loading
Archive

“Mən boşanmağı seçdim”

Archive

Oxuduğunuz məqalə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan hekayələr paylaşıb.

Fotolar Gülər Abbasovanındır.

Doqquz il əvvəl Nuranə xoşbəxt bir həyatın astanasında idi. Hamilə olduğunu yenicə öyrənmişdi. Xalası oğlu ilə ailəsinin məsləhəti əsasında qurulmuş evliliyi ürəyincə olmasa da, ilk vaxtlar həyatında hər şey qaydasında görünürdü.

Bir qədər sonra qaynanası onun qız uşağına hamilə qaldığını öyrənir. Bundan sonra onun həyatı “cəhənnəmə çevrilir” - deyə, Nuranə təsvir edir.

31 yaşlı Nuranə deyir ki, qayınanası - həm də xalası - Nuranənin abort etmək istəmədiyini görəndə əsəbləşib.

“Oğlunu da mənim əleyhimə çevirdi. Qızımız olacağını biləndən sonra gecələr kürəyini mənə tərəf çevirib yatırdı. Günlərlə məni dindirmədi. Dedim günahım nədir? Qayıtdı ki, bəs istəmirəm qızım olsun”, Nuranə deyir.

Bununla belə, Nuranə qızını dünyaya gətirir. Bir müddət sonra evdə münasibətlər düzəlir, Nuranənin ikinci dəfə hamilə qaldığını öyrənənə qədər beləcə davam edir.

“İkinci hamiləliyimdə qaynanam biləndə ki yenə qızdır, dəliyə döndü. Elə həkimin yanındaca dedi “Yox... bir qızı var, ikinci nəyimizə gərək? Abort etdir”.

Beləliklə, Nuranə iki variantdan birini seçmək şərtilə üz-üzə qalır: ya doğulmamış qızı, ya da evliliyi. O boşanmaq qərarı verir; baxmayaraq ki, valideynləri də onu qaynana-qaynatasına qarşı çıxmamağa çağırmışdı...

Azərbaycanda gender ekspertləri qeyd edirlər ki, Nuranənin başına gələnlər Azərbaycanda - selektiv abort reytinqinə görə dünyada Çindən sonra ikinci yerdə bərqərar olmuş ölkədə qeyri-adi bir şey deyil.

Bu sahədə aparılmış son tədqiqatlardan birinə əsasən, abort etmiş qadınların çoxu (90,1%-i) bildirirlər ki, onların kişi partnyorları abortla bağlı qərar qəbuletmə prosesində həmişə iştirak edib. Eyni zamanda o da məlum olub ki, abort etmək üçün maddi dəstək kişilər tərəfindən göstərilir, gender və dayanıqlı inkişaf üzrə mütəxəssis Xalisə Şahverdi deyir.

“Buna görədir ki, hər il açıqlanan Global Gender Gap Hesabatlarında Azərbaycan gender əsaslı sellektiv abrortlara görə ilk sıralardadır. Məsələn, 2018-ci ildə 3-cü yerdə idiksə, 2020-ci ildə 153 dövlət arasında 152-ci yerdə olmaqla, Çindən sonra 2-ciyik”, o qeyd edir.

Nuranənin öz qızlarını qorumaq xətrinə boşanmağa razı olması isə çox nadir rast gəlinən haldır.

“Qadın etiraz etmək və boşanmaq istəsə, yaşlılar bunu demək olar ki, qəbul edə bilmirlər. Valideynlər və qohumlar bəzi hallarda gənc qızları qəsdən ərə getməyə məcbur edirlər. Bir növ təşviq edirlər. Ancaq boşanma onlar üçün evlilik prosesindən daha ciddi bir prosesdir. İnsanlar Azərbaycan zehniyyətində evlənməkdənsə boşanmağa ciddi yanaşırlar”, sosioloq Sənubər Heydərova bildirir.

Nuranə ailəsini razı salmaq naminə xalası oğlu ilə evlənməyi qəbul edir. Lakin xalası - qaynanansının doğulmamış qızını abort etdirməyi tələb etməsilə nikah pozulur.
Nuranə deyir ki, qız doğacağı bəlli olanda hətta əri də ona arxa çevirdi.
Nuranənin etirazı da ona çox baha başa gəlib. Qızlarını xilas etmək istəyərkən ailəsi onu dəstəkləməkdən imtina etdiyi üçün yoxsulluq içində yaşamağa məcburdur.
Boşandıqdan sonra gənc ana qızlarının qayğısına tək qalır. Keçmiş əri indiyədək heç vaxt qızlarını görməyə gəlməyib.


Gender fəalı Leyla Həsənova qeyd edir ki, statusundan asılı olmayaraq, bütün qadınlar hansısa formada etiketlənir, lakin boşanmış qadınlar, xüsusilə də bu boşanmış qadınlar uşaqlıdırsa, onlara cəmiyyət tərəfindən “qadının məhkum olduğu” bir dünya dizayn edilir.

“Bu dizayna əsasən uşaqlı və boşanmış qadın ikinci dəfə ailə qurmamalı, həyatını ana kimi davam etməli və bu ananın uşağının dünyasından başqa heç bir dünyası olmamalıdır – onun nə şəxsi həyatı, nə şəxsi münasibətləri, nə intim həyatı və s. ola bilər. Bu da özlüyündə qadına yüklənən əxlaqçı rolların qadın üzərindəki təzyiqinin artmasının leqallaşdırılmasına səbəb olur”, o deyir.

Sosioloq Heydərova vurğulayır ki, Azərbaycanda boşanan qadın öz həyatını özü kontrol etmir. Məsələn, onlar adətən valideynlərinin evinə qayıdırlar, burada isə əsasən ata və qardaşlarının dəstəyindən asılı olurlar.

“Qadın öz həyatını müstəqil yaşaya bilmir. Əgər qadın savadsızdırsa, ailəsi tərəfindən qəsdən maneələr və təzyiqlərlə üzləşir. Həmçinin uşaqlar üçün aliment tələb etmək Azərbaycanda qadın üçün çox çətin bir prosesdir”.

Aliment üçün hüquqi prosedur bəzən uzun müddət davam edir ki, bu müddətdə bir vəkil xərcləri də ortaya çıxır. Valideynlər isə boşanma prosesində qızlarına dəstək vermirlər.

“Buna görə boşanmış qadın bu çətin vəziyyətdə nə edəcəyini bilmir. Həm də qadınlara aliment prosesində hökumət tərəfindən ciddi şəkildə kömək edilmir. Bundan əlavə, ailə özü qəsdən ziddiyyət, münaqişə yaradır və bu da aliment almaqda problemlərə səbəb olur”.

Nuranənin etirazı da ona çox baha başa gəlib. Qızlarını xilas etmək istəyərkən ailəsi onu dəstəkləməkdən imtina etdiyi üçün yoxsulluq içində yaşamağa məcburdur.

Nuranənin aylıq təxminən 340 manata yaxın gəliri var ki, bu da aliment və sosial yardımdan ibarətdir. Qızları azyaşlı olduğu üçün onları tək qoyub işləyə bilmir.
Hazırda Nuranə və iki qızı Bakıda Qarabağdan didərgin düşmüş ailələr üçün nəzərdə tutulmuş, pis şəraitli müvəqqəti sığınacaqda yaşayırlar.
Nuranə deyir ki, qızlarının yaxşı təhsil alıb yaxşı həyat görəcəkləri ümidiylə yaşayır.
Gender əsaslı diskriminasiya Azərbaycanda elə kök salıb ki, hətta cinsə əsaslanan abortu dəstəkləməyən müasir ailələrdə də bunu sezmək olur. “Bəzən birinci hamiləlikdə soruşurlar , doktor, uşağın cinsiyyəti nədir? Əgər oğlandırsa, çox sevinirlər. Qızdırsa, deyirlər, təki sağlam olsun”, ginekoloq Rəşad Sultan deyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ildə apardığı araşdırma nəticəsində bir çox ailələrin yalnız iki uşaq istədikləri üçün qızı abort etdirmək istədikləri məlum olub. Əgər birinci uşaq qızdırsa, ikincisi oğlan olmalıdır. Digər bir əsas səbəb ailənin zəif planlaşdırılmasıdır - doğuşa nəzarət və ya kontraseptivlər ya istifadə edilmir, ya da düzgün istifadə edilmir.


Hazırda Nuranə və iki qızı Bakıda Qarabağdan didərgin düşmüş ailələr üçün nəzərdə tutulmuş müvəqqəti sığınacaqda yaşayırlar.

O, dörd ildir tək qızlarını böyüdür, bu müddətdə əri heç vaxt qızlarını görməyə gəlməyib. Bundan əlavə, Nuranə bildirir ki, ata uşaqlarına kəsilən alimentdən (150 manat) narazı qalaraq Appelyasiya Məhkəməsinə də müraciət edibmiş.

“Ən çox da bu incitdi məni”, o deyir. 

“Qız doğduğuma görə məhkəməyə boşanma ərizəsi verən o olub. Mən şokda idim. Bu, mənimçün boşanmağa səbəb ola bilməzdi. Oğlan doğmamağımı bəhanə gətirməyinə inana bilmirdim. Ya qızımın qatili olmalıydım, ya da boşanmağı seçməliydim. Əgər abort etdirsəydim, boşamazdılar. Mən boşanmağı seçdim”.

Nuranə dəfələrlə ünvanlı sosial yardıma görə müvafiq orqanlara müraciət edib. Deyir, evinə gələn nümayəndələr cəmi 50 manata yaxın pul təyin ediblər. Boşandığına görə valideynləri də onunla əlaqəni kəsiblər.

Aydan-aya keçinmək üçün mübarizə apararkən Nuranə qızları üçün bacardığı qədər yaxşı yaşayış yaratmağa çalışır. Onlara kitab oxuyur və onlar hər gün parka gəzməyə aparır.

Ana olaraq da Nuranə öz bacarıqlarını inkişaf etdirməyə, bəzən saatlarla psixologiyaya dair kitablar oxumağa, Youtube-da maarifləndirici videolara baxmağa çalışır.

“Başqa yolum yoxdur indi” - deyə, o əlavə edir.

 “Mən içimdə bir qadın olduğunu unutmalı olmuşam. Bütün günümü qızlarıma həsr edirəm. Ümid edirdim ki, onları atalarıyla birlikdə böyüdərəm. Amma o, heç bir dəfə də olsun qızların görməyə gəlmədi. Ümid edirəm ki, uşaqların ehtiyaclarını ödəyə bilmək üçün bir iş taparam”.