Beşbarmaqdan Uçan Quşlar...
Azərbaycan özünün yeraltı zənginlikləri ilə tanınır - borularla müxtəlif ölkələri keçərək Avropa şəhərlərini işıqlandıran və isidən nefti və qazı ilə.
Amma ölkənin ekoloji cəhətdən başqa bir əvəzsiz təbii sərvəti də var ki, onun haqqında bilən azdır. Söhbət quşlardan gedir.
Hər il payızda milyonlarla quş şimal yarımkürəsindən cənub yarımkürəsindəki qışlama zonasına köç edir və yazda geri qayıdırlar. Bu miqrasiya vaxtı onlar Xəzər və Qara dəniz arasındakı Qafqaz dağlarını da keçməli olurlar.
Azərbaycanda quşların miqrasiyası əsasən Siyəzəndə yerləşən Beşbarmaq dağında müşahidə olunur. Bakı-Quba şossesinə baxan Beşbarmaq dağı dəniz səviyyəsindən 382 m yüksəkliyə ucalır.
Quşlar köç zamanı enerjiyə qənaət etmək və təhlükələrdən uzaq olmaq üçün təbii maneələrdən yayınırlar. Bəzən isə iki təbii maneənin arasından keçməli olurlar; beləliklə də Beşbarmaq ərazisi köçəri quşlar üçün bir darboğaza (bottleneck) çevrilib. Bu da o deməkdir ki, Böyük Qafqaz dağları və Xəzər dənizi üzərindən uçmaqdan yayınan milyonlarla köçəri quş növü Beşbarmaqda bir yerə toplaşır ki, onlar arasında nadir növlərdən olangözəl baladoydaq və sinqə də müşahidə edilib. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yerdir.
Beşbarmaqdan miqrasiya edən quşlar arasında 45 növün dünyadakı populyasiyasının 1%-indən çoxu bu ərazidən keçir, hansı ki, bu kriteriya Birdlife İnternational tərəfindən müəyyənləşdirilib və köç darboğazlarının əhəmiyyətini göstərir.
Bununla belə, Beşbarmaq ərazisinin quşlar üçün necə əhəmiyyət kəsb etməsi uzun müddət ortaya çıxmayıb. Baxmayaraq ki, yerli əhali Beşbarmağı pir olaraq illərdir ziyarət edir, ərazi üzərindən bu qədər quşun uçduğunu sadəcə 2007-ci ildə alman ornitoloqlar Kai Gauger və Michael Heiss aşkarlayıb. Onların araşdırması göstərir ki, hər il baş tutan köç vaxtı 316 quş növü Beşbarmağa pənah gətirir – bu isə Azərbaycandakı bütün quşların 79 faizi deməkdir.
İndi ornitoloqlar bölgənin təhlükə ilə üz-üzə olduğuna görə narahatdırlar – bir tərəfdən quşlar üçün ölümcül olan neft axıntıları, digər tərəfdən də hazırda ərazidə gedən yol tikintisi ornitoloqların təlaşına səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Chai Khanaya bildirilib ki, qurum ərazini qanunsuz ovdan mühafizə etmək üçün lazımlı tədbirlər görür. “ETSN tərəfindən quşların mühafizəsi məqsədilə brakonyerlərə qarşı ciddi mübarizə tədbirləri aparılır. Ötən il icazəsiz ova görə 20-yə taxın protokol tərtib olunub”.
Nazirlik neft çirklənməsinə görə quşların məhvi məsələsiylə razılaşmır, qeyd edir ki, bugünlərdə ərazilərə baxış keçirilərkən orada ölü quş aşkarlanmayıb. O cümlədən, Beşbarmaq ərazisində çəkilən yol respublika əhəmiyyətli yol olduğunu vurğulamaqla, nazirlik rəsmisi bildirib ki, bu, köç edən quşlara təhlükə yaratmır. “Yol çəkilişində partlayış və qazma işləri aparılmadığından miqrasiya edən quşlar üçün hər hansı təhlükə gözlənilmir. Digər tərəfdən yol çəkilişi zamanı ətraf-mühitə təsirlərin minimuma endirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub, bu da həmin ərazidə faunaya təsirləri minimuma endirəcək”, nazirlik bildirib.
Bununla belə, Beşbarmağın rəsmi mühafizə edilən ərazi olaraq bir statusu yoxdur, belə bir statusun verilməsinə dair isə hələ ki hökumətin bir planı olub-olmadığı məlum deyil.
ianə verin