Nəsillərarası pərdə

Müəlli̇f: Şərəf Nağıyeva
28.01.21
Buraxılış: Özgələr
Mövzu: Qadınlar

Uzun müddətdir ki, cəmiyyətimizdə nəsillər arasında mövcud olan məsafə haqqında düşünürəm; burada həmişə “biz və onlar” bölgüsü var. Axır qərar verdim ki, bizim nəsli əvvəlki nəsildən hansı əsaslarla uzaq hiss etməyimizi öyrənim: Niyə aramızda divar hörmüşük və bir-birimizə “başqası” kimi davranırıq? “Ana ilə qızı arasında pərdə olmalıdır” kimi cəmiyyətdə geniş yayılmış bir fikrin arxasında nə dayanır - bu, məqaləmdə araşdırmağa çalışdığım əsas sualdır.

 

Bakı, Antalya və İstanbulda yaşayan səkkiz qadın - 21-74 yaş arası dörd ana və qızları - suallarımı cavablandırdı və pərdə anlayışını necə başa düşdüklərindən bəhs etdilər. Araşdırmam boyunca özümdən böyük insanlarla aramızda bir maneənin olduğunu hiss etmədən necə ünsiyyət qurmağı öyrəndim. İş prosesində analarla qızları arasında fərqli münasibətlər gördüm, onların fikirlərini və mövqelərini anlamağa başladım. Və sonra özümü hazır hiss etdiyim vaxt başqa bir ölkədə yaşayan anamla görüşmək və beynimdə olan sualları anama da vermək qərarına gəldim. Bu isə nəhayət, mənim və “başqa nəsil” olan anam arasındakı baryeri aradan qaldırdı.

Jalə Nəcəfova, 28 yaş

Mənim üçün “pərdə” özünüzlə bağlı bütün həqiqətlər və böyüklərimizin qəbul etməyə hazır olduqları həqiqətlər arasındakı incə bir xəttdir. Əgər yaxınlarınızdan biri xəttin bu tərəfinə adlayıb sizin həqiqətlə yaşamağa hazır deyilsə, onları və sizə olan sevgisini qorumaq üçün bu xətti keçməmək daha yaxşıdır.

 

İradə Əzimova, 50 yaş

“Pərdə” valideyn və övladların bir-birlərini tanımasına imkan verməyən bir məfhumdur. Mənimlə qızlarım arasında 19-20 yaş fərqi var, ona görə aramızdakı pərdə çox nazikdir. Onlar üçün hər şey qaydasındadırsa, mən böyük bir dost rolunda oluram, amma elə ki kefləri pozulur, onda analıq funksiyasını işə salıram.

Fəridə Mədətova, 45 yaş

Bu pərdə məsələsi mühakimə olunma nəticəsində ortaya çıxıb. Gəlib sevdiyim bir insana bir şey danışsam və cavab olaraq bir ton qınaq eşitsəm, təbii ki, növbəti dəfə susacağam. Bu baryer mənə bu cür görünür. Mən uşaqlarımı mühakimə etmirəm. Nəticədə onlarla açıq, etibara əsaslanan bir münasibət qurmuşam. Başqa bir məqam da var - həyat müdrikliyi, etika… Harada və necə davranacağınızı, hansı cəmiyyətdə və kiminlə istədiyiniz kimi davranmaqda sərbəst olduğunuzu bilməlisiniz. Avropalılar üçün məqbul, amma bizim ölkəmizdə qəbuledilməz olan şeylər var və mənimçün bu, normaldır. Bu da özünə görə bir pərdədir, oyunun xüsusi qaydalarıdır. Bu, nə pis, nə də yaxşıdır demirəm, bu, sadəcə belədir.

 

Mahirə Vəliyeva, 74 yaş

Pərdə bizim mentalitetdən irəli gəlir. Bizi nəsildən-nəsilə belə böyüdüblər. Pərdə hörmət deməkdir, sevdiyiniz insanı pərişan etməmək istəyidir. Əlbəttə ki, nə etmək istəyirsənsə, edirsən, eyni zamanda qəlbini qırmamaq üçün ona bu barədə danışmırsan, özündə saxlayırsan. Və o insan da bunu bilir - əslində hamı həmişə hər şeyi bilir, ancaq üzə vurmur. Ancaq əsas şey heç nəyə baxmayaraq, istədiyinizi etməkdir. Azadlıq budur.

Miray Gözəlova, 21 yaş

Mən düşünürəm, əgər insanlar arasında səmimiyyət yoxdursa, o zaman pərdə olur. İnsan ilk öncə özünə qarşı səmimi olmalıdır. Özünü tam dərk edən və öz komplekslərindən qismən qurtulmuş insan heç kəslə pərdə saxlamağa ehtiyac duymayacaq. Əgər biz pərdəni hörmət mənasında başa düşürüksə, hörmət həmişə lazımdır, nəinki nəsillər arasında, hətta özümüz özümüzə qarşı da. Mənim gözümdə pərdə sadəcə inamsızlıq və ya qorxudur. Əslində insan özünü və ətrafını dərk etsə, nə nəsillər arasındakı fərqi üzə çıxartmağa, nə də kimləsə arasında pərdə saxlamağa ehtiyac duyacaq. Yenə də bunlar sadəcə mənim indi üçün olan müşahidələrimdir.

 

Afət Sultanova, 40 yaş

Biz istəsək də, istəməsək də, nəsillər arasında pərdə həmişə olub və olacaq. Ən sadə dildə ifadə etsək, böyüdüyümüz və tərbiyə aldığımız ev, təhsil ocağı, zaman, məkan fərqli olduğu üçün, təbii ki, həm pərdə, həm də fərqlilik normal haldır. Məncə, bunun olması təqdirəlayiqdir. Ümumiyyətlə, təkcə nəsillərarası deyil, bütün insanların arasında cüzi də olsa, pərdə, ədəb-ərkan, hörmət, sevgi olmalıdır. Biz bu gün pərdənin olmasını nə qədər rədd etsək də - gənclər bu pərdənin olmamasını dəstəkləyir və istəyir, reallığa baxsaq, pərdə var və olacaq. İnanıram ki, siz gənclər də vaxt gələcək və yeni nəsillə aranızda pərdə olmasını özünüz istəyəcəksiniz.

Bircan Nağıyeva, 21 yaş

Mənə görə, pərdə sadəcə nəsillərarası deyil; məsələni daha təməldən ələ alsaq, yaş, cinsiyyət, dini inanc fərqi qoymadan başqa insan ilə arana qoyduğun sərhəddir. Duyğularını, düşüncələrini paylaşmaqdan qorxmaq, çəkinməkdir. Elə əsl problem də burdadır. Pərdə dedikləri yaxın-uzaq hər insanla aramızda var. Mən istəyirəm elə dövr gəlsin ki, pərdələrin arxasında gizlənmədən öz fikir və düşüncələrimizi paylaşa bilək. Apardığım radio proqramlarında dəfələrlə demişəm ki, gərək insanın qəlbi ilə zehni eyni dili danışsın, yoldaş olsun. Belə olduqda getdikləri yol açıqlığa çıxacaq. Yolun sonunda günəş ən gözəl saatında olacaq və sizi isidəcək. Günəş şüalarına qarşı o pərdəni bağlamaq istəməyəcəksiniz. Əgər o yola qəlbimiz və zehnimizlə birgə çıxa bilsək, bunu bacara bilsək, hiss etdiyimiz heç bir duyğu, ağlımıza gələn heç bir fikir bir başqa insanı incidə bilməyəcək. O qədər saf və təmiz olacağıq. Axı həyatımızdakı əsl məqsəd budur. Əslində getdiyimiz yol özümüzə dönüş yoludur. Bir düşünün, uşaq zehnində “pərdə” anlayışı yoxdur, hər şey yalın və sadədir. İnsanlara olan güvəni və sevgisi təməl duyğularıdır, uşaq çəkinmir, heç kim ilə arasına sərhəd qoymur. Necə var, elədir. Biz də elə olmalıyıq, axı günün birində o pərdə açılsa, gərək qarşındakı insan səni tanıya bilsin.

 

Gulnarə Əskərova,  53 yaş

Pərdə insanın şəxsi məkanıdır. Bu məkan hər kəs üçün və hər kəslə əlaqəlidir - bu, yalnız yaşlı nəsil və gənc nəsli əhatə etmir. Bu, çılpaq reallığı görmək istəməməyimizdir və nəticədə bu dünyaya (öz yaratdığımız qeyri-mükəmməl dünyaya) gətirdiyimiz övladlarımızla aramızda etibarsızlıq yaratmaqdır.

Bu səbəbdən də sizə etibar edən kəpənəyi qorxutmamaq və istəmədən qanadlarının incə və bənzərsiz naxışını pozmamaq üçün bu pərdəni qorumalısınız.

 

Bu məqalə üzərində iş prosesində sözünü açdığım məfhum - “pərdə məsələsi” barədə öz anlayışım kökündən dəyişdi: pərdə çəkildi və arxasından içəri girən işığı gördüm. “Pərdə” çox açıq, çox səmimi olmaq qorxumuzdur - hətta ən yaxın və əziz insanlarımızla. Bunlar nəsildən-nəslə ötürülən travma və komplekslərdir, başqalarının gözündə qınanmamaq üçün özünlə apardığın mübarizədir. “Pərdə” mühakimə olunmaq və səhv başa düşülmək qorxusudur. Özün olmaq qorxusu.

Hər şey düşüncələrimizdə mövcuddur, o cümlədən “pərdə”. “Başqaları” kimi bir şeyin olmadığını başa düşmək, ətrafdakı insanlarla və əlbəttə ki, özümüzlə sağlam və ahəngdar ünsiyyət qurmağımıza kömək edəcək.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin