Rəqəmsal dövrdə radio romantikası
Heydər Heydərov 7 yaşı olanda sevimli radio aparıcısının ad günü məclisinə gəlməsini arzu edirdi. Söhbət 1960-cı ildən gedir; o vaxt Sovet Azərbaycanında uşaqlar üçün “Xoruz baba” radio proqramının aparıcısı Hüseynağa Sadıqov bir ulduz idi.
“Bizim uşaqlığımızın verilişi idi o. Hətta balaca olanda ona məktub da yazmışdım. Ad günümə dəvət etmişdim. Verilişdə məktubumu oxuyub öz intonasiyası ilə "Mü-üt-lə-əq gə-lə-cə-yəəəm!" demişdi. Mən bütün günü səbirsizliklə gözləmişdim ki, gələcək”, Heydərov yada salır.

71 yaşlı Heydər Heydərov radio ilə böyümüş nəslin nümayəndəsidir. Hətta indi - rəqəmsal əsrdə o və həyat yoldaşı Gülşən Heydərova ənənəvi radio cihazlarına bağlıdırlar.
Azərbaycanda ilk radio 1926-cı il noyabrın 6-da “Diqqət! Danışır Bakı” sözləri ilə yayıma başlayıb. Radiokanallar çox olmasa da, radioqurğular əksər evlərin daimi aksessuarı idi.
Heydərov 1961-ci ildə Azərbaycana televiziya gələndən sonra da radioverilişlərin öz əhəmiyyətini qoruyub saxladığını xatırlayır.
“Həmin vaxtlar televizor yeni yaranmışdı. Çox az evdə televizora rast gəlmək olardı, amma radio hər kəsdə var idi. O vaxt radio məlumat almaq üçün yeganə vasitə idi. Buna görə də, hamı onun qədrini çox gözəl bilirdi. Televizor çıxan vaxtlar müəyyən saatlarda işləməyə başladı. Radio isə 18 saat işləyirdi - səhər 6-dan gecə 12-ə kimi”, - deyə Heydər bildirir.
Televiziya əsas informasiya mənbəyinə çevrildikdən sonra belə, radio insanların həyatında mühüm rol oynayırdı. Məsələn, Sovet İttifaqının dağılması və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda paytaxt Bakıdan kənarda yaşayan insanlar ən son xəbərləri öyrənmək üçün radioya üz tuturdular. Həmin illərdə “Azadlıq Radiosu” ölkədə böyük izləyici kütləsi qazanmışdı. Radiojurnalist Zərxanım Əhmədli xatırlayır ki, 1990-cı illərdə hamı “Azadlıq Radiosu”nun xəbərlərini səbirsizliklə gözləyirdi.
“Azərbaycanın rayonlarında insanlar mənə deyirdilər ki, iki batareya ilə radionun başına yığışıb gözləyirlər. Nə həsrətlə verilişləri gözləyirdilər! Bəzən axşam verilişinə qulaq asa bilməyəndə səhər tezdən oyanırdılar ki, təkrarları dinləsinlər. Camaat onda radionu hava-su kimi qəbul edirdi”.

Uzun illər müxtəlif radiostansiyalarda fəaliyyət göstərmiş jurnalist Zərxanım Əhmədli indi dinləyici qismində radio ilə münasibət qurur. O, Azərbaycanda radiojurnalistikanın inkişaf mərhələlərinin şahidlərindəndir.
Sosial tədqiqatçı Toğrul Abbasov qeyd edir ki, 1990-cı illərdə radionun populyarlığı onun kollektiv yaddaşın formalaşmasında əhəmiyyətindən xəbər verir.
“1990-cı illərdə televiziya və videonun dominantlıq təşkil etməsinə baxmayaraq, radio öz təsirini qoruyub saxlaya bildi. Bu, texnoloji inkişafın kommunikasiya ilə bağlı yeganə amil olmadığını vurğulayır; əlçatanlıq və istifadə olunan vasitənin mənası da mühüm rol oynayır”, o deyir. “Kommunikasiya təkcə texnologiya məsələsi deyil”.
Bu gün informasiya kanallarının çoxluğuna baxmayaraq, Heydərovların evində radio hər gün açıqdır. Cütlük hələ də birlikdə radioya qulaq asmağı və vaxtilə zövq aldıqları köhnə verilişləri xatırlamağı sevir. Hər ikisi əvvəllər efirə getmiş verilişlərin indi də həsrətini çəkdiklərini deyir. Bunlardan biri “Poeziya buketi-nəğmə çələngi” proqramıdır.
“Xüsusilə Əminə Yusifqızının şeir söyləməyini çox sevirdim. Verilişdə Səməndər Rzayev və Həsən Əbluc kimi aparıcılar çıxıb şeir oxuyurdular. Adamın lap ürəyi gedirdi onları dinləyəndə!” Gülşən deyir.
72 yaşlı Gülşən Heydərova zövqlə dinlədiyi radiotamaşaları yada salır. Vizual komponenti olmayan radiotamaşalar dinləyicidə personajlar və hekayə barədə təsəvvür yaratmaq üçün dialoq, musiqi və səs effektləri istifadə edirdi.
“Orada aktyorluğu görmürsən, lakin hiss edirsən. Təsəvvür edirsən ki, indi hansı hadisə gedir. Məsələn, külək səsi gəlir, ardınca mütləq yarpaqlar xışıldayır. Digər tərəfdən it hürür, quş səsi gəlir, aktyorlar ayaqlarını tappıldadırlar, bilirsən ki, yeriyirlər. Səhnədən vahimələnirsən, başa düşürsən ki, nəsə baş verəcək. Hər detalı qulaq üçün ayrıca işləyirlər. Bunu dinləmək mənə zövq verir”.

44 ildir evli olan Heydər və Gülşən internetin hakim olduğu elektron dövrdə ənənəvi radioqəbuledicilərdən istifadə edirlər. Birlikdə radioproqramlara qulaq asmaqdan həzz alır, köhnə verilişləri müzakirə edirlər.
Sosial tədqiqatçı Toğrul Abbasov hesab edir ki, radio dinləyicilərinin yaşadığı nostalji hisslər pop mədəniyyətində geniş yayılmış nostalgiya anlayışından fərqlənir.
“Nostalgiya əslində indiki dövrə deyil, keçmiş dövrə aid olmaq hissini ehtiva edir. Bununla belə, 2000-ci illərdən bəri pop mədəniyyətində nostalgiya indiki və gələcəklə bağlı narahatlıqları sakitləşdirməyin bir yolu kimi kök salıb”, Abbasov deyir. Lakin o əlavə edir ki, radioya qulaq asmaq “fərqli bir zamanla və ya digər insanlarla əlaqə qurmaq istəyinin inikasıdır. Yaxud bugünkü dünyanın sürətli tempini yavaşlatmaq və aidiyyət hissini gücləndirmək istəyidir”.
“Hər şeyin ani baş verdiyi və asanlıqla unudulduğu bir dünyada şəxsi xatirələrə bağlı qalmaq mühüm əhəmiyyət kəsb edir. Məncə, radio dinləmək bu kontekstdə şəxsi yaddaşın müdafiəsi rolunu oynayır”, Abbasov izah edir.
72 yaşlı jurnalist Zərxanım Əhmədli radio karyerasının ardınca sadiq radio dinləyicisi olaraq qalır.
“Məktəbdə oxuyanda bütün günü radioya qulaq asardım. Ordakı səslər mənə çox doğma gəlirdi. Xüsüsən də xəbərləri və musiqiləri dinləyirdim. Amma o vaxtlar radioda işləyəcəyimi heç vaxt təsəvvürümə gətirməmişdim”.
Onun ilk şəxsi radioqəbuledici cihazı indikilərə nisbətən bir az böyük və fənərli olub. Hazırda onun evində üç ədəd radioaparat var. Onlardan biri oğlunun hədiyyəsidir - 15 il əvvəl Yaponiyadan alınmış böyük radio.
Zərxanım Əhmədli 1970-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə ikən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. O, sovet illərində Azərbaycan radiosunun redaktoru, sonra “Azadlıq Radiosu”nun Bakı müxbiri, daha sonra isə İctimai Radionun yaradılmasında fəal iştirakçı olub.
“Mən birinci kursda olanda radio çox populyar idi. O dövrdə Aydın Qaradağlı, Gültəkin Cabbarlı, Sabutay Quliyev, Fatma Cabbarova kimi sənətkarlar mənim üçün çox maraqlı idilər. Bütün mədəniyyət, teatr, kino, incəsənət xadimləri radioya gələrdilər”, o xatırlayır.

Zərxanım Əhmədli radioqəbuledici qurğulara daim qayğıyla baxdığı üçün heç vaxt təmirə aparmayıb. O, Sərfəli qiymətə illərlə yanından ayrılmayan cihazları almağı sevir.

Əhmədlinin vaxtilə qəzetlərdə dərc olunmuş məqalələr arxivi. O, illər əvvəl aparıcısı olduğu radioproqramların səs yazılarını da qoruyub saxlayır.
Köhnə radio proqramlarını nostalgiya ilə yada salan Zərxanım Əhmədli bəzən müxtəlif incəsənət xadimləri ilə apardığı müsahibələrin səsyazılarına qulaq asır.
“Mən indiki gənclər kimi radionu qulaqlıqla dinləyə bilmirəm. Radio cihazları ona görə mənə dəyərlidir. Həmin cihazdan çıxan səs mənə daha doğma və inandırıcı gəlir. Ona görə radionu telefondan onlayn şəkildə dinləmək mənə görə deyil”.
Əhmədli hesab edir ki, smartfonlar sayəsində radioaparanların sayı azalsa da, onlar hələ də mövcuddur və bu, qeyri-adi hadisə deyil.
“Radio mənim üçün sakitcə bir otaqda dinləmək istədiyim cihazdır. Bir vaxtlar belə fikirlər səslənirdi ki, qəzet erası artıq bitib. Amma hələ də hamısı fəaliyyətdədir. Mən radio cihazların məhv olmasına, yaxud ona ehtiyacın nə vaxtsa bitməsinə inanmıram. Radio cihaza ehtiyac həmişə olacaq”.
ianə verin