Cəbhədə bir həftə

Müəlli̇f: Gülər Mehdizadə
07.10.20
Buraxılış: Arxa cəbhə
Mövzu: Münaqişə

-  Bombaları çəkməyə gəlmisiz?

- Yox, kəndinizi, gözəl kəndiniz var.

- Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə aparmışdılar, indi öyrəşmişəm...

Bu, Füzulidə köçkünlər üçün salınan Qayıdış qəsəbəsində yaşayan 7 yaşlı İnci ilə dialoqumuz idi.

Uşaq danışırdı, amma necə dəhşətli söhbət etdiyindən xəbərsiz idi. 7 yaşlı uşaq bomba səsinə niyə öyrəşməlidir ki?..

Həmin gün Füzulinin Horadiz qəsəbəsinə də getdik. Təhlükəsizliyə görə uşaqları, qadınları qəsəbədən çıxarmışdılar. Yolun kənarında sağa-sola boylandığımızı görən orta yaşlı kişi əl yellədi. Bu günlərdə hamı olduğundan beşqat mərhəmətli, daha çox yardımsevərdir. Başqa vaxt istədiyin təqdirdə edilən köməyi indi istəmədən təklif edirdilər. Kişi bizi evinə dəvət etdi. Həyətinin üstünü çardaqla bağlamışdı. Oturduq, qardaşı da gəldi.

Bu arada, gələn dəhşətli artilleriya səsləri çardağın dəmirlərini silkələyirdi. Haradansa bomba atılır, harasa bombalar düşürdü. 15-20 dəqiqə söhbət edəndən sonra kişilərdən biri üzümə qəribə-qəribə baxıb, “biz öyrəşmişik, sizə nə olub? Qorxmursuz. Bayaqdan söhbət edirik, fikir verirəm, üz ifadəniz dəyişmir. Doğrudan e, siz nə əcəb qorxmursuz?” soruşdu.

“Öyrəşmişəm”, dedim.

Hə, elə İnci kimi mən də öyrəşmişəm. Mənim də uşaqlığım bu səslərin fonunda keçib axı.


90-cı illər, oyanan xatirələr


Füzulidən çıxanda İncidən 2 yaş kiçik idim. Nənəmin-babamın “yenə atırlar, tez uşaqları da götürün zirzəmiyə” sözü ilə gecələr yuxum az pozulmayıb.

Öyrəşmişəm. Elə acı olan da budur. 27 il ötüb və hələ də balaca qızlar bu səsə “öyrəşir”, adi qəbul edir. Halbuki normal insan belə bir vəziyyətdə sakit oturub, çay içə, yemək yeyə, nə bilim, havadan-sudan söhbət edə bilməzdi...

Sentyabrın 27-də müharibənin başladığını eşidəndə Qəbələdə reportaj hazırlamaqda idim. Münaqişə zonasından xeyli uzaqdır Qəbələ. Səhəri cəbhəboyu ərazilərdə yaşayan insanların zəngləri ilə açdım. Müharibə başladığını deyirdilər. Üstündən 10-15 dəqiqə keçəndən sonra rəsmi məlumatlar yayılmağa başladı. Jurnalist kimi hər iki tərəfin xəbərlərini oxuyurdum – həm Ermənistan, həm də Azərbaycan. Tərəflər bir-birini günahlandırırdı.

Əvvəlcə adi atəşkəs pozuntusu kimi qəbul etdim. Gün ərzində Füzulinin və Cəbrayılın bəzi kəndlərinin Azərbaycan ordusu tərəfindən azad edildiyini eşitdim. Füzulinin adını eşidəndə çox qəribə hisslər keçirdim. Ətrafımdakılar təbrik edirdi, amma mən bilmirdim sevinim, ya yox. Qarışıq duyğular içindəydim. O an təkcə Füzuliyə getmək qərarını verə bildim.

Axşama doğru Horadizdə idim, bombaların səsindən yer titrəyirdi. Təhlükəsizlik üçün qadınlar və uşaqlar sərhədyanı kəndlərdən çıxarılmış, kənar qəsəbələrdəki qohumlarının evlərinə yerləşdirilmişdi. Aralarında “ikinci dəfə köçkün düşmüşük” deyənlər də var idi. İş orasıdır ki, bunu zarafatyana deyir, gülürdülər... Mən də mat-məəttəl onları izləyirdim.

Gecəni paltarlı yatdıqlarını da lətifəyə çevirmişdilər: “Köçkünük də, gecəni də paltarlı yatırıq, neyləyək”, deyirdilər. 

Nə hiss edirdim?


Çəkiliş qrupumuzla bir gün sonra səhər tezdən azad edilən kəndlərin sakinlərini axtarmağa başladıq. Onlara nə hiss etdiklərini soruşurdum. Əslində isə bir növ özümün necə hiss etdiyimi onların cavablarında axtarırdım. Hər cavab verəndə diqqət kəsilirdim, ifadə etdikləri sözlər mənə tanışdı, ya yox. Mən necə hiss edirəm? İçimdən cavab gəlmirdi... Jurnalist kimliyimlə qarabağlı kimliyimin arasında qalmışdım. Bir də bilirəm axı, müharibələr itkisiz olmur...

Günsonu sevindiyimi hiss etdim, eyni zamanda qan töküldüyü üçün üzülürdüm. Mən həmişə müharibəyə qarşı olmuşam. Müharibələrin insanlığa qarşı olduğunu düşünmüşəm. Sonra sevindiyim üçün özümə əsəbləşirdim, təmkinimi qorumağa çalışırdım. Kənd camaatı bütün günü televizorun başından ayrılmırdı. Hamı sevincli idi, insanların əhval-ruhiyyəsi çox yüksək idi. Mən indiyə qədər öz insanlarımızı bu qədər xoşbəxt görməmişdim. Təbii, kövrələnlər, elə kamera qarşısında ağlayanlar da az deyildi. Köçkün adından qurtulduğu üçün sevinənlər də.

Xəbərlər çox idi, gərgin işləyirdik. Arada beynəlxalq təlimlərdə, konfliktologiya ilə bağlı kurslarda birgə olduğum, eyni zamanda beynəlxalq media ilə əməkdaşlıq edən erməni həmkarlarımın səhifəsinə də baxırdım. Onlar necə reaksiya verir olanlara? Yaxud bizim müstəqil jurnalistlər necə davranır?

Belə vəziyyətdə tərəfsiz olmaq çox çətindir. Mən həmişə çalışmışam ki, digər tərəfin hissləri ilə oynayan nəsə paylaşmayım, təbliğata uymayım. Bir neçə dəfə sosial şəbəkədə yazdığım statusu paylaşmadan sildiyim də olub. Özümü saxlamışam. Belə vəziyyətdə bunu etmək çətindir, ağırdır. Bu, hər iki tərəfin müstəqil jurnalistlərinin paylaşımlarında da hiss olunur.

Oktyabrın 17-də sosial şəbəkələrdə dostlar məni Füzulinin azad edilməsi ilə bağlı təbrik edirdilər. Mən isə elə bil yuxuda idim, bilmirdim nə yazım, nə cavab verim. Həmin gün Bakıda sakit kafelərin birindən işləyəcəkdim. Eyni zamanda, əvvəlcə banka dəyməli idim. Bankda əməliyyat üçün vəsiqəmi verdim, qız baxdı, “sizi təbrik edirəm” dedi. Duruxdum, üzünə baxdım, sonra əlavə etdi: “Ev adresiniz... Füzuli şəhəri yazılıb”.

Elə bil yuxudan ayılmışdım. Bankdan çıxanda vəsiqəmdəki ünvana baxa-baxa yeriyirdim. Hə, illərdir əlçatmaz olan evimin ünvanı artıq çox uzaq görünmürdü. Həmin gün elə “Facebook”da ünvanımı paylaşıb, sevincimi də ifadə etmişdim. Bunu azca utana-utana etmişdim, çünki müharibədir və bu, itkisiz olmur. Adam o itkilərin fonunda sevincindən utanır. 

Qorxular...


Bunu yazdım, bəli, amma açıq yaza bilmədiyim şeylər çoxdur. Onlardan biri hər iki tərəfin günahsız insanlarının ölümünə üzüldüyümdür. İndiki zamanda buna reaksiya çox pis olar, yəqin. Yaza bilmədiklərimdən biri də “sona qədər gedin, bitirin, gələcək nəsillər müharibə görməsin” deməkdir. Müharibəyə səsləmiş kimi çıxaram. Amma həqiqətən, artıq çox bezmişik. Müharibə ölkəsində yaşamaq asan deyil. Bəzən də “dayandırın, sülhə gəlin” demək istəyirəm. Onu demək də indiki dövrdə çətindir. İnsanlar səni düzgün anlamaya bilər. Necə ki “Müharibəyə yox” deyənləri hədəfə çevirib, linç edirlər...

Qayıdaq Füzuliyə. Orada olduğum növbəti günlərdən birində münaqişə zonasına çox yaxın Babı kəndinə getdik. İnsanlar onların halını soruşmağa gəldiyimiz üçün sevinirdilər. Hamı evinə dəvət edirdi, ocaqda, samovarda dəmlədikləri çaydan təklif edirdilər. Müsahibim danışdığı zaman kövrəldi, “düzdü, torpağımız alınır, sevinirəm, amma insanlar ölür, mən sülh istəyirəm”  dedi.

Qadın da eyni mənim kimi qarışıq duyğular içindəydi. Sözünə əlavə etdi ki, narahatdır, övladlarının gələcəyindən, cəbhədəki əsgərlərdən, kəndindən, hər şeydən. Qadını qucaqladım. 12 ildə ilk dəfə idi ki, müsahibimi qucaqlayırdım və gözüm dolurdu. İlk dəfəydi ki, mən də çəkdiyim insanlar kimi qarışıq duyğular içindəydim. Reportaja hələ çəkiliş zamanı hardan başlayıb, hardan bitirəcəyimi hesablamırdım. Budəfəki işim öz həyatından film çəkməyə bənzəyirdi...

Münaqişə zonasının sərhəddində yaşayan insanların böyük əksəriyyəti baş verənlərdən xoşbəxtdir, çox az qisim isə qarışıq duyğular içindədir.

Mən də onlar kimi, deyirəm, görəsən, bu baş verənlər nədir? Dayanacaqmı? Dayanacaqsa, harada dayanacaq? Bu yaşadıqlarımız normaldırmı?

Az qalırdım bütün o ərazilərdə yaşayan uşaqların qulaqlarına pambıq tıxayım, nə bilim, hamısını maşına yığıb ərazidən uzaqlaşdırım, ya da necəsə yaddaşlarından bu son günləri silə bilim. Elə özümün də yaddaşımdan ilk 5 ilimi və son bir həftəmi... 

Redaksiyadan:

Chai Khana münaqişənin hər iki tərəfindəki icmaların fikir və hisslərinə hörmətlə yanaşır. Esse müəllifilərinin fikirləri ilə razılaşmayan oxucular ola biləcəyini başa düşürük. Biz ümid edirik ki, jurnalistlərə bu çətin anlarda yaşadıqları barədə dürüst yazmaq üçün bir platforma verərək tərəflər arasında dialoq qurmağa kömək edəcəyik.

Ermənistan tərəfindən döyüş zonasına getmiş əməkdaşımızın təəssüratlarını burada ingilis dilində oxuya bilərsiniz.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin