Son illərdə onlarla queer (kuir) Azərbaycan vətəndaşı gender kimliyinə görə təqiblərə məruz qalaraq ölkəni tərk edib. LGBTİQ+ların Azərbaycanı tərk etməsi ilə bağlı rəsmi statistika yoxdur, lakin mediada ara-sıra çıxan məlumatlar göstərir ki, onlar yaxın və uzaq ölkələrdə təhlükəsiz həyat qurmağa can atırlar.
“I.S. Hüquq Firması”nın 2019-cu ildə hazırladığı hesabata əsasən, son illər Azərbaycandan ABŞ-a sığınacaq üçün müraciət edənlər arasında LGBTİQ+ların da sayı çoxalıb.
Getmək istəyənlərin bir qismi də ya Avropa ölkələrində sığınacaq axtarır, ya da viza və sənədləşmənin asan olduğu qonşu ölkələrə köçür. Baxmayaraq ki, sonuncu variant onların təhlükəsizliyi üçün zəmanət vermir…
Pəri Banu bu yaxınlarda qonşu Gürcüstanın paytaxtı Tbilisidə məskunlaşanlardan biridir.
2022-ci ilin yanvarında Bakıda Banu ilə görüşəndə aramızda uzun söhbət oldu. O vaxt mənə deyirdi ki, Azərbaycan kimi mühafizəkar cəmiyyətdə, xüsusən də gender kontekstində bir növ “qəliblərdən kənarda olmaq”, həqiqətən, çətindir. Qəbul edilmiş kişi və ya qadın rollarını daşımaqdan imtina etmək insanı cəmiyyətdən təcrid edir. O deyir ki, şalvarın rəngli olması, yaxud sırğa taxılması başqalarını özündən çıxarırsa, belə bir cəmiyyətdə yaşamaq olduqca əziyyətlidir.
“İnsanlar həmişə deyir ki, “sənin penisin var, özünü kişi kimi apar!” Yaxud da “vaginan var, qadın kimi davran!”. Mənə həmişə maraqlı olub: kişi və ya qadın olmaq nə deməkdir? Bu primitiv binar (ikili) şeylərdən uzaqlaşmaq mümkün deyilmi? Kiminsə penisi ola bilər, amma eyni zamanda zərif və qayğıkeş də ola bilər. Yaxud vaginaya sahib olmaqla yanaşı, biri maskulin və dominant insan ola bilər. Bunların, həqiqətən, bir əhəmiyyəti varmı?”
Bir neçə dəfə çəkiliş üçün görüşəndən sonra Pəri mənə çox konservativ olan ailəsi haqqında danışdı. O deyir ki, üzərində çiçək şəkli olan çanta belə, ailədə mübahisə və problemə çevrilmək üçün kifayət edir. Valideynlərinin göstərdiyi səbəblərdən biri belə idi ki, “qonşular görsə, nə deyər? Çox ayıbdır!”
Banu deyir ki, anasının israr etməsi nəticəsində o, hərbi xidmətə getməli olub. Həmin dövrdə onu qorxu və depressiya müşayiət edib. Banu yada salır ki, orduda dedovşina və zorakılıqdan əlavə, əsgərlər onu sekslə məşğul olmağa sövq etməyə çalışırdılar. O, bu cür təkliflərə həmişə yox dediyi üçün gecələr onu tualetə və anbara bağlayaraq, döyməklə cəzalandırıblar. Hətta əsgərlərdən biri deyibmiş ki, hərbi xidmət başa çatdıqdan sonra onu tapıb öldürəcək.
“Uşaq olanda makiyaj etməyi, köynək geyinməyi və göbək rəqsi oynamağı çox sevirdim. Ancaq valideynlərim, xüsusən də atam bu məsələdə çox sərt idi. Amma mən həmişə cəsur olmuşam. Sonra belə etdiyimə görə cəzalandırıldım. Mən həmişə özümə sual verirəm... Niyə? Oğlan üçün qadınlıq lənətdirmi? İndi isə cavabı tapmışam... Mənim mütləq azadlığım həmişə başqalarını qorxudub!”
İyun ayında görüşəndə Banu dedi ki, o, valideynlərinin evini tərk edib qonşu Gürcüstana köçməyi planlaşdırır və ümid edir ki, heç kim orada ona kimliyini əsas gətirərək təzyiq göstərməyəcək.
Banunun gündəliyindən qeydlər:
06.18.22
Daha dözə bilmirəm. Ona görə də Tiflisə köçmək qərarına gəldim. Kiçik büdcəmlə orada nə edəcəyimi də bilmirəm. Amma başqa seçimim yoxdur. Bu, alçaldıcıdır. Özümü itirmiş kimiyəm... Bəlkə də, çıxış yolu budur!
Qorxuram ki, keçid prosesimi təxirə salım. Təəssüf hissi keçirirəm. Buna çox pul lazımdır. Hələ ki, Tbilisidə yaşamaq üçün pul yığmalıyam.
06.19.22
Fikrim çox qarışıqdır. Lakin artıq Tbilisiyə bilet almışam. Çox qorxuram! Giorgi ilə danışdım. Untitled Gallery adlı yerdə işləyir. Onlarla əməkdaşlıq edəcəyəm. Amma Giorgi dedi ki, maddi cəhətdən mənə dəstək ola bilməyəcəklər. Buna görə də vəziyyət daha da stresslidir. Orada demək olar ki, heç kimim yoxdur.
06.20.22
“Facebook” vasitəsilə Tbilisidə yaşayan bir türk qızla tanış oldum, o, mənə Quramşvilli metrosunun yaxınlığındakı mənzlini cəmi 100 dollara kirayə verəcək. Möhtəşəm! Amma mənzil iyulun 17-dən sonra boşalacaq. Ona görə kirayə ev, yaxud otaq axtarmağa davam edirəm.
Qarışıq hisslər keçirirəm. Bir tərəfdən, qorxuram, digər tərəfdən, səfərlə əlaqədar həyəcanlıyam. Hətta indi ürək döyüntülərim sürətlənir. Çox qəribədir!
06.20.22
Bir neçə gün əvvəl depressiya əleyhinə dərmanların dozasını azaltmaq qərarına gəldim və sonra isə onları qəbul etməyi dayandırdım. Ona görə də indi özümü daha narahat və stresli hiss edirəm. Amma ümid edirəm ki, öhdəsindən gələ biləcəyəm.
06.21.22
Qəribədir ki, ailəmin mənə qarşı münasibətindən sonra özümü hələ də günahkar hiss edirəm. Deyəsən, Stokholm sindromum var. Bu qəribə hissdən qurtulmaq istəyirəm.
Dünən Tbilisidə iki model agentliyi ilə əlaqə saxladım. Məndən portret fotolarımı istədilər. Necəsə çəkdirib göndərməliyəm. İş üçün imkan yarana bilər. Amma deyəsən, modellik üçün bir az yaşım çoxdur.
Atam içki düşkünüdür. Yeni aldığım yaşıl rəngli çantamın üstündə ingiliscə “she” (qadın cinsini göstərən “o” əvəzliyi) və “they” (cinsi mənsubiyyətini göstərməyən, qeyri-binar şəxslərə müraciət etmək üçün istifadə olunan “onlar” əvəzliyi) yazıldığını görəndə məni vurmaq istəyirdi. Əlində bıçaq vardı. Bilmirəm nə üçün. Bəlkə də, məni bıçaqlamaq fikri vardı. Amma qonşular xəbər tutar deyə, narahat oldu.
06.22. 22
Antidepresantların təsirini getdikcə daha az hiss edirəm. Xoşbəxtlik hissini yaşamaq üçün bu gecə çoxlu içdim, rəqs etdim. Amma ayıq olanda sadəcə əzab hissi keçirirəm!
Müraciət edə biləcəyim bir neçə təqaüd proqramı tapdım. Müəyyən müddət yaşayış xərclərimi qarşılamağa kömək edə bilər.
İnsanlar deyirlər ki, Gürcüstanda trans qadınlar öldürülür. Bundan çox narahatam. Doğru qərar verib-vermədiyimə şübhəm yaranıb…
06.23. 22
Bu gün bir az əsəbiyəm. Deyəsən, insanların anlamazlıqlarına görədir. Məyusam!
Anam zəng edib dedi ki, dövlət işi tapıb işləyim. Həm də dedi ki, qəribə davranışlarımı yığışdırmaq üçün müalicəyə ehtiyacım var.
06.24.22
Valideynlərimə nifrətim günbəgün artır. Amma bilirəm ki, içimdəki qəzəbdən özümü azad etməliyəm.
06.25.22
Bu gün anama dedim ki, tezliklə evdən çıxıb gedəcəyəm.
Banu ilə yenidən Tbilisidə görüşdük və mən onunla fotosessiyaya davam etdim. O, hesab edir ki, maddi cəhətdən stabilliyi olmasa da, bu şəhərdə özünü daha təhlükəsiz hiss edir. İyunun 28-dən başlayaraq Banu üç dəfə mənzilini dəyişib, amma nəhayət, ona yaxşı münasibət göstərən ev sahibi tapıb, hətta dostlaşıblar. O, Tbilisidə özünü daha az tənha hiss etdiyini vurğulayır. Banu iş axtarışlarına başlasa da, gürcü dilini bilməməsi ona böyük maneədir. Təhlükəsizlik məsələlərinə əmin olmaq üçün normal iş saatları olan yaxşı bir iş tapmaq istəyir.
Ailəsi və qohumları hələ də Banuya mesajlar yazır. Onlar narahatdırlar ki, Banunun azad şəkildə, həyatını istədiyi kimi yaşamasından qohum-qonşu xəbər tuta bilər.
Hətta Tbilisidə küçədə Azərbaycandan olan qadınlarla rastlaşanda onun trans kimliyindən narahatlığını ifadə ediblər.
Anası bir müddət əvvəl Banunu razılaşdırmağa çalışıb ki, hansısa qızla evlənsin, sonra nə istəyirsə etsin. Banu ona bildirib ki, bu, daha çox insanın bədbəxtliyinə səbəb olacaq: “Əsas odur ki, qonşulara xəbər çatmayacaq”, -deyə anası cavab verib.
Banu vizual incəsənətlə məşğuı olur, eyni zamanda performans sənətçisidir. O, kimlik, zorakılıq və transformasiya kimi mövzulara dair fotoqrafiya, performans, video, audio və moda vasitəsilə eksperimentlər aparır.
Banu Bakıda olarkən Berlində sərgi üçün kuir rəssamların müsabiqəsi barədə eşidib. Ora müraciəti qəbul edildikdən sonra polaroid fotoları ilə bu sərgidə iştirakçısı olub. Daha sonra həmin sərginin kuratoru onu Tbilisidəki Tes klubunda çıxış etməyə dəvət edib.
O, ilan ilahəsi Şahmaran rolunda uğurlu çıxış edib. Banu sevgilisi tərəfindən xəyanətə məruz qalan Şahmaranın əhvalatını danışıb. “Əfsanəyə görə, Şahmaranın ətini yeyən ölümsüzlüyə qovuşur, ona görə də sevgilisi padşaha onun gizləndiyi yeri deyir və padşah Şahmaranı öldürüb yeyir”.
Tamaşanın ikinci yarısında isə Banu öz təcrübəsini izləyicilərlə paylaşıb.
Hazırda Banu bir aydan çoxdur ki, Tbilisidə yaşayır. Özünü istədiyi kimi ifadə edir. Ailəsi və dostları yoxdur, demək olar ki, təkdir. Ancaq o, azaddır və ən yaxınlarından - ailəsindən qorxmur. Bununla belə, o, özünü hələ də təhlükəsizlikdə hiss etmir. Son söhbətimizdə Banu dedi ki, bir neçə gün əvvəl mərkəzdən uzaqda yerləşən evinin yaxınlığında iki gənc ona hücum edib. Gürcü dilində nəsə deyib, döyüb saçından dartıblar. Onun köməyinə yaşlı bir kişi gəlib. İndi o, şəhərin mərkəzinə yaxın bir mənzil axtarır, çünki mərkəzi məhəllələrdə insanların daha az homofob olduğunu düşünür.
Foto-layihə LGBTİQ+ mövzuları üzərində işləyən jurnalist və aktivistlər şəbəkəsi olan Unit-in dəstəyi ilə hazırlanıb.
ianə verin