"İnsanları maskalı görmək..."

Müəlli̇f:

09.11.21

Koronavirus pandemiyasının başlanğıcında və sonrakı dövründə dünyaya yeni körpə gətirən Cənubi Qafqaz anaları hansı reallıqla üz-üzə qalıblar? Azərbaycan, Ermənistan və Gürcüstandan olan fotoqraflar bu sual ətrafında vizual tədqiqat aparıb, analığın reallıqları barədə qadınlarla söhbət ediblər.

Bu birgə foto-layihə qadınların məhrəm portretini təqdim edir və son 20 ayın ağrılarının, fədakarlıqlarının və gözlənilməz sevinclərinin onlara və uşaqlarına necə təsir etdiyinə dair fikirlərini əks etdirir.

Bəziləri üçün pandemiya dövrü uşaqlarından və ya valideynlərindən ayrı düşmək, güvəndikləri dəstək sistemlərini itirmək demək idi. Digərləri üçün o, həftələr boyu artan risk və qorxuya səbəb olub. Bəxti gətirənlər üçün isə pandemiyadan irəli gələn hərəkət məhdudiyyətləri həyatın sürətini azaltmalarına və diqqətlərini dağıtmadan valideyn olmağın sehrli xaosundan həzz almağa imkan verib.


Qvantsa Marqvelaşvili (29 yaş), Liza (4 yaş), Nikolos (15 ay)


Pandemiya başlayanda 29 yaşlı Qvantsa Marqvelaşvili ikinci övladına hamilə olub. O, profilaktik tədbir olaraq əri və qızı ilə təcrid olunub.

“Karantin haqqında ilk dəfə eşidəndə ciddi qəbul etmədik və bunun tezliklə bitəcəyini düşündük”.

“Heç vaxt təsəvvür edə bilmədiyim çətinliklərlə üzləşdik. Qızımız Liza o vaxt üç yaşında idi və onu mənzildə sakit saxlamaq mümkün deyildi. Onun xatirinə dörd günlük ailəmizin şəhərətrafı evinə köçmək qərarına gəldik. Lakin pandemiya daha da pisləşdi və biz orada uzun müddət qaldıq. Atam hər gün işlədiyi və başqa insanlarla əlaqə saxladığı üçün anam təhlükəsizliyim üçün bizə baş çəkməmək qərarına gəldi. Mən anamı üç aya yaxın görmədim”.

“Həmin dövrdə mən çox stresli idim. Yeməkdən tutmuş paltarımıza qədər hər şeyi sterilizasiya edirdim. Evdən işləyirdim və vaxt hissini tamamilə itirmişdim. Hər şey çox idi... Gecələr yuxuya getməkdə əziyyət çəkirdim, çünki nə baş verəcəyini və necə yaşayacağımızı düşünürdüm”.

“Doğuş tarixim yaxınlaşan zaman koronavirusa yoluxma halı cəmi 19 idi. Pandemiya zamanı doğmaq barədə düşünmək stressimi artırırdı. İndi “Covid-19” ilə əlaqədar vəziyyətin daha da pisləşdiyini gördükcə hesab edirəm ki, yaxşı ki, keçən il doğuş etmişəm.

Nikolosun artıq bir yaşı var. İnsanları maskalı görmək onun bildiyi yeganə şeydir. Bəzilərini maskasız görmədiyini nəzərə alsaq, maskalı insanları asanlıqla tanıya bilir. Onun üçün normaldır. Liza hələ də bu məsələdə çətinlik çəkir və maska taxan insanları tez-tez səhv salır”


Makuna Qoçiaşvili (32 yaş), Mişo (11 yaş), Qabriel (9 yaş), Petre (6 yaş)

Pandemiya başlayanda 32 yaşlı Makuna Qoçiaşvili fərdi repetitorluğunu onlayn dərslər formasında həyata keçirib. Makuna qısa müddətdə başa düşüb ki, işləməyə davam etmək istəyirsə, bəzi çətin qərarlar qəbul etməlidir. “Uşaqlara dayə işə götürmək bir seçim deyildi: ictimai nəqliyyat işləmirdi və dayələr gedib-gələ bilmirdilər... Uşaqlarımla bir yerdə ola-ola işləmək mümkün deyildi, ona görə də bir plan hazırladım: işlədiyim günlərdə uşaqları nənəsi və atasının yanında qoyurdum, həftə sonları isə mənimlə qalırdılar”.

"Bu, mənim üçün də, övladlarım üçün də böyük stress idi. Onların dünyası alt-üst olmuşdu. Bütün nəqliyyat növləri qadağan olunanda bəzən hətta həftə sonları uşaqların evə gəlməsini də təşkil edə bilmədim, buna görə də bir neçə həftə ayrı qaldıq. Ağır idi".

“Pandemiyada başa düşdüm ki, öz ehtiyaclarıma məhəl qoymurmuşam. Məlum oldu ki, mənim daha böyük mənzilə ehtiyacım var, uşaqlara öz otaqları lazımdır, həmçinin mənim də şəxsi bir məkanım olmalıdır. Fərqinə vardığım çox şey oldu və düşünürəm ki, bir çox insan da daha məlumatlı oldu və reallıqla üzləşməyə başladılar. Yaşadığımız problemlər və evdə yerimizin olmamasından ortaya çıxan narahatlıq daha çox gözə çarpırdı. İlk karantin başa çatdıqdan sonra fərqli, daha böyük bir mənzilə köçdük. Həmçinin işimi dəyişdim və uşaqlar üçün açıq havada düşərgə səfərləri təşkil etməyə başladım. Beləliklə, emosional olaraq ikinci karantinin öhdəsindən gəlmək daha asan oldu. İndi hər şeyə daha hazırlıqlıyam”.


Xatiya Quraspaşvili (29 yaş), Tekla (4 yaş), Marta (20 ay)

Pandemiya 29 yaşlı Xatia Quraspaşvilinin ikinci övladı Marta dünyaya gələndən dərhal sonra başlayıb.

“Mən pandemiyadan əvvəl tamştatlı ana idim, lakin pandemiya zamanı özümü daha tək hiss edirdim. Dostlarım mənə baş çəkə bilmirdi. Bir az nəfəs almağım üçün yeganə fürsət parkda gəzintilərdən ibarət idi, amma “Covid” qorxusundan bu variantı da itirdim”.

“Bununla belə, sonda qorxmaqdan yoruldum və bir az çölə çıxmağa başladım. “Covid”dən əbədi gizlənə bilməyəcəyimizi başa düşdüm. Gəzməyə çıxanda möcüzə imiş kimi hiss gəlirdi. Bundan sonra hər şey yavaş-yavaş yoluna düşdü”.

Xatia deyir ki, psixi sağlamlığını qorumaq üçün Covid ilə əlaqəli xəbərlərə baxmağı dayandırıb. "Bəlkə də nə baş verdiyini bilməmək ən yaxşı yol deyil, amma mənə lazım olan bu idi".


Keti Nikabadze (32 yaş), Murtaz Çikovani (30 yaş) və onun əkizləri 2 yaşlı Luna və Nensi


Keti Nikabadze pandemiya zamanı əkiz uşaqlar dünyaya gətirib. O deyir ki, qızlar doğulandan bəri əri Murtaz ilə valideynlik yükünü bərabər paylaşıblar, bu isə ailəyə 2020-ci il karantin dövrünü rahat keçirməyə kömək edib.

“Ümumiyyətlə, uşaq doğmaq qərarına gəlmək mənim üçün çətin idi. Yaşadığımız dünyada uşaq sahibi olmaqla bağlı yüksək ekzistensial dilemmalarım var idi. Sonra öyrəndim ki, bir yox, iki uşaq gözləyirəm. Əkiz uşaq anası olduğumu tam da çatmırdı mənə”.

"Doğuş sonrası depressiyaya düşdüm və pandemiya vəziyyəti daha da pisləşdirdi. Düşünə bildiyim tək şey o idi ki, “nə yaxşı onlar məktəbə getmir”. Belə bir dövrü və problemləri dərk edə bilməmələrinə sevinirdim. Bunu uşaqlarımız yox, biz yaşadıq və onların əziyyət çəkməməsi məni sevindirdi. Ümid edirəm ki, onlar böyüyəndə hər şey bitəcək".

​​“O dövrə aid nəyisə xatırlamağa çalışanda elə bilirəm bütün bunlar yuxu olub. Mən reallıq hissini itirmişəm... İki uşağım var və onlarla keçən birinci il yuxu kimi görünür. Doğuşdan sonra çox çətin bir dövr keçirdim və müalicə alsam da, hələ də heç nə real deyil. Sanki birinci ildən sonra ətrafda baş verənləri həqiqətən hiss etməyə başladım”.

“Məndən tez-tez soruşurlar ki, ərim mənə kömək edirmi. Mən bu kontekstdə “kömək edir” sözünə tab gətirə bilmirəm. Bu, kömək deyil. Bu, məsuliyyətləri bərabər bölməkdir. Biz hər şeyi eyni şəkildə edirik və çox vaxt o, məndən daha yaxşı öhdəsindən gəlir”.

“Məncə, bütün atalar belə olmalıdır. İkimiz də hər gün işdən evə yorğun gəlirik, ikimiz də uşaqları görməyə evə tələsir, yatmazdan əvvəl onlarla vaxt keçiririk. Karantin zamanı ərim olmasaydı, mən bu bir neçə ayı uşaqlarla idarə edə bilməzdim. Mənim sağlam olmağımda onun böyük rolu olub...Mən çox xoşbəxtəm ki, övladlarımın onun kimi atası var. Mən böyüyəndə atam yox idi və indi qızlarımın ataları ilə olan gözəl münasibətini və atanın uşağın həyatında bu qədər fəal iştirak etməsinin nə demək olduğunu izləmək mənim üçün ikiqat sevincdir”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. donation.stories.donate-text
ianə verin