Qazaxın 7 kəndi və 1 sual

Jurnalist: Hikmət Nazim, , Fotoqraf: İlham Mustafa
07.09.22

2020-ci ildə Dağlıq Qarabağ müharibəsinə son qoyan və Qazax rayonunun 7 kəndinin də Azərbaycana qaytarılacağına dair maddələr olduğu deyilən atəşkəs sazişindən bəri, 60 yaşlı keçmiş polis işçisi İlham Nəsibov son 2 ilini bu sualın cavabını axtarmaqla keçirib: “Yuxarı Əskiparanın aqibəti necə olacaq?”

İlham Nəsibov Qazax rayonunun Yuxarı Əskipara kəndindəndir. 1990-cı illərdə birinci müharibə zamanı kənd Ermənistanın nəzarətinə keçdikdə oranı tərk edib. Hazırda Azərbaycan xəbər agentliklərində Yuxarı Əskipara və digər 6 kəndin gələcəyi ilə bağlı tez-tez bu cür xəbər başlıqlarına rast gəlinir: “Qazaxın kəndlərinin qaytarılması müzakirə olunur”, “Qazaxın kəndləri artıq boşaldırılır”, “Qazaxın 7 kəndi geri qaytarılır”. 

Amma İlham Nəsibov və digər məcburi köçkünlər üçün bu xəbərlərin doğru olduğuna dair heç bir əlamət yoxdur, yalan olduğuna dair isə rəsmi mənbələrdə bir söz keçmir. Şayiələr və dezinformasiya arasında ilişib qalan icmalar nəyə inanacaqlarını deşifrə etmək məcburiyyətində qalıblar. 

“İnamımı itirmişəm. Ona görə ki, mübaribənin üzərindən 2 il vaxt keçməsinə baxmayaraq, rəsmi səviyyədə o torpaqların qaytarılıb-qaytarılmayacağı haqqında danışılmır”, o deyir.

60 yaşlı İlham Nəsibov media orqanlarına etibar etmir və baş verənlər haqda daha çox qonşularından və başqalarından aldığı məlumatlara əsaslanır. EUvsDisinfo-ya görə, Azərbaycanda müstəqil medianın olmaması dezinformasiyanın “çiçəkləndiyi” bir mühit yaradıb.

Əslində kütləvi informasiya vasitələrində əksi barədə məlumat verilsə də, Ermənistanla 2020-ci il yekun atəşkəs sazişində Yuxarı Əskipara kəndi geri alınmış Azərbaycan əraziləri siyahısına daxil edilməyib. Müharibədən sonra imzalanan bəyannamənin ilk nüsxəsində “Ermənistan tərəfinin Qazax rayonu istiqamətində nəzarətdə saxladığı ərazilər”in (Sofulu, Barxudarlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli) 20 noyabr 2020-ci il tarixədək Azərbaycana qaytarılacağı göstərilmişdi.

Lakin sonradan bununla bağlı maddə bəyannamədən çıxarılıb, əhaliyə isə buna dair bir açıqlama verilməyib.

“Telekanalları ən çox müharibə dövründə torpaqların geri qaytarılması aktuallaşanda izləyirdim. İnternetdən onsuz istifadə etmirəm, bir müddətdir daha televizora baxmağa da həvəsim yoxdur. Bəzən ürəyim dözmür, həftədə bir, on gündə bir dəfə baxıram. Əsasən kəndlə bağlı informasiya almağa çalışıram”, o deyir.

İndi İlham Nəsibov özəl media qurumlarını əhalini qəsdən manipulyasiya etməkdə günahlandırır. O deyir ki, belə halların aradan qaldırılması üçün mediaya hökumət nəzarət etməlidir.

Reallıq isə odur ki, Azərbaycanda demək olar ki, bütün media hökumətin nəzarətindədir, məsələn, “Sərhədsiz Reportyorlar” təşkilatının media azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.

Bu vəziyyət isə dezinformasiya və manipulyasiya üçün mükəmməl bir zəmindir, "EUvsDisinfo" platforması hesab edir. "EUvsDisinfo" Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində yayılan, Kremlyönlü mediadan qaynaqlanan dezinformasiya hallarını müəyyən edən platformadır.

Türkiyənin “Teyit” faktyoxlama platforması özünün “Yalan məlumat: Azərbaycan-Ermənistan münaqişəsi haqqında” adlı araşdırmasında bildirib ki, 2020-ci il müharibəsi zamanı yayılan və Dağlıq Qarabağ münaqişəsinə aid olduğu iddia edilən görüntülərin 69,9 faizi başqa hadisələrlə əlaqəli olub. 

Hazırda Qazaxda şin təmiri və balansı ilə məşğul olan, Barxudarlı kəndindən məcburi köçkün düşmüş Məqsəd Mirzəyev deyir ki, o, 44 günlük müharibənin başlanğıcında Qazaxın kəndlərinin qayıdacağına inanmayıb. Amma müharibə bitəndən sonra Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın həmin ərazilərin qısa zamanda qaytarılacağını dilə gətirməsindən sonra onda ümid yarandığını bildirir.

Lakin Mirzəyevin ümidləri yoxa çıxmaqdadır.

“Torpaqlar necə qayıda bilər? Necə qayıda bilər ki, bugünlərdə media Rusiya qoşunlarının Aşağı Əskiparada baza tikdiyini yazır. Əhalinin fikri bu yöndədir ki, torpaqlar qayıtmayacaq", o deyir.

Məqsəd Mirzəyev müharibə zamanı internetin bağlanmasından və əhalinin heç bir məlumat ala bilməməsindən şikayətlənir.İnformasiyanı ən çox Rusiya və Türkiyə kanallarından alırdıq”.

Məqsəd Mirzəyev telekanallara və ya şayiələrə inanmır; məlumatlarını internetdən almağa üstünlük verir. O, gündə təxminən altı saatını onlayn xəbərləri oxumağa, yaxud “YouTube”, BBC və Azadlıq Radiosunda reportajlara baxmağa sərf edir. O, “Youtube”da həvəskar yerli kanalları, videobloqçuları izləyir, lakin xəbərləri daha çox sosial şəbəkələrdən alır. “Xəbər saytlarına girmir, qəzet oxumuram”, -deyə Mirzəyev əlavə edir ki, oxuduğu xəbərlərin sadəcə yarısına inanır.

“Başlıqlardan tuturam ki, bu doğrudur, yoxsa saxta. Hər bir vətəndaşın ağlı və kamalı var, özü analiz etməlidir ki, oxuduğu, dinlədiyi xəbər yalandırmı, düzgündürmü”.

62 yaşlı Nizami Məmmədov əslən Yuxarı Əskiparadandır. 15 il hərbçi kimi (4 ilini kəşfiyyatda) fəaliyyət göstərmiş Məmmədov indi Qazax şəhərində Mənzil İstismar İdarəsində işləyir. O özü yerli hakimiyyət orqanlarında çalışsa da, hansı xəbərlərin doğru olduğunu müəyyən etməkdə çətinlik çəkir.

“Müharibə yekunlaşandan sonra o [Türkiyə Prezidenti] dedi ki, bu 7 kənd qaytarılacaq. Amma bu günə kimi nə şad, nə bəd xəbər ala bilirik. Elə eşidirik ki, yaxşı olacaq”, o qeyd edir.

62 yaşlı Nizami Məmmədov düşünür ki, internetdə yayılan xəbərlərin böyük əksəriyyəti əhalini qorxutmağa xidmət edir. Məhz buna görə də işlətdiyi mobil telefonun internetə çıxışı yoxdur. Ağızdan-ağıza gəzən söz-söhbətlərə etimad etməsə də, bəzən hərbçi dostları ilə əlaqə saxlayır, onlardan məlumat alır.

Nizami Məmmədov müharibə zamanı yalnız televiziyadan məlumat alıb. O, “televiziyalarda verilən məlumatların 100 faiz dəqiq olduğunu” desə də, xəbərlərin 30-40 faizinə inandığını deyir.

“30 ilə yaxındır müharibə gedir. Bu müharibəyə müharibə demək olmaz. İranla İraq 10 il 8 ay müharibə etdi. İndi İranla İraq olduqca mehribandır. Gələcəkdə biz də elə olacağıq”. 

O hesab edir ki, ən geci 2022-ci ilin sentyabr-oktyabr aylarında Qazaxın torpaqlarının sülh yolu ilə qaytarılması baş tutacaq: “Və bizim əvvəlki qonşuluq münasibətlərimiz də bərpa olunacaq”.

72 yaşlı təqaüdçü Sevil Həsənova müharibə dövrünü tezliklə doğma kəndinə qayıdış xəbərini gözləməklə keçirib. O, Yuxarı Əskipara Ermənistanın nəzarətinə keçməmişdən əvvəl kənddəki uşaq bağçasının müdiri işləyib.

“Hamı yuxusunda o kəndləri görür, inanırıq ki, qayıdacağıq. Hamı getmək, oradakı bulaqların suyundan içmək istəyir”, hazırda Qazaxın Xanlıqlar kəndində məskunlaşmış Həsənova bildirir.

72 yaşlı Sevil Həsənova doğma kəndi haqqında xəbər almaq üçün oğlundan kömək istəyir.

O deyir ki, 2020-ci il müharibəsini Yuxarı Əskiparaya qayıda biləcəklərinə dair xəbərləri gözləməklə keçirib.

Televiziyada Yuxarı Əskipara ilə bağlı hər hansı xəbər Sevil Həsənovanın sevincinə səbəb olur. “Biz yığışıb kəndə köçməyə hazırıq”. Onun oğlu Bəxtiyar Hidayət qeyd edir: “Yuxarı Əskipara ilə bağlı xəbərlər çıxanda dəqiqləşdirmək üçün mənə zəng edir”.



Bu məqalə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF və ChaiKhananın mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin