Ukrayna: Mühasirədə qalan azərbaycanlılar

Jurnalist: Ülkər Natiqqızı,

İllustrator: Sevinc Abbasova

15.03.22

Lalə Əmiraslanova ailəsini sonuncu dəfə fevralın 23-də - Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir gün əvvəl görüb.

Lalə, anası və kiçik qardaşı həmin gün Ukraynadan Bakıya qayıdıblar. Atası və böyük qardaşı isə Ukraynanın cənub-şərqində təxminən yarım milyon əhalisi olan Mariupol şəhərində qalıb.

Müharibə başlayandan sonra Lalə günlərlə nə qardaşı, nə də atası ilə əlaqə saxlaya bilib.

“Vəziyyət çox pisdir… Şəbəkə ancaq şəhərin bir yerində tutur, hər kəs ora gedir danışmaq üçün” – deyə o əlavə edir ki, qardaşı Kamil Əmiraslanov sığınacaqda yerləşib. Onların ərzaq ehtiyatı artıq tükənib.

“Dedi ki, yola çıxıram, dəhşətli görüntü ilə rastlaşıram; meyidlər çöldə, hər yer dağılıb. İki maşınımız yanıb, evimizdən xəbər yoxdu”.

Mariupol martın 3-dən mühasirədədir və Rusiya silahlı qüvvələri bir neçə gündür şəhəri bombalayır. Sakinləri evakuasiya etmək cəhdləri dəfələrlə uğursuzluqla nəticələnsə də, dünən 160-dan çox şəxsi maşın şəhəri tərk edə bilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu, Mariupolun rus qoşunları tərəfindən mühasirəyə alınmasından sonra ilk uğurlu təxliyə olub. 

“Human Rights Watch” bu yaxınlarda bildirib ki, şəhərdəki mülki əhali elektriksiz, “quru və şaxtalı soyuq kabus”da qalıb və “davamlı olaraq Rusiyanın bombardman təhlükəsi altında yaşayır”. 

“Çıxmışdı ərzaq tapmağa, yemək tapılmır vəziyyət pisdir. Uşaqlar var onlar acdır”, Lalə deyir. 

Bakı sakini 31 yaşlı Sabir Səfərov da Mariupolda yaşayan bacısı və ailəsini axtarır. Sonuncu dəfə bacısı ilə martın 2-də danışanda onların sığınacağa getdiklərini və əlaqənin olmaya biləcəyini deyiblər. O gündən bəri Sabir bacısının qaynı ilə əlaqə saxlamağa çalışsa da, nəticə olmayıb.

Sabir deyir ki, o və qohumları kömək üçün müxtəlif rəsmi qurumlara, o cümlədən Xarici İşlər Nazirliyinə müraciət ediblər. Ancaq aldıqları cavab o olub ki, nazirlikdə heç bir məlumat yoxdur, çünki “şəhər bombardman altındadır, insanlar çölə çıxmır, sığınacaqdadırlar”.

“Soruşdum ki, bəs “yaşıl koridor” necə oldu? Dedilər ki, gözləyirik, onu ancaq Rusiya və Ukrayna tərəfi təsdiq edə bilər. Məndən heç bacımgilin adını da soruşmadılar, yəni bir siyahı tutmurlar ki, orda kimlər var, neçə nəfər var”.

Şəhərdə nə qədər Azərbaycan vətəndaşının yaşadığı barədə heç kim bilmir və Azərbaycan hökumətindən onlara kömək göstərilməsi ilə bağlı çox az məlumat var. Xarici İşlər Nazirliyi 7500-dən çox Azərbaycan vətəndaşının ölkədən çıxarıldığını və Moldovaya keçənləri qarşılamaq üçün nümayəndə heyəti göndərildiyini bildirib.

Hüquq müdafiəçisi Emin Abbasov deyir ki, xaricdə yaşayan vətəndaşlarının hüquq və mənafelərini qorumaq Azərbaycan hökumətinin öhdəliyidir.

“Qeyd edilməlidir ki, münaqişə tərəflərinin hər ikisi ilə Azərbaycanın çoxsaylı ikitərəfli müqavilələri və diplomatik əlaqələri mövcuddur. Azərbaycan həmçinin münaqişə tərəfləri ilə bir sıra çoxtərəfli müqavilələrin tərəfidir. Bu qarşılıqlı anlaşmalara əsasən, Azərbaycan münaqişə tərəflərindən humanitar məqsədlə mülki şəxslərin çıxarılmasını tələb edə və əhalinin çıxarılması məqsədi ilə konkret addımlar ata bilər” – deyə, Abbasov qeyd edir ki, sazişlər Azərbaycana hüquq verir ki, münaqişə tərəflərindən mülki şəxslərin təxliyəsini tələb etsin.

Xarici işlər nazirliyinin mətbuat xidmətindən ChaiKhanaya bildiriblər ki, Mariupoldan evakuasiya barədə əllərində heç bir məlumat yoxdur. 

Mariupolda yaxınları olanlar heç bir yerdən kömək əldə edə bilmədiyi üçün “Mariupol-Odessa” adlı “Whatsapp” qrupu yaradıb. Qrupda itkin düşmüş qohumları barədə məlumat yerləşdirir və məsləhət istəyirlər.

“Xahiş edirik, kimsə öz yaxını ilə danışdıqda onun yanındakı, gördüyü azərbaycanlıların siyahısını tutmağı xahiş etsin. Yemək növbəsində və ya çöldə kimi görsə, adını soruşsun. Beləliklə, burada bir-birinizə məlumat ötürün”, mesajlardan birində qeyd olunur. 

23 yaşlı Bakı sakini Mirxalid Əhmədov “Whatsapp” qrupundan istifadə edərək dayısını və onun uşaqlarını axtarır. Sonuncu dəfə onlarla martın 1-də, bombalardan zirzəmidə gizlənərkən danışıb. 

O, həmçinin “Whatsapp” qrupunda başqalarına dair informasiya yerləşdirməklə ailələr arasında əlaqə yaratmağa kömək edir. Mirxalid deyir ki, dayısı və qohumları 20 ildir Mariupolda yaşayır.

“Bu qədərini düşünmürdük. Sonradan tam əlaqəmiz kəsilib. Mariupolla heç kimin əlaqəsi yoxdur. Nə baş verir orada bilinmir. Heç kim məlumat əldə edə bilmir”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin