Eşitməkdən qorxduğum sözlər…
Divanın üstündə rahat bir şəkildə uzanmışdı. Mən sözə başlamağa macal tapmamış, o eşitməkdən çox qorxduğum sözləri dilə gətirdi: “Mən evliyəm”. Uzun müddətdir daxilimdə sıxıb-boğduğum bütün ağrılar partlayış verdi.
Bunu necə bacardı? Sanki aramızda olanların heç bir əhəmiyyəti yoxmuş kimi bunu sakitcə və sözgəlişi üzümə deməyə necə cürət etdi?!
Məni incitdiyi qədər mən də onu incitmək istəyirdim. Qışqırmağa başladım. Əlimə keçən hər şeyi sındırır, tullayırdım. Biri də onun başına dəymişdi.
Birdən yuxudan oyandım. Bunun yuxu olduğunu dərk edənə qədər özümə gəlmək xeyli çəkdi.
Bundan sonra biz gah ünsiyyətdə idik, gah da kontaktı kəsirdik - bu proses bir neçə ay çəkdi. O, mənimlə münasibəti tamamilə kəsmək və davam etdirmək arasında üzülüb əldən düşmüş görünürdü. Mən özümü inandırmışdım ki, münasibətimizi rədd etməyi onun emosional travması və qorxularından irəli gəlir, ona görə də mənimlə ola bilməyəcəyini təkrarlamağına dözdüm.
Sonuncu damla isə bizim yenidən əlaqədə olduğumuz dövrə təsadüf etdi. O, “təsadüfən” yad bir nömrədən mənə zəng etdi və ordakı profilində bir qadınla fotosu vardı. Bir bəhanə gətirdi və fotonu dəyişdirdi. Lakin bir neçə gün sonra həmin fotonu yenidən paylaşdı və mənim ona inamım sarsıldı. Mən onun dediyi hər şeyə inanırdım, çünki partnyoruma etibar etməyi seçmişdim. Onun bütün bəhanələrini qəbul etmişdim. Amma, nəhayət, gizlədəcək bir şey qalmadı. Həqiqət gözümün qabağında idi və beləcə mən Onu buraxmalı oldum.
Bu rahatlıq hissi uzun çəkmədi. Mənim bütün fikrim və ürəyim sevdiyim insanın yanında qalmışdı. Onunla əlaqə saxladım, çalışdım ki, münasibətimizi geri qaytarım.
Lakin o sıxılmış görünürdü, baxmayaraq ki, onu həyatıma qaytarmaq istəyirdim, aydın oldu ki, bu iş baş tutan deyil. Ayrılığımızdan bir ay sonra dedi ki, o, məni olduğum kimi qəbul etməyi bacarmadı – mənim hədəflərimi, arzularımı, etnik mənsubiyyətimi.
Eşitdiklərimə isə inanmaq istəmirdim. Onun sözləri məni lüzumsuz və gücsüz hiss etdirir, yetərincə dəyərləndirilmədiyimi göstərirdi.
O zaman mən də yeni bir həyat qurmağa cəhd etdim. Düşündüm ki, bu, artıq bizimçün sondur. Lakin son deyildi. Ən azı tamamilə son deyildi.
Bunun üçün məxsusi bir şey etməmişdi. Sadəcə olduğu kimi idi. Sadəcə olduğumuz kimiydik. Hər anımızı daha əvvəl bacara bilmədiyim bir şəkildə yaşayırdıq. Başqa heç bir şey əhəmiyyət kəsb etmirdi. Hətta vidalaşıb gündəlik həyatımıza qayıtdıqdan sonra da həmin sehr keçməmişdi.
Artıq evdə və ya işdəki çətinlikləri sezmirdim və onlara görə narahat olmurdum. Onunla birlikdəliyin verdiyi rahatlıq həyatımın digər sahələrində də hər şeyi yoluna qoymağa kömək etmişdi. Eyni zamanda onun da həyata daha nikbin baxdığını da görə bilirdim.
Onun yaşadığım ölkəyə ilk səfərini dörd gözlə gözləyirdim. Onun yanındaykən özümü sarsılmaz hiss edirdim – o da həmçinin. Biz saatlarla söhbət edir və bir-birimizin ağrı-acılarını və qorxularını başa düşürdük.
Biz keçmişdən, indidən və birgə gələcəyimizdən danışdıq. O, mənim valideynlərimlə tanış olmaq, məni də uşağıyla tanış etmək istəyirdi. Deyirdi ki, mən onun ailəsiyəm…
Heç vaxt evlilik xəyalı qurmasam da, onunla birlikdə keçirəcəyim həyat barədə artıq düşünməyə başlamışdım. Günlər uçaraq keçirdi və o çıxıb gedəndə artıq növbəti gəlişini planlaşdırırdım.
Romantik münasibətimiz ərzində bəzi çətinliklər də vardı, amma biz onları asanlıqla dəf edə bildik. O, əvvəllər xarici bir qadınla evli olmuşdu – onun keçmiş arvadı ilə etnik köklərimiz ortaqdır. Bunun onunçün problem olduğunun fərqində idim; o etiraf etmişdi ki, daha bir uğursuz evlilik, xarici ölkədə övlad sahibi olma ehtimalı onu qorxudurdu. Lakin bu məsələ mənimçün problem deyildi və hesab edirdim ki, bu məsələni arxada qoya bildik.
Bundan başqa, xarici olmağım onun anasını da narahat edirdi ki, yenə də nəvələri ondan uzaqda yaşaya bilər.
Əvvəllər o çalışdı ki, ilk evliliyindən övladı olması faktını gizlətsin, çünki qorxurdu ki, bunu bilməyim münasibətimizə əngəl olar. Mənimçünsə bu məsələnin heç bir əhəmiyyəti yox idi.
Hər şey öz axarıyla davam edirdi.
Ta ki, o öz səfərini təxirə salana qədər. Hər ləngimə ilə daxilimdə qorxuların böyüdüyünü hiss edə bilirdim. Bəhanələr üst-üstə gəldikcə mənə elə gəlirdi ki, o, gəlmək belə istəmir. Bu, planların dəyişməsindən daha böyük bir şey idi: elə bilirdim ki, münasibətimizi yoluna qoymağa çalışan tərəf təkcə mənəm.
Müəyyən bir anda bu vəziyyətdən yoruldum və ondan ayrıldım. O, məyus görünürdü, lakin məni fikrimdən daşındırmaq üçün hər hansı cəhd göstərmədi.
Növbəti səhər üfüqə baxaraq sakit dənizin sahilində oturarkən, niyə bu günlər ərzində ilk dəfə narahat olduğumu götür-qoy edirdim.
Necə ola bilər ki, özümün belə, unutmağa, vaz keçməyə başladığım arzularımı kiminləsə bölüşə bilərəm? O, məni olduğum şəkildə - açıqgörüşlü, fikrini deməkdən çəkinməyən, özünə arxayın bir qadın olaraq qəbul edəcəkdimi? Bərabərhüquqlü bir partnyor olmağa hazır idimi? Və ən əsası, keçmişdə məni incidənlərdən daha fərqli ola bilərmi?
Günortadan sonra ona bir şans verməyə qərar verdim.
Əsrin dörddə bir hissəsini “ağıllı qız” olmaq üçün çalışmaqla keçirmişdim. “Mükəmməl” bir işim vardı, özüm də evin “yaxşı qız”ı idim. Ancaq xoşbəxt deyildim, həyatım bərbad vəziyyətdə idi. Valideynlərimlə münasibətlərim mütəmadi gərginlik içərisində idi, özüm isə karyera tələsinə düşmüşdüm. Ailəmin və cəmiyyətin gözləntiləri qarşısında özümü boğulmuş hiss edirdim.
Buna görə də əlimdən gələn yeganə hədiyyəni özümə verməyə qərar verdim: hər şeydən və hər kəsdən uzaqlaşmaq və bu xüsusi günümü sakitlik içində keçirmək.
ianə verin