edə bilərik”.

Abbasov bildirir ki, Azərbaycanda insanlar xüsusilə bahalı görünən və böyük avtomobillər sevirlər. Onun fikrincə, bu dəbdəbəli nəqliyyat vasitələri həyatlarında başqa natamamlığın yerini doldurmaq üçündür.

Teymurun motosikleti təkmilləşdirilmək ərəfəsindədir.
Teymurun motosiklet layihəsi
“Ulduzlu gecə” tavanı qəribə görünə bilər, lakin bu, "Azart"ın tez-tez aldığı sifarişlərdəndir. Bu kiçik işıqlar yavaş-yavaş rəngini dəyişir.
2008-ci ildə açılışından bəri "Azart" 2000-dən çox avtomobili yenidən dizayn edib. Onlardan bəziləri qonşu ölkələrdən idxal edilib.
“Ən populyar rənglər boz, tünd mavi və mat qaradır. Amma biz parlaq rəngləri sevirik və bizi bununla tanıyırlar. Əgər şəhərdə parlaq rənglənmiş maşın görsəniz, deməli, bizim işimizdir”, "Azart"ın satış meneceri Fuad Mirzəyev deyir.
Bu cip indiyədək 3 fərqli rəngləmə prosesindən keçib, ona indi 4-cü dəfə əl gəzdiriləcək.

“Bəziləri öz oyuncaqlarını tuninq etmək üçün bütün pulunu xərcləyir. Başqa ölkələrdə belə deyil; Avropada heç kəsin vecinə deyil lüks avtomobil. Amma burda özlərini göstərməyi xoşlayırlar və 10 min dollara olan avtomobili 200 minlik kimi təqdim etməyə çalışırlar” - deyə, “Azart”ın sahibi öz müşahidələrini paylaşır.

İş günü bitəndən sonra Arif və onun komandası öz maşınları üzərində işləməyə nadirən vaxt tapırlar. Ancaq bu, onların planlarının daha az iddialı olduğuna dəlalət etmir.

“Azart”ın 31 yaşlı baş mexaniki Royal Babayev üç il əvvəl “donor kimi” aldığı Opel Kalibra haqqında qürur hissi ilə danışır. Bu kontekstdə “donor” yalnız hərtərəfli modifikasiya etmək məqsədi ilə satın alınan bir avtomobilə aiddir.

Royal ümid edir ki, avtomobil tuninqində "hər şeyin mümkün olduğunu" onun şəxsi maşını sübut edəcək.

“Mən bundan Ferrari 488 yaradacağam; Mühərrik istisna olmaqla, hər şeyi dəyişəcəyəm. Təbii ki, əgər növbəti 20 il ərzində vaxt tapsam”, o gülür.

Bu arada, Arif Zeynalov gözlərini daha böyük oyuncaqlara - yaxtlara dikib. “Və ya bəlkə, gedə biləcək, üzə biləcək, uça biləcək bəzi maşınlar” - deyə, əlavə edir.

Zeynalovlar ailəsinə sonuncu dəfə qonaq gedəndə 7 yaşlı Əli öz dostu ilə PlayStationda virtual avtomobil yarışına girmişdilər. Onların mənzili Bakıda Formula 1 yarışı dövründə mükəmməl bir mənzərəyə açlır; Əli pəncərədən yarışları seyr edir

“Porşe 918, BMW X7, Ferrari və Tesla; çünki elektriklədirlər”, Əlinin fikrincə, sadəcə bu avtomobillər diqqətəlayiqdirlər.

Arif qürurla gülümsəyir və izah edir ki, “Əlinin xüsusi zövqü var; o, lüks avtomobilləri sevir və adi maşınlara heç diqqət yetirmir”.

Arif bir zamanlar avtomobilə çox maraq göstərmədiyi üçün oğlu Əlinin gələcəyindən bir az narahatlıq keçirdiyini də etiraf edir.

Bütün hallarda, indi vəziyyət dəyişib; Əli artıq kişi sayılır.

Azartda işçilər nadir hallarda vaxt tapıb öz iddialı maşın tuninqi layihələri ilə məşğul olurlar. Öz avtomobilləri ilə işlər yarımçıq qalıb.
28 yaşlı Lev Konovalov komandaya vinil mütəxəssisi olaraq qoşulub. Öz işini çox sevsə də, Lev maşın sürməyi bacarmır.
İş səhər saat 10-da başlayır, amma vəziyyətə görə gecəyə qədər davam edə bilər.
Arifin oğlu Əli dostu ilə PlayStationda maşın yarışına girib. PlayStation ona 7 yaşı münasibətilə hədiyyə edilib
İki dost dronu necə uçurtmağı aydınlaşdırmağa çalışır.
Arif Zeynalov özünü evə vaxtında çatdırıb ki, balkonundan Formula 1 yarışının finalına tamaşa etsin.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin