Müharibədən Azərbaycana sığınmaq

Fotoqraf: Sitarə İbrahimbəyli

27.10.22
Buraxılış: Migrasiya
Mövzu: Münaqişə

Rusiyanın Ukrayna ərazilərini işğal etməsinin ilk günlərindən bəri on minlərlə Rusiya və milyonlarla Ukrayna vətəndaşı mərhələli şəkildə müxtəlif ölkələrə, o cümlədən Azərbaycana - vizasız gedə biləcəkləri azsaylı ölkələrdən birinə - üz tutub.

Mənzilbaşı fərqli olsa da, insanların ölkələrini tərkediş səbəbləri eynidir: qorxu, qeyri-müəyyənlik və iqtisadi böhran.

Azərbaycan ukraynalıların sığındığı əsas yer olmasa da, son statistika göstərir ki, 2022-ci ilin fevralından - müharibə başlayandan bəri ölkəyə davamlı axın var. Gələnlərin sayı mart ayında orta hesabla ayda 1600-dən 5300-ə yüksəlib. Son yeddi ayda Ukraynadan hər ay orta hesabla 2000 nəfər Azərbaycana gəlib, baxmayaraq ki, cəmi 3925 nəfər rəsmi şəkildə qaçqın kimi qeydiyyatdan keçib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, Azərbaycan ruslar arasında daha populyardır: belə ki, fevralda Azərbaycana 23600 Rusiya vətəndaşı gəlib. May ayında isə 28300 nəfər ölkəyə daxil olub. İyul ayına qədər bu rəqəm təxminən üç dəfə artıb: həmin ay 60000 Rusiya vətəndaşının gəldiyi qeyd olunur.

Rusiya prezidenti Vladimir Putin sentyabr ayında 300000 nəfərlik ümumi səfərbərlik elan etdikdən sonra Bakı ölkəni tərk edən vətəndaşlar üçün üçüncü ən populyar yer olub. Bu haqda Reuters Agentliyi xəbər verir.

Pandemiyanın qızğın vaxtından indiyədək Azərbaycanın quru sərhədləri bağlıdır. Hazırda ölkəyə daxil olmağın yeganə yolu təyyarə ilədir ki, bu da bahalı vasitə olaraq münaqişədən qaçan hər kəs üçün əlverişli deyil. Bundan əlavə, ölkədə miqrasiya qanunvericiliyi, məsələn, qonşu Gürcüstanla müqayisədə əcnəbilərə daha məhdud imkanlar tanıyır. Belə ki, Azərbaycana vizasız daxil olan əcnəbilər istisna hallar xaric, yalnız 90 gün qala bilərlər. Miqrasiya üzrə ekspert Əlövsət Əliyev deyir ki, bu şərtlər maddi imkanları məhdud insanların Azərbaycana gəlməsinin qarşısını alır.

“Bu, əsasən əlverişli maliyyə imkanları olan [Rusiya və Ukrayna] vətəndaşların Bakıya üz tutmasına şərait yaradır”. O qeyd edir ki, Azərbaycana Rusiayadan gələnlərin bir qismi artıq qayıtmağa, yaxud üçüncü ölkəyə köçməyə qərar veriblər.

“Hesab edirəm ki Azərbaycanda yalnız yüksək imkanlı iş adamları qala biləcəklər. Onlardan iqtisadiyyata müəyyən qədər sərmayə yatıracaqları gözlənilir. Amma Azərbaycanda biznes mühiti yoxdur və əksəriyyəti Gürcüstan və Türkiyəyə gedəcəklər”, o izah edir.

Azərbaycana köçən insanlar müxtəlif kateqoriyalardandır; fotoqraf Sitarə İbrahimbəyli ölkə ilə bağlılığına görə Azərbaycana köçməyə qərar verən bəzi ictimai xadim və incəsənət nümayəndələri ilə görüşüb, onların köç təəssüratlarını öyrənib.

Katerina İqoşina (rəssam) Moskva; Maksim Tatarintsev (rəssam) Moskva

Katerina İqoşina: Bu, Bakıya ilk səfərimdir. Özümü burda təhlükəsiz hiss edirəm. Valideynlərim Bakıda doğulub-böyüyüblər. Ailəm 1993-cü ildə (birinci Qarabağ müharibəsi zamanı) Azərbaycanı tərk edib, çünki qorxublar. Mən də 2022-ci ildə qorxduğum üçün bura gəldim.

Maksim Tatarintsev: Bundan əvvəl 2018-ci ildə Bakıda olmuşam. Müasir İncəsənət Biennalına gəlmişdim. Atam da Bakıda doğulub boya-başa çatıb. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub, ondan sonra ən yaxşı tələbə kimi ixtisasını artırmaq üçün Lvova göndərilib və orada anamla tanış olublar. Yeri gəlmişkən, bizim (Katerina ilə) toyumuzda məlum olub ki, atalarımız eyni illərdə Bakıda eyni məktəbdə oxuyublarmış.

Karina Balaban (tələbə), Moskva və Kiyev

Karina Balaban: Atam hazırda Kiyevdədir. Mən cəbhə bölgəsindən bütün son xəbərləri və hadisələrin xülasəsini alıram. Mən Rusiya və Ukraynadan gələn xəbərləri süzgəcdən keçirib, aralarından seçim etməliyəm. Çünki içərisində həqiqət payı olanlar azdır. Hər iki tərəf hadisələri bəzək-düzəkdə təqdim edir. Ona görə də mən yalnız özümə və öz psixikama güvənməli oluram ki, bu da artıq həm yorucudur, həm də nəyə inanmaq istəyirsənsə, onu seçmək deməkdir.

Mən Bakıya əvvəllər turist kimi gəlmişəm və bu dəfə həyat yoldaşım Bakıya gəlməyi təklif edəndə dərhal “bəli” dedim, çünki bura məskunlaşmaq üçün yaxşı şəhərdir, xoş xatirələrim var.

Fatimə İbrahimbəyova (prodüser), Moskva

Fatimə İbrahimbəyova: Mart ayında ümumi səfərbərlik olacağı ilə bağlı xəbərlər yayılmışdı. Üç oğlum olduğu üçün onları orda çıxarmaq lazım olduğuna qərar verdim, sonra bir müddət keçdi, amma səfərbərlik olmadı.

Mən Bakıda doğulmuşam, məktəbə getmişəm, 18 il burada yaşamışam, sonra Moskvaya oxumağa yola düşmüşəm, orada ailə qurmuşam, yaşamaq üçün qalmışam. Bununla belə, daim Bakıya gəlib-getmişəm. Burada çoxlu dostlarım, qohumlarım var.

Və ümumiyyətlə, bura mənim güc mərkəzimdir. Bu şəhəri çox sevirəm və özümü burada həmişə yaxşı hiss edirəm. Həyatımın çətin anlarında ruhumu burada müalicə edirəm.

Kayxan Salahov (rəssam, heykəltəraş), Moskva

Kayxan Salahov: Fevralın 24-də müharibənin başladığını öyrəndiyim gün... Anladım ki, daha bu yerdə qalmaq istəmirəm. Moskva çox heyranedici, yaxşı, inkişaf etmiş şəhərdir. Çox rahatdır, getdiyim Avropa şəhərlərindən qat-qat üstündür. Amma cəmiyyətə görə orada qalmaq istəmədim.

Bütün bu hadisələrdən bir qədər əvvəl babam Tahir Salahovun şərəfinə “Sonsuzluq” adlı sərgi keçirmişdim. Qərara gəldim ki, bu yolu yaradan miras dayanmamalıdır, illər və nəsillər boyu davam etməlidir. O, həmişə mənim burada yaşamağımı istəyirdi - ancaq Avropada və ya Rusiyada təhsil alandan sonra. Qərara gəldim ki, bura qayıdıb maraq doğuracaq bir işlə məşğul olum və ümumiyyətlə, Azərbaycanda elmi-fantastik əsər yaradım.

Rövşən Əsgərov (ictimai xadim), Moskva. Əsgərov bu ilin mayında sosial şəbəkədə sovet marşalı Georgi Jukov haqqında rəy paylaşdıqdan sonra ona qarşı cinayət işi açılıb. O, hazırda Rusiyada axtarışdadır.

Rövşən Əsgərov: Mən 50 il əvvəl burada doğulmuşam. 28 il burada yaşadım, sonra Moskvaya getdim, çünki hazırkı həyat yoldaşımla orda tanış olmuşdum. Onun bizim mədəniyyətə keçməsi daha çətin olardı, nəinki mənim üçün Rusiyaya uyğunlaşmağım. 22 il orada qaldım. Ölkənin “başı qaçmasaydı”, yəqin ki, orada daha çox yaşayardım. Amma məlum oldu ki, dəli olublar. Təbii ki, 2014-cü ildə də köçmək lazım olduğunu düşünmüşdüm. Amma indiki müharibədə gördüm ki, orda yaşamaq artıq çətindir.

Rebekka Maqomedova (opera müşayiətçisi), Sankt-Peterburq

Rebekka Maqomedova: Peterburqdan gəlmişəm. Mariinski Teatrında opera müşayiətçisi kimi işləmişəm. Ordan getmək qərarına gəldim. Bakıya gəlişimdən 10 gün sonra Vladimir Putin beşinci kolonla bağlı çıxış etdi. Anladım ki, 20-ci əsrin müəyyən hissəsi təkrarlanmağa başlayır və mənim kimi vətəndaş kateqoriyaları risk altındadır.

Mən burada Bakıda ikən başa düşdüm ki, sən Rusiyada yaşayanda hansısa böyük layihənin bir hissəsi olduğundan şübhə etmirsən... çünki Rusiya böyük dövlətdir, o, Böyük Vətən Müharibəsində qalib gəlib. Yəqin ki, mənim üçün ən böyük kəşf o oldu ki, bu böyük ölkə hissi mifdir. Bakıya gəlirsən, görürsən ki, insanlar tamam başqa cür ölkədə yaşayırlar və onların ərazisi o qədər də böyük deyil, amma özlərinə görə tamamilə xoşbəxtdirlər.

Alina Bob: Müasir Bakı haqqında Formula 1 yarışları vaxtı öyrənmişəm. “Google”da axtarış edəndə məni ilk heyran edən şey əhərin memarlığı oldu. Fərqli mentalitetə baxmayaraq, həqiqətən də, Bakıya aşiq oldum.

Bura gələn kimi işə başlamışam, mənə kömək edən bir çox insanla tanış olmuşam. Tez-tez kilsəyə gedirəm, bu yerlərin sirri məni çox sakitləşdirir. Azərbaycanda Belarusdan və Moskvadan tanış olduğum insanların hamısı mənə hədsiz mehribanlıqla yanaşıb, hətta Azərbaycandan kənarda da mənə çox kömək ediblər.

Anastasiya Raqimova (politoloq), Kiyev

Anastasiya Raqimova: Bakıya ilk gələndə təbii olaraq MDB ölkələrindən rusdilli insanlarla tanış oldum. Onların çoxu Gürcüstan və ya Qazaxıstana getmək qərarına gəldilər, amma biz Bakıdakı rusdilli icmaya görə burada qalmağa üstünlük verdik.

Rüstəm Çələbi (dizayn studiyası sahibi), Moskva

Rüstəm Çələbi: Mən Ağdaş şəhərində anadan olmuşam. Altı yaşım olanda ailəmlə birlikdə Moskvaya köçmüşük və orada böyümüşəm. Fevralın 24-də müharibə başlayanda sevgilim baş verənlərə görə pərişan oldu. Ona görə də itimizi də götürüb, birlikdə Bakıya köçmək qərarına gəldik. Düzünü desəm, mən çox şeyə görə Rusiyaya minnətdaram. Məsələn, mənim pulsuz təhsilim və onun özünü inkişaf etdirməyimdəki rolu.

Bakıya köçməyimin səbəbi sırf Azərbaycanda doğulmağım deyil. Mən buranı həm də ona görə seçdim ki, Azərbaycanla Rusiya arasında heç bir ərazi münaqişəsi yoxdur, baxmayaraq ki, Qarabağ münaqişəsinin fonunda həmişə Rusiyanın izi olub.



Bu məqalə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin