Qubanın Gədik-Zərqova yolunun sağındakı yenicə yaşıl dona bürünən meşənin cığırıyla dərinliklərə doğru yol başlayır. Meşə sonsuzadək uzanır, ətrafdakı torpağı üzərini tamamən örtür. Lakin burada belə - yaxın qəsəbədən bir neçə kilometr uzaqda da çoxdankı və indiki ağac kəsimlərinin izləri açıqca görünməkdədir… Meşə kəsilmiş ağac gövdələriylə doludur. Kötüklər meşə boyunca səpələnmiş başsız bədənləri xatırladır.
Gədik Bakıdan 168 kilometr aralıdakı Quba rayonunun bir kəndidir. Qubanın mərkəzindən təqribən 4 kilometr aralıda, Azərbaycanda iri çaylardan hesab olunan Vəlvələçayın bir qolunda - Gədik çayının kənarında yerləşir. Dağətəyi düzənlikdəki bu kənddə təxminən 150 ailə yaşayır. Kəndlilərin güzəranı əsasən meyvəçilik və heyvandarlıqdan asılıdır.
Gədik meşəsinin bir hissəsinə - “Quba Meşə Təsərrüfatının birinci dolayı” deyilən əraziyə əsasən gədiklilər nəzarət edir. Lakin kəndlilər narahat olmağa başlayıblar ki, ağaclar yoxa çıxırlar və məhv olmağa başlayıblar, bu isə onların həyatına təhlükə deməkdir.
Quba-Qusar-Xaçmaz rayonları meşə təsərrüfatları geniş olan ərazilər hesab olunur. Sovet hakimiyyəti dövründə meşə təsərrüfatı burada daha yaxşı qorunub. Sovet dağılandan sonra meşə təsərrüfatları d, kəndlilər demişlən, sahibsiz qalıb və Azərbaycanın meşələrində sürətlə “keçəlləşmə” gedib.
54 yaşlı gədikli Rəsul Mehrəliyevin həyətindən dağüstü Gədik meşəsinə tamaşa edirik. O, bu meşəyə ən çox göz-qulaq olan kəndlilərdəndir. Gündə azı 4-5 dəfə hündürlükdəki meşəyə qalxıb cığırları gəzib-dolaşır, ağacların kəsilib-kəsilməməsinə, torpaqların daşınıb-daşınmamasına könüllü nəzarət edir. Gözünə belə hal sataşanda müvafiq qurumları məlumatlandırır.
Bununla belə, Mehrəliyev qeyd edir ki, vəziyyət bir qədər yaxşılaşıb - əvvəllər bu meşənin ağacları əsasən parket, yeşik, taxta emalı, mebel sexlərinə daşınırdı.
“Son vaxtlar bir qədər azalıb. Çox yazıldı, çox deyildi, yəqin ondandır, həm də meşələrin bəzilərində müşahidə kameraları quraşdırılıb”.
Rəsul Mehrəliyevlə meşənin içərisinə doğru irəlilədikcə cığırboyu qarşımızdakı uzun yolda - yağışdan sonra qurumaqda olan torpağın üzərində dərin iz salmış təkər izlərini göstərir. “Diqqətlə baxın, bu izlər ağır tonajlı maşınların təkərlərinin izləridi... Baxın, bu budaqları da həmin maşınlar rahat hərəkət etsin deyə, qırıb kənara yığıblar”- deyə, təəssüf edir.
Hökumət də razılaşır ki, Azərbaycan meşələrində qırılma baş verir. Ekologiya Nazirliyinin bildirdiyinə görə, son vaxtlar meşələrə müdaxilə daha çox Oğuz, Lerik, Quba meşələrində qeydə alınıb.
Hesablamalarında peyk görüntülərini əsas götürən beynəlxalq monitorinq qurumu globalforestwatch.org-a əsasən, Azərbaycan 2000-ci ildən bəri 7000 hektar ağac örtüyünü itirib.
Lakin ekologlar hətta peyk şəkillərinin də problemi tam olaraq təsvir etmədiyini bildirirlər. Çünki peyk sensorları bataqlıq sahələrini və gölləri tünd yaşıl rənglərlə qarışdırmış ola bilər. Peyk şəkilləri beş metrdən hündür olan hər hansı bitki örtüyünü kimi ağac örtüyü kimi göstərir, belə olan halda meyvə bağları və ya parkları da səhvən hesab qata bilər. “Hətta bu əlavələrdən sonra da Azərbaycanın ağac örtüyü 880 min hektara yaxın çıxır, bu isə rəsmi rəqəmlərdən aşağıdır – rəsmi olaraq ölkədə meşə ilə örtülü sahə 1022 min hektar təşkil edir”, eko-aktivist Cavid Qara qeyd edir.
Bristol Universitetində Ətraf Mühit Siyasəti və İdarəetməsi üzrə magistr olan Cavid Qara 4 il Azərbaycanın meşələrində vəziyyətin araşdırılması ilə məşğul olub.
O qeyd edir ki, rəsmi statistik məlumatlar meşə zolağının azalmasının real miqyasını nəzərə almır, belə ki, ölkədə mövcud meşələr və ağac örtüyü barədə rəqəmlər süni şəkildə yüksəkdir.
“Sağlam və geniş meşələrsiz Azərbaycan ancaq zərər görür və daşqınlar, səhralaşma, quraqlıqlardan daha çox əziyyət çəkəcək...”, Cavid Qara deyir.
“Mən son dörd il ərzində meşə və kənd sahələrini araşdırdım və on ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik İnkişafı Departamentində mühafizə üzrə baş məsləhətçi kimi işlədim. Meşələrin qırılması hər hansı peyk əsaslı hesabatlardan və rəsmi rəqəmlərdən daha ağırdır”.
O bildirir ki, Azərbaycan meşələri 3 əsas təhlükə ilə üz-üzədir: meşə ərazisinin tamamən təmizlənməsi, selektiv kəsilmələr və meşə yanğınları.
“Meşə materialları hazırlanması meşələrimiz üçün ən böyük təhlükədir. Peşəkar mişarçılar ən nadir və ən böyük ağacları seçə bilərlər və bu, əslində asanlıqla qarşısı alına bilən məsələdir. Əgər siyasi iradə olsa, bir neçə gün ərzində dayandırıla bilər”, Cavid Qara bildirir.
Onun sözlərinə görə, digər problemlər də - odun və kömür hazırlamaq üçün ağacların selektiv kəsilməsi də həlloluna bilən məsələdir - əgər hökumətin müvafiq addımlar atmaq istəyi olarsa.
Məsələn, ölkənin Gədik kimi bir çox kəndi təbii qazla təmin olunmayıb, ona görə də onlar qışda isinmək üçün odundan asılıdırlar.
“Bütün bu kəndlər və uşaq bağçaları, məktəblər, hərbi binalar və s. kimi inzibati binalar əlverişli alternativlərlə təmin olunmasa, yanacaq məqsədilə ağackəsmə qaçılmazdır”, Cavid Qara əlavə edir.
“Lakin daha yaxşı meşə idarəçiliyi və daha səmərəli odun sobalarını təşviq etmək və s. məsələnin həllinə gətirib çıxara bilər. Xüsusilə ideal olardı ki, meşə ətrafındakı kəndlərdə elektrik və qaz insanlara daha ucuz qiymətə təklif olunsa, bu, odun yanacağı istehlakını azaldacaq”.
Ağaclar həmçinin kənd təsərrüfatı sahələri üçün də kəsilir.
“Məsələn, bir biznesmen Gədik meşəsinin bir neçə hektar ərazisini Qusar kartofu əkmək üçün ağaclardan təmizlətdirib. Kimsə kartofdan gəlir əldə edəcək deyə, 40-50 illik ağaclardan geriyə kötükləri qalıb”, Rəsul Mehrəliyev danışır.
Ekoloq Nizami Şəfiyev bildirir ki, meşələrin hissə-hissə yoxa çıxması bütün icmaları təhlükə altına atır.
Ağaclar, xüsusilə adı “Qırmızı kitab”a düşmüş vələs ağacı meşələrdə əsas təbii su mənbəyi hesab olunur. Yerli camaat Gədikdə su problemlərini də dilə gətirirlər və ekoloqlar xəbərdarlıq edirlər ki, meşələr və əhalinin su təminatı bir-biriylə sıx bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Azad Quliyev deyir ki, nazirlik qanunsuz ağac kəsənlərə qarşı həm cərimələrlə, həm də meşələrə girişə nəzarət etməklə addım atır.
“Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında meşə ərazilərində birgə reydlərin keçirilməsi, meşələrin giriş-çıxış yerlərində nəzarətin gücləndirilməsi ilə bağlı memorandum imzalanıb.. Məqsəd meşə materiallarının qanunsuz daşınmasının qarşısını almaq idi. Bu işə Daxili İşlər Nazirliyinin bölgələrdəki post-patrul əməkdaşları cəlb olunub”, Quliyev qeyd edir.
O əlavə edir ki, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ meşələrinin intensiv giriş hissələrində müşahidə kameraları quraşdırılıb.
Bununla belə, Gədik əhalisi üçün kameralar bu problem qismən həll edə bilər. Ekoloq Şəfiyevin fikrincə, ayrı-ayrı şəxsləri cərimələrlə cəzalandırılsalar da, meşələri ağacdan təmizləyən şirkətlər bu cəzadan kənarda qalır.
Hazırda özbaşına kəsilən ağaca görə cərimə məbləgi bir kubmetrə görə 5 manat 18 qəpikdir. Şəfiyev hesab edir ki, böyük şirkətlər üçün bu məbləğ cəza deyil. “İndiyədək bunu edənlərlə bağlı müxtəlif qurumlara məlumat vermişəm, ancaq bunu edənlərin pulu çoxdur və arxalarında yüksək vəzifəli məmurlar dayanır deyə, heç bir tədbir görülmür”.
Nəticə etibarilə, daha çox əziyyət çəkən yenə də yoxsul təbəqədir - qışda isinmə ehtiyacı və gündəlik dolanışıq üçün ağaclardan kömür hazırlayıb satmaqla gəlir əldə etmək istəyən təbəqə.
Cavid Qara deyir ki, nəticədə qanunsuz qazma işlərinin ekoloji təsiri və hökumətin zəif reaksiyası sayəsində istilikdən və quru kömüründən asılı olan yoxsul, yerli icmalar yaşayır.
“Yoxsul insanlar çörək qazanmaq üçün təhlükəli və qeyri-sağlam şəraitdə işləməli olurlar, zəngin biznesmenlər və korrupsiyaya batmış məmurlar daha da varlanırlar. Ən intensiv ağac kəsintisi Oğuz və Lerik rayonlarında baş verir; burada qonşu regionlara nisbətən daha az iqtisadi imkanlara malikdir. Bu bölgələrdə meşələr kəndlilər üçün əsas gəlir mənbəyidir”, o vurğulayır.
ianə verin