Müharibədən sonrakı savaş

Müəlli̇f: Gülər Mehdizadə, Elnur Muxtar, Taquhi Matevosyan
19.12.19
Buraxılış: QORXU


Qarşıdan gələn Yeni ilə - 2020-ci ilə hazırlıq Qarabağ münaqişəsinin hər iki tərəfindəki ailələr üçün itirdikləri doğma evlərini yenidən yada salıb. Didərgin düşdükləri evlərində bayram əhval-ruhiyyəsi başqa olurmuş - belə deyirlər...

Münaqişə başlayandan sonra otuz bir ildir ki, köçkün düşmüş minlərlə ailə güzəranını bərpa etməyə çalışıb. Fərdi hekayələrinin necə olmasından asılı olmayaraq, onları bir şey birləşdirir: əllərində olan hər şeyi yenidən itirəcəklərindən qorxurlar.

Dağlıq Qarabağ və ətraf rayonlardakı evlərindən didərgin düşmüş ailələrin bir qismini Azərbaycan hökuməti vaxtaşırı evlə təmin etsə də, bəziləri üçün anti-sanitariya və təhlükəli sığınacaqlarda həyat zillətlə keçir. Məsələn, Bakının Binəqədi rayonu ərazisində yerləşən, Bünyad Sərdarov adına Maşınqayırma Zavoduna yerləşmiş məcburi köçkünlərin vəziyyətində olduğu kimi.

Bina insan yaşayışı üçün tamamilə yararsızdır. Siçanlar, siçovullar və kərtənkələlər döşəmədəki dəliklərdən keçərək mənzillərə girirlər; evin damındakı dəliklərdən içəriyə yağış yağır. Binada 18 ildir ki, 17 ailə yaşayır. Onlar hazırda Ermənistan ordusunun nəzarətində olan  Zəngilan, Kəlbəcər və Ağdam rayonlarındandırlar.

Bina müəyyən dərəcədə sığınacaq rolu oynasa da, itirdikləri evlərini əvəz etməyib.

57 yaşlı Albina Məmmədova Bakıda yaşadığı zavoddan 447 km uzaqda olan Kəlbəcərdəki evində Yeni ilə çox yaxşı hazırlaşdıqlarını xatırlayır. Ailə təbii yeni il ağacı alar, evdə vedrəyə basdırarmış. “Üstünə pambıq düzürdük. Ağacı şüşə oyuncaqlarla bəzəyirdik. Sonra kağızdan bəzəklər olurdu. Qarmon kimi - açılanda kəpənək, zəncir, gül formasında. Pərdələrin üstünü o baş - bu baş onlarla bəzəyirdik” - deyə, Albina Məmmədova qeyd edir.

“Yeni il gecəsi də qohumlar toplanırdı, yeyib, içib, loto oynayırdıq. Əla keçirdi. Amma indi, buranın nəyini bəzəyəsən? Qəribçilikdə bayram olmur. Evsizlik olur, dərd olur, kədər olur. İndi heç birimizdə bayram əhval ruhiyyəsi yoxdur”, o əlavə edir.

Albina Məmmədovadan təxminən 500 km uzaqda - Xocavəndin Düdükçü kəndində yaşayan 60 yaşlı Arina Araqelyan da tərk etmək məcburiyyətində qaldığı evlə bağlı nostalji hisslər içərisindədir.

Arina və ailəsi münaqişə zamanı Bakıdan didərgin düşmüş ermənilərdəndir.

O, Bakıya gəlin gəlmişdi. On üç il sonra 1989-cu ilin fevralında əri və üç uşağı ilə Bakıdan qaçmağa məcbur oldu. Arina keçmiş günlərini xatırlatsın deyə, özüylə çox az şey - bir neçə qaşıq və stəkan götürə bilmişdi.

Hər gün geridə buraxdıqlarını yadına salaraq, Bakıdakı həyatını, qonşularını və bağını xəyal edir. 

İndiyə kimi o, ailəsi ilə birlikdə şəkərbura kimi Azərbaycan şirniyyatları və yeməkləri bişirir, bəzi köhnə vərdişlərini saxlamağa çalışır.

“Başımıza gələnləri hətta xatırlamaq istəmirəm. Sadəcə Bakıdakı xoşbəxt günlərimizi xatırlamaq üçün gözlərimi yumuram”, Arina deyir.

“Qarabağ hərəkatı başlayanda bunun belə faciəli nəticəyə səbəb olacağını və bu günə qədər davam edəcəyini bilməzdik. Bakıda nə qədər dostlarımı, həmkarlarımı, qonşularımı və evimi itirdim”, o qeyd edir.

Arina Araqelyanın əri müharibədə həlak olub, ailənin kənd həyatına uyğunlaşması çətin keçib. Onların yerləşdikləri Düdükçü kəndi kiçikdir və bəzən içməli su tapa bilmirlər. Evin istiliklə təminatı yoxdur. Ailə dolanışıq üçün arıçılıqla məşğul olur.

“Nəvələrimin, övladlarımın gələcəyi və gənc nəsil üçün narahatam. Hər şeyimi ikinci dəfə itirməkdən qorxuram. Müharibədə illər ərzində qurub-yaratdığımız, uğrunda əmək sərf etdiyimiz hər şeyi itirdik. Əzizlərini itirib sonra da heç nə olmayıbmış kimi adi həyat sürməyə davam etmək asan deyil”, Arina deyir.

Düdükçü kəndinin digər sakini 69 yaşlı Edik Qasparyan 16 yaşından etibarən Bakıda yaşayıb. O, 22 il sonra 1988-ci ilin noyabrında şəhəri tərk etməli olur. Müharibədən sonra o, yerləşdikləri kənddə özlərinə ev tikib və iş tapıb. Ancaq tezliklə yeni bir həyata doğru atılan hər addımını dərin bir qorxu hissi müşayiət edir.

“Müharibə zamanı qorxu hiss etməmişdim, yoxa çıxmışdı bu hiss. Ancaq sonra getdikcə nəzərə çarpmağa başladı. Hər şeyimi ikinci dəfə itirmək… Bu barədə düşünmək belə istəmirəm”, Qasparyan deyir.

62 yaşlı Əcəbnaz Mamedova deyir ki, 1993-cü ildə Kəlbəcərdəki evindən çıxandan bəri həyatını qorxu və qeyri-müəyyənlik hissi bürüyüb. O, müharibənin yaxınlaşdığı və kəndin boşaldılmalı olduğu xəbəri gələn kimi uşaqlarını götürüb qaçıb. Qorxudan və tələskənlikdən ayaqqabı geyinmək də ağlına gəlməyib. Kilometrlərcə yolu ayaqyalın gəldikdən sonra bunun fərqinə varıb.

Əcəbnaz Mamedova qeyd edir ki, müharibə onlardan vətənlərini, evlərini, əzizlərini, sağlamlıqlarını alıb, yerinə isə böyük bir boşluq buraxıb. Zamanla həmin boşluğu qorxu, hürkü, narahatlıq doldurub. Bir tərəfdən də ağır şərait və növbəti dəfə evini itirmək qorxusu yaxalarından əl çəkmir. Yeri beton, divarları çatlamış bu rütubətli otaq Əcəbnaz Mamedovanın üçüncü evidir.

“Bakıda əvvəlcə boş bir evdə məskunlaşmışdıq. Dedilər ki, yiyəsi yoxdur. Sonra Rusiyadan sahibi gəldi və bizi evdən qovdu”, o deyir.

“Ondan sonra buraya gəldik. İndi bu bina da satılıb. Alan da hər yerini söküb, binanı qəzalı vəziyyətə salıb. Ya o bizi çıxaracaq, ya da bina başımıza uçacaq. Bunu fikirləşməkdən birtəhər olmuşuq”, Mamedova əlavə edir.

Arinanın evliliyi münasibətilə aldığı açıqça təbriki. O, bu teleqramı Bakıya gəlin köçəndə almışdı.
Xocavəndin 340 nəfər əhalisi olan Düdükçü kəndi. Sakinlərinin əksəriyyəti maldarlıq və əkinçiliklə məşğuldur.
Arinanın 13 yaşlı oğlu Alik
Edik Qasparyan nəvələriylə birlikdə. Edik 1988-ci ildə Bakıdan qaçqın düşdükdən sonra həyatını sıfırdan qurmalı olub.
Bir vaxtlar ağır sənaye istehsalına ev sahibliyi edən Sərdar Bünyadov Zavodu indi Qarabağdan məcburi köçkünlərə yuva olub.
Ötən ilki qışda Albina Məmmədovanın evinin damı uçub. İndi yağış evin içinə yağır.
Albina Məmmədova deyir ki, yeganə övladının ən adi ehtiyacları belə ödənmir - o, dərs oxumağa sakit bir künc tapa bilmir.
“Günümüz siçanlarla qovdu-qaçdı oynamaqla keçir”, Albina Məmmədova qeyd edir.
Əcəbnaz Mamedova üçüncü dəfə evsiz qalmaq ehtimalına görə narahatdır. Hadisələri xatırladıqca, növbəti dəfə eyni şeylərin təkrarlanmağından qorxur.
Mənzil kimi istifadə etdikləri sahə normal yaşayış yeri olmasa da, 62 yaşlı Əcəbnaz Mamedova üçün evsiz qalmaqdan yaxşıdır.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin