Azərbaycan qadınları kosmosa doğru

Müəlli̇f: Gulər Abbasova
04.04.24
Buraxılış: Gənclər
Mövzu: Qadınlar

25 yaşlı aerokosmik mühəndis Zəhra İmanova Azərbaycan qadınlarının gələcəklərini ulduzlarda görəcəkləri günü xəyal edir.

İki il əvvəl o, gəncləri, xüsusən də qızları kosmos və mühəndislik haqqında daha çox öyrənməyə təşviq etmək üçün Azərbaycan dilində “Zəhra kosmosda” onlayn platformasını yaradıb.

“Azərbaycanda kosmosa səfər edən qadın yoxdur. Bizim nağıllarımızda, hekayələrimizdə belə obraz da yoxdur. Zəhra xəyali bir personajdır. İlk azərbaycanlı qadındır yəni”, o deyir.

Gənc mühəndis Zəhra İmanova düşünür ki, elm və texnologiya sahəsində qadınların iştirakçılığı artarsa, bu, cəmiyyətin inkişafına, gender bərabərliyinə də müsbət təsirini göstərəcək. “Bu həm də uşaqlara təsir edəcək. Qız uşaqları təsəvvür edə bilmir ki, onlar böyüyəndə kosmonavt, yaxud mühəndis ola bilər. Bunu təkcə oğlanlar arzu edir. Təmsilçilik artıqca bu təfəkkür uşaqlarda da formalaşacaq”.

Zəhranın bu sahəyə maraq göstərməsinin ilk səbəbi qadın mühəndislərin çatışmazlığı olub. “Mühəndislik peşəsi mənə həmişə maraqlı olub. Həm də görürdüm ki, kişilər bu sahədə daha çoxdur, qadınlar demək olar ki, görünmür. Niyə qadın mühəndis yoxdur deyə düşünürdüm. Bu da olmalıdır və beləcə mühəndisliyi seçdim”, o deyir.

Zəhranın ailə sarıdan bəxti gətirib, onun peşə seçimi ailəsi tərəfindən dəstəklənib. Lakin gender və inkişaf üzrə mütəxəssis Xalisə Şahverdiyeva deyir ki, Azərbaycanda qızların çoxu müəllim kimi humanitar yönümlü peşələri seçməyə həvəsləndirilir. Bu sahələrdə iş tapmaq daha asan olsa da, əməkhaqqı texnologiya kimi ənənəvi “kişi peşələrindən” aşağı olur.

“Ən çox orta yaşlı nəsil  həmişə sual verirdi ki, bu nə sənətdir, sən özünə iş tapacaqsanmı, bu oğlan işidir. Ya da deyirdilər ki, evlənəndə ərin qoymayacaq işləməyə. Mən də bu insanlarla mübahisə etmirdim, gülüb keçirdim”.

Son illərdə Azərbaycanda bəzi təşkilatlar Zəhra kimi gənc qadınları Elm, Texnologiya və Mühəndislik və Riyaziyyat (STEM) sahəsində peşələrə cəlb etməyə başlayıblar. Belə təşkilatlardan biri olan “Femtech” qadınlar üçün texnoloji ekosistem yaratmaq məqsədi daşıyır.

“Femtech”in Bakıda təşkil etdiyi hakaton. Hakatonlar gənc qızların texnologiya və mühəndislik bacarıqlarını inkişaf etdirmək üçün ən mühüm tədbirlərdən biridir. Belə tədbirlər onlara startap ideyalarını reallaşdırmağa kömək edir.

“Platforma müxtəlif özəl şirkətlərin, dövlət qurumlarının və ya beynəlxalq təşkilatların maddi dəstəyi ilə qadınlar üçün müxtəlif layihələr keçirir, qadın müzakirələrini,  hakatonlar, eləcə də bölgələrdə sahibkarlıqla məşğul olan qadınlar üçün innovasiya və texnoligiya ilə bağlı maarifləndirci görüşlər təşkil edir”, platformanın təsisçisi Nəzrin Quluzadə deyir.

Bu cür cəhdlər öz təsirini göstərməyə başlayır: Dövlət Statistika Komitəsi bildirir ki, ali məktəblərə sənəd verən qadınların 12 faizi (111583 nəfərdən 13491-i) 2022-2023-cü illərdə STEM üzrə təhsil almağa üstünlük verib. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu illərdə 63940 nəfərdən yalnız 1377-si STEM ilə əlaqəli sahədə təhsil alıb.

Bununla belə, bu sahədə təhsil alan qadınların sayındakı artış hələ ki, bu sahədə güclü feminin iştirakçılığa çevrilməyib.

Xalisə Şahverdiyeva qeyd edir ki, yalnız STEM dərəcəsi almaq kifayət deyil, qadınlar iş bazarında, xüsusən də yaxşı maaşlı sektorlarda olmalıdırlar.

“Azərbaycanda təhsil sahəsində STEM-də qadınların göstəricisi 40%-in üzərindədir ki, bunun da çox hissəsi riyaziyyatın payına düşür”, deyə o bildirir.

Zəhra qeyd edir ki, hətta birbaşa STEM sahəsində olduqda belə, qadın mühəndislər işlə bağlı qərarlar qəbul etməzdən əvvəl kişi həmkarlarının təsdiqindən asılı olurlar.

Robot texnikası və proqramlaşdırma üzrə ekspert Aytac Nurəddinova deyir ki, Bakıdan kənarda uşaqları, xüsusən də qızları gənc yaşlarından STEM öyrənməyə həvəsləndirmək, real dəyişiklik yaratmaq üçün daha çox iş görülməlidir.

“Vacibdir ki, orta məktəblərdə tədris proqramına STEM salınsın”, - deyə o bildirir ki, Azərbaycanda elm və texnologiya sektorları da bu sahədə qadın liderləri dəstəkləmək üçün irəliləməlidir. “Dövlət qurumları, eləcə də müxtəlif maliyyə təşkilatları bu kurslarının təşkili üçün dəstək göstərməlidir”.

Xalisə Şahverdiyeva deyir ki, STEM proqramlarında qadınlara dövlət dəstəyi, o cümlədən təqaüdlər və bu sahədə işləmək üçün fəal təşviq inkişaf üçün çox vacibdir.

“Təqaüd proqramları qadınların əmək bazarına gətirilməsinə kömək edir. Qadınlar əmək bazarında təmsil olunsalar,, yüksək məvacibli işlərdə çalışsalar, başqa qadınlara da rol model olacaqlar. Sonrakı nəsil gənclərin valiyenləri təhsilə də lazım gəlincə sərmayə ilə dəstək olacaqlar”.

Gender üzrə mütəxəssis Xalisə Şahverdiyeva vurğulayır ki, qadınların inkişafı üçün onların məşğulluğunu, xüsusilə elm və texnologiya kimi sahələrdə iştirakını təşviq edən dövlət qurumlarının olması vacibdir. Şahverdiyeva proqnozlaşdırır ki, təxminən beş il ərzində elm və texnologiya sektorunda əmək bazarına daxil olan qadınların sayında nəzərəçarpacaq artım ola bilər.

“Zəhra kosmosda” vasitəsilə Zəhra bütün ölkə gəncləri üçün nümunə olmağa çalışır. Oxucularının sayı hələ məhdud olsa da, o, platformanı demək olar ki, hər ay yeniləyir və sosial media vasitəsilə yazılar paylaşır.

“Saytda yazıların oxucusu hardasa 100 olar, İnstaqramda isə qısa paylaşımlar edəndə təxminən 300 baxış olur. İnsanlar daha qısa kontent izləməyi sevir”, o izah edir.

Onun layihəsi artıq xeyli diqqət cəlb edib: Zəhra texnologiya sahəsində qadınları dəstəkləyən “Femmes Digitals” İctimai Birliyi tərəfindən təşkil edilən 2023-cü ildə İKT sahəsində Azərbaycan Qadınları Mükafatı müsabiqəsində “Yüksələn Ulduz” adını qazanıb.

“Elm və texnologiya sahəsində qadınlar öz bacarıqlarını, biliklərini təbliğ etməyin, ictimaiyyəti maarifləndirməyin yolunu tapmalıdır”, o deyir.

“Bütün bunları etmək üçün isə heç də sehrli çubuğa ehtiyac yoxdur”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin