Qadın fermerlər iqlim dəyişikliyi ilə üz-üzə
Mülayim qış havaları 49 yaşlı Səkinə Əkbərovanın düyü əkinini məhv edəndən sonra ailəsini dolandırmaq üçün ciddi ölçü götürməli oldu. O, keçən ildən bəri məhsullarını şaxələndirməyə qərar verib və təsərrüfatına kartof əkini ilə davam edib. Lakin aprel ayında yağan güclü yağış kartof yığılmazdan əvvəl məhsulu məhv edib. Elə buna görə də o, əlavə gəlir yeri olsun deyə, digər təsərrüfatlarda mövsümi işçi kimi işləməyə məcbur olub.
Səkinənın hekayəsi Azərbaycanın cənub hissəsinin əkinçilik və bağçılıq icmalarında tez-tez rast gəlinən haldır. Lənkəran rayonunun kəndləri ənənəvi olaraq düyü, sitrus və çay əkinləri ilə tanınır. Lakin hava temperaturu dəyişdikcə bu da dəyişir. Milli Hidrometeorologiya Departamentinin 1991-2000-ci illərdəki məlumatları cənubda havanın orta hesabla 0.41°C artdığını göstərir ki, bu da 1961-1990-cı illərdəki artımdan üç dəfə çoxdur. Temperaturun dəyişməsi kənd təsərrüfatına da təsirini göstərməyə başlayıb, son tədqiqatlar isə vəziyyətin daha da kəskinləşəcəyini göstərir. 2010-cu il BMT hesabatında 2021-ci ildən 2050-ci ilə qədər hər onillikdə orta temperaturun 0.30°C artacağı bildirilir.
"Temperaturun dəyişməsi, atmosferdəki karbon qazı (CO2) və ekstremal havaların intensivliyi məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərə bilər" - deyə, BMT-də işləyən yerli iqlim dəyişikliyi mütəxəssisi və kənd təsərrüfatı elmləri doktoru Fariz Ələkbərov qeyd edir.
“CO2 səviyyəsinin artması məhsuldarlığa və becərmə müddətinə təsir göstərə bilər. Bundan başqa, quraqlıq və yağıntılar yayda istiliyin artdığı ərazilərdə torpaqların daha quru və daha az nəm olmasına səbəb olaraq problemə çevrilə bilər. Bu dəyişikliklər həmçinin müxtəlif növ infeksiyalar üçün əlverişli bir mühit yaradır. Bəzi yerlərdə süni suvarma və nəmişlik yaratma mümkün olsa da, digər yerlərdə su təchizatı yetərli deyil".
Bundan əlavə, Ələkbərov qeyd edir ki, Rusiya, Çin, ABŞ və Avropa Birliyi kimi böyük ölkələrlə müqayisədə Azərbaycan iqlim dəyişikliyinə o qədər də böyük töhfə verməsə də, onun təsiri artıq ölkə ərazisinin əkinçi və bağçılıqla məşğul olan ərazilərində hiss olunur. Məsələn, temperatur artmaqdadır; quraqlıq və sel kimi ekstremal hava şəraiti daha mütəmadi xarakter alır.
Dünya Bankının Azərbaycan iqliminə dair 2012-ci il təhlilinə əsasən, cənub bölgəsi iqlim dəyişikliyinə xüsusilə həssasdır ki, bu da ölkə iqtisadiyyatı, xüsusilə də qadın fermerlər və ailələrinə mənfi təsir göstərir. Son statistikaya görə, Azərbaycanda iş yerlərinin təxminən 40%-i kənd təsərrüfatının payına düşür. Ölkədəki fermerlərin təxminən yarısını qadınlar təşkil edir və onlar bu sahədəki hər hansı təhdid qarşısında xüsusilə həssasdırlar.
Tədqiqatlar göstərir ki, qadınlar və kişilər ənənəvi gender rol və normalarına görə iqlim dəyişikliyinin təsirlərini fərqli şəkildə yaşayır. Fermer qadınlar xüsusilə həssasdırlar, çünki kişilərdən daha çox qida təhlükəsizliyi üçün ekosistemdən (su, meşələr, otlaq torpaqları, əkinçilik, yağış kimi) asılıdırlar. Məsələn, iqlim dəyişikliyi fermerlik imkanları və mənbələrini məhdudlaşdırdıqda kişilər şəhərdə iş üçün kəndləri tərk edə bilirlər. Lakin Azərbaycanda qadınların çoxu yaşadığı yerdə qalaraq ev təsərrüfatlarına qayğı göstərir. Sistemli və mədəni ayrıseçkiliyə görə qadınların əksəriyyəti öz əkin torpaqlarının sahibi deyil və kənd təsərrüfatı və ferma idarəçiliyində az təmsil olunurlar, odur ki, ümumiyyətlə, mənbələrə, təhsilə və məlumatlara daha az giriş əldə edirlər. Kəndli qadın fermerlər adətən həm ailələrinin daxilində, həm də xaricində qərar qəbul edilməsində iştirak etmirlər.
Hazırda Azərbaycanda 34 kənd icması iqlim dəyişikliyinə xüsusilə həssasdır, əsas da yerli qadın fermerlərin əkin dənlərini və məhsullarını dəyişən mühitə uyğunlaşdırmaq üçün kifayət qədər mənbələri və bilikləri yoxdur.
Lənkəranın Separadi kəndində 20 ildən çoxdur çalışan 58 yaşlı Mirvari Cəfərova iqlim dəyişikliyinin təsirini artıq hiss edib. “Son iki ildə qışda və yazda tarlalarda qar olmadı, əkin dövründə güclü yağışlar əkdiyimiz düyü bitkilərinin böyük hissəsini məhv etdi. Qar olmayan qışlar mənim üçün olduqca qeyri-adi bir haldır, çünki bu kənddə böyümüşəm və son iki ilədək məhsuldarlıq üçün lazım olan qar görmüşəm" - deyə, o qeyd edir.
"Biz hər zaman əkinin yaxşı olacağına ümid edirik və toxum əkdikdən sonra təbiətin mərhəmətinə inanırıq", Mirvari əlavə edir.
Lakin keçən il Mirvari və Səkinə əkdikləri düyünün yarısından çoxunu (təxminən 4 ton) itirib. Fermerlik yeganə qazanc mənbəyi olduğu üçün ailələrin dolanışığına bu itki ciddi təsir göstərib. Artıq hər iki qadın dolanışıq üçün əvvəllər əkdikləri bitkilərdən uzaqlaşmaq məcburiyyətində olduqlarını düşünürlər.
Fariz Ələkbərov yerli fermerlərin lazımi təhsili və mənbələri olmadığı üçün dəyişən iqlimlə mübarizə aparmaqda çətinlik çəkdiklərini vurğulayır. Lakin o, "əkinçilik təcrübəsində müəyyən tənzimləmə tədbirləri edilə biləcəyini" qeyd edir. Məsələn, fermerlər ənənəvi bitkilərin müxtəlif çeşidlərindən istifadə edə biləcəyini, yaxud da Mirvari və Səkinə kimi, əkinlərini şaxələndirməyə çalışmalı olduqlarını bildirir. Həmçinin buna əkin tarixlərini dəyişdirmək də kömək edə bilər.
Bölgədəki digər qadın fermerlər də ənənəvi əkinçilik üsullarını yenidən nəzərdən keçirirlər.
Rəftarə Şükürova "Sitrus Vadisi" təsərrüfatına 2009-cu ildə başlayıb. O, bir neçə meyvə növü - feyxoa, kivi, portağal, qreypfrut, limon və naringi yetişdirir və fermasında fəsildən asılı olaraq təxminən 20 nəfər işləyir. Dəyişən iqlimin təsirini o da fermer olaraq hiss edir. "Əvvəllər subtropik və rütubətli olan Lənkəran iqlimi Bakının iqlimi kimi quru olmağa doğru gedir"- deyə, fermer qeyd edir.
“SSRİ dövründə dövlət Lənkəran kəndlərinin əlverişli iqlimi - rütubətli, yağışlı və isti havası olduğuna görə Azərbaycanda feyxoa yetişdirmək qərarına gəldi. Ancaq vəziyyət indi dəyişir”.
Son illərdə yay aylarının quraq keçməsi sitrus meyvələrinin becərilməsini çətinləşdirir.
“İki il əvvəl yazda çiçəklənmə dövründə feyxoa məhsulu güclü yağış nəticəsində məhv oldu. Ancaq sahibkar olaraq mövsümi işçilərimə çətin olsa da, məvaciblərini verməliydim", Şükürova bildirir. Lakin o, nikbindir ki, öz icmasındakı fermerlər iqlim dəyişikliyi problemlərinə uyğunlaşa və öhdəsindən gələ biləcəklər.
Məsələn, Şükürova kivi bitkiləri üçün süni rütubətli şərait yaratmaq üçün asma su sistemi quraşdırıb. Bundan əlavə, turistləri yerli fermalara getməyə təşviq edən dövlət turizm proqramında iştirakçıdır.
"Turistlər Lənkərandakı fermamıza baş çəkirlər və məhsul yığımı kimi müəyyən təsərrüfat fəaliyyətlərində bizə kömək edirlər. Bakıdan və ya xaricdən gələn turistlər fermaya gəldikdə hətta bir günlük səyahət etsə, bu, onları qida zənciri və iqlim dəyişikliyi barədə daha çox məlumatlandıra bilər, bu özü də əkinçilik və bağçılıq haqqında məlumatlılığın artmasına xidmət edir".
Azərbaycan hökumətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və Avropa İttifaqının "EU4Climate" regional layihəsinə qoşulub. Buna əsasən də hökumətin iqlim dəyişikliyi problemləriylə məşğul olmaq öhdəliyinə baxmayaraq, fermerlərin ehtiyaclarını ödəmək üçün yerli məzmuna uyğun ciddi tədbir görülməyib.
Bu məqalə Chai Khana və Femiskop arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.
ianə verin