Qusarın dağ kəndi yolsuzluq mühasirəsində

Jurnalist: Durna Səfərova,

Fotoqraf: Çiçək Bayramlı

17.02.23
Buraxılış: Kənd Həyatı

Qusarın Yerği Kek kəndində kimsə xəstələnsə və təcili yardıma ehtiyacı olsa, onu kənddən əsas magistral yola çatdırmaq təxminən üç-dörd saat çəkə bilər. Xəstəxanası və ya normal yolu olmayan bu ucqar kənd öz sakinlərinin ümidinə buraxılıb.

“Yadımdadır ki, 2005-2007-ci illərdə öküz xizəkləri ilə ağır xəstələri çıxarırdıq yola. Məsələn, bir dəfə qardaşımın böyrək sancısı tutmuşdu, qonşulardan bir maşın tapıb, onunla apardıq həkimə. Yaxud qidalanmadan zəhərlənən olub, aparmağa vasitə olmayıb, zəng edib tanış həkimdən məsləhət almışıq ki, ilkin nə tədbir görə bilərik evdə”, Yerği Kek sakini Elşad Şahverdiyev deyir.

Yerği Kek kəndinə ən yüksək nöqtədən kəndə baxış. Elşad Şahverdiyevin sözlərinə görə, hazırda kənddə 5 evdə yaşayış var.

Dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşən Yerği Kek Azərbaycanın ən yüksək və mənzərəli yaşayış məntəqələrindən biridir. Kənd Şahdağın ətəyində yerləşir və əhalisi ləzgilərdən ibarətdir. Qonşuluqdakı Laza kəndi tanınmış turizm məkanına çevrilsə də, yolsuz və şəraitsiz Yerği Kek kəndi ətrafdan təcrid olunmuş vəziyyətdədir.

Yerği Keki Laza ilə birləşdirən torpaq yol. Bu cığır kənd camaatı tərəfindən salınıb.

Kənd sakinləri bildirirlər ki, onların asfalt yol istəkləri 1990-cı illərdən bəri qulaqardına vurulub. Sovet İttifaqının dağılmasından sonra kəndin yol infrastrukturu da tədricən dağılmağa başlayıb. Əvvəllər Yerği Keki qonşu kəndlərlə birləşdirən yol baxımsızlıq ucbatından artıq çuxurlara və daşlara çevrilib. Nəhayət, 15 nəfərə yaxın kənd sakini məsələni özləri həll etməyə və yaxınlıqdakı Laza kəndindən yol çəkməyə qərar veriblər. Bu təşəbbüskarlardan biri də 29 yaşlı Elşad Şahverdiyevdir. 2019-cu ildə kənd sakinləri təxminən 4 min manat toplayandan sonra yeddi gün içərisində 9 kilometr yol çəkilməsinə nail olublar. Bu, kəndlilərin ikinci cəhdi idi.

“Əvvəllər, biz 5-6 ev yığışıb atışaraq Kuzun kəndindən yol çəkmişdik. O, bir müddət işlədi. Sonra yer yaxşı seçilməyib deyə, sürüşdü. Yenə də istifadə etmək olur, amma rahat yol deyil. Sonra yenə 5-6 ev atışıb Laza kəndindən yol çəkdik. Lazaya asfalt yol çəkmişdilər deyə, yaxın düşürdü, ona görə ora çəkdik yolu. Hazırda həmin yolu istifadə edirik”.

Elşad Şahverdiyev

Elşadın atası, 71 yaşlı Zeydulla Şahverdiyev

Elşad Şahverdiyev kənd təsərrüfatı ilə məşğuldur və ara sıra Qusar rayonu üzrə turist bələdçiliyi edir. Şahverdiyevin sözlərinə görə, kənddə 15 nəfərdən ibarət 5 ev qalıb. 15 il əvvələ qədər isə orada 75-80 nəfərə yaxın sakin yaşayıb.

“Yol problemi, məktəbin, tibb məntəqəsinin, marketin olmamağı çətinlik yaradıb kənd camaatına, ona görə yavaş-yavaş köçüb gediblər. Yol və məktəb ən vacibidir. Yol olmayandan sonra yaşayış demək olar ki, sıfıra düşür. Biri xəstələnəndə onu harasa aparmaq çətindir. Əhali məcbur qalıb köçür”, - deyə Şahverdiyev 2005-2006-cı illərdən bəri kənddən tədrici köçün səbəblərini izah edir.

Elşadın həyat yoldaşı, 27 yaşlı Liza Şahverdiyeva gününü övladları, qayınata və qaynanası ilə keçirir, təsərrüfatlarındakı mal-heyvana qulluq edir. O, Yerği Kekə 2017-ci ildə ailə qurduqdan sonra köçüb.

Liza inəkləri sağdıqdan sonra südü evə aparır. “Xüsusilə qışda bu yollarla gediş-gəliş çətindir”, deyir.

Yerği Kekdən olan 37 yaşlı Zöhrab Ramazanov bir müddət əvvəl Quba rayonuna köçüb. İndi o, sadəcə təsərrüfat işləri səbəbilə Yerği Kekə baş çəkir. O yada salır ki, dağ kəndlərinin inkişafına dəstək olmaq üçün Sovet vaxtında burda yaşayanlara sosial müavinət verilirdi. Bu, çətin iqlim şəraitinin təzminatı hesab olunurdu. Ramazanovun sözlərinə görə, Yerği Kekdə həyatı canlandırmaq üçün hələ də gec deyil.

“Dövlət tərəfindən “Kəndə qayıdış” layihəsi həyata keçirilsə, kəndliyə dəstək verilsə, şəxsən mən qayıdıb yaşamağa davam edərəm. Burda öz təsərrüfatında işləyib qazanmaq olar. Şəhər köçməklə nə etmək olur ki? Gedib hamballıq edirsən də. Bu yerlər isə ən bərəkətli torpaqlardır. Bir nəfər 10-15 inək saxlasa, bilirsən ki, ilin axırında 15000 manat pulun var. Amma yol çətinlik yaradır. İnsan yaşayan yerdə yol ən mühüm məsələdir”, Zöhrab Ramazanov deyir. 

Yerli sakinlərin kartof əkdiyi sahələr kəndin kənarında yerləşir.

Azərbaycanda yol məsələsi uzun illər ölkənin ən böyük problemlərindən biri olub. Yeni yolların çəkilməsinə, köhnə yolların təmirinə dövlət vəsaiti tez-tez və səxavətlə ayrılır. Dünya İqtisadi Forumu son hesabatında Azərbaycanı 141 ölkə arasında yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerə layiq görsə də, reallıqda yolların vəziyyəti qənaətbəxş sayılmır. Bəzən investisiya layihələrində 25-30 il ömür sürəcəyi gözlənilən yolların 3 ildən sonra sıradan çıxdığı müşahidə olunur. Yerli mətbuat orqanlarında yol tikintisi ilə bağlı qeyri-şəffaflıq və korrupsiya halları tez-tez işıqlandırılır.

Azərbaycanda 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları həyata keçirilir, yol infrastrukturuna ciddi diqqət yetirilir. 2019-2023-cü illəri əhatə edən sonuncu proqramda da ölkə üzrə bir çox yolun yenilənməsi nəzərdə tutulur, lakin proqramın Qusar kəndləri ilə bağlı hissəsinə Yerği Kek kəndinin adı salınmayıb.

2019-cu ildə “BBC Azərbaycanca”nın Yerği Keklə bağlı reportajında Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hər kəndə asfalt yol çəkmək mümkün deyil.

31 yaşlı sakin Bəhruz Novruzbəyov UAZ markalı avtomobilini sürməyə hazırlayır.

Bəhruz Novruzbəyovun övladları. O, məktəbə yaxın olmaq üçün tezliklə Qusar rayonuna köçməyi planlaşdırır.

Kənddə yol infrastrukturunun olmamasından irəli gələn mühüm problemlərdən biri də məktəbdir. Valideynlər övladlarını hər gün qonşu kəndlərə təhsil almağa göndərə bilmirlər; bəzi ailələr məktəb yaşına çatmış uşaqlarını qohumlarının yanına göndərirlər ki, bir müddət təhsil ala bilsinlər.

Maddi imkanı olanlar isə övladlarının gələcəyi naminə kənddən köçüb gedirlər. Elşad Şahverdiyev deyir ki, o, sadəcə 4 illik ibtidai təhsil ala bilib.

“Mən, məsələn, Qusar rayonunda yaşayan bibimgildə qalıb oxumuşam – 4-cü sinfə qədər orda oxudum, onda sonra təhsili başa vura bilmədim. Bir az böyümüşəm deyə, məni qaytardılar təsərrüfatın başına, təsərrüfatda işləməyə başladım. Mənim bəzi həmyaşıdlarımın valideynləri onları oxutdurmaq üçün köçüb getdilər. Qonşu kəndlərdə də oxşar vəziyyət var, yol yoxdur deyə, boşalıb gedirlər”.

Elşadın anası 68 yaşlı Pərisultan Şahverdiyeva nəvələri 3 yaşlı Səid və 5 yaşlı Gülər ilə.

Evdə hazırlanmış beşikdə Pərisultan Şahverdiyeva kiçik nəvəsi 5 aylıq Aysunu yatızdırmağa çalışır.

5-10 evdən ibarət kənddə məktəb tikmək və müəllim işə götürmək dövlət büdcəsi üçün səmərəli görünməyə bilər, deyə Şahverdiyev razılaşır. Ona görə də o, təklif edir ki, yollar bərpa edildikdən sonra ən yaxşı həll yolu məktəb nəqliyyatının işə salınmasıdır. Belə bir təşəbbüs əvvəllər kraudfandinq vasitəsilə həyata keçirilib. 2017-ci ildə fərdi ianələr hesabına “Camping Azerbaijan” eko-turizm şirkəti uşaqların ucqar kəndlərdən dərsə getməsinə kömək etmək üçün məktəb avtobusları təşkil edib. Bu ictimai təşəbbüs müəyyən populyarlıq qazandıqdan sonra bəzi holdinq və özəl müəssisələr təşkilatçılara müraciət edərək korporativ sosial məsuliyyət rolunun bir hissəsi kimi maliyyə yardımı təklif ediblər. Nəticədə 2020-ci ildə məktəb avtobusları artıq beş marşrut üzrə fəaliyyət göstərib. Ekoturizm mütəxəssisi və “Camping Azerbaijan”ın direktoru Elvin Məmmədsoy deyir ki, pandemiya səbəbindən bu layihə dayanıb.

“Lakin pandemiya sonrası davam edə bilmədik. Çünki özəl şirkətlər istəmədilər bu məsələnin həllinə sahib çıxsınlar. Çünki söhbət 3-4 kənddən getmir. Onlarla belə kənd var. Bizim ilk başdan da hədəfimiz o idi ki, bu məsələni mümkün qədər ictimailəşdirə bilək, eyni zamanda məktəb avtobusu konseptində bir sistemin işləyə biləcəyini göstərə bilmək idi. 2021-ci ildə təhsil nazirliyindən bizi dəvət etmişdilər. 2022-ci ildə ilk araşdırmamızı nazirliyə təqdim etdik ki, Quba-Qusar zonasında hansı kəndlərin belə məktəb nəqliyyat vasitəsinə ehtiyacı var”, Elvin Məmmədsoy deyir.

Yarandığı 2014-cü ildən bəri “Camping Azerbaijan” Kəndabad adlı alt layihəsi çərçivəsində kənd icmalarına dəstək olmaq məqsədilə ucqar kəndləri araşdırıb və ekoturlar təşkil edib. Tədqiqatları əsasında komanda həmçinin müxtəlif zonalarda yol problemlərini qiymətləndirib. Elvin Məmmədsoyun sözlərinə görə, Yerği Kekin ənənəvi yolunun (Qusardan təxminən 80 km məsafədə Susay bələdiyyəsi kəndləri yolu) son 20-22 kilometrindən etibarən qışda istifadə etmək mümkün deyil.

“Çünki yol buzlayır, daşlıq yoldur. Oranı ən güclü UAZ maşını belə gedə bilmir. İllərlə qışda Yerği Kek sakinlərinin sivilizasiya ilə - maşın yolu ilə heç bir bağı qalmırdı. Nəticədə kənddə qalanlar azalırdı. Əvvəlcədən öz ərzaq tədarüklərini görürdülər. Noyabrın sonundan martın ortasınadək ora maşınla qalxmaq qeyri-mümkün idi”.

Kəndə yol çəkilişi təşəbbüskarlarından 48 yaşlı Natiq Sədirov UAZ markalı avtomobili ilə buz bağlamış yolda. Kənd yolunda bəzi yerlərdə buzun üstü qarla örtülüdür. Maşın yolunun bəzi hissələrində isə su yığılıb, gölməçələr yaradıb, üzəri isə buz bağlayıb.

Qışda yollarda hərəkət edə bilməsi üçün təkərlərinə zəncir taxılmış UAZ avtomobili.

Natiq Sədirov keçmişdə kəndin əsas nəqliyyat növü sayılan at belində

2019-cu ildə kənd sakinlərinin vəsaiti ilə Lazadan yeni yol artıq aşınmaq üzrədir. Kənd sakinlərinin sözlərinə görə, bu yol onsuz da təhlükəlidir. Qismən palçıqlı və daşlıq olan yol seldən və ya qar əriyəndən sonra pisləşir. Qonşu Laza kəndinə dövlətin diqqətini vurğulayan sakin Elşad Şahverdiyev deyir ki, kənd sakinləri bundan bəhrələnirlər.

“Yol var deyə, turist də daha rahat gəlir Lazaya. Bu, kənd sakinləri üçün böyük gəlir deməkdir, yəni kənd sakinləri evini kirayə verə bilir, kənd məhsulunu sata bilir, təsərrüfatı ilə məşğul ola bilir”, o qeyd edir.

Üç uşaq atası olan Şahverdiyev hazırda yolayrıcındadır: ya doğma kəndi tərk etmək, ya da övladlarını təhsilsiz qoymaq. Onun bu qərarı yaxın zamanda hökumətin Yerği Kekə nə münasibət göstərəcəyindən asılıdır.

“Bir neçə il əvvəl mən Qusar rayonu üzrə turist bələdçisi kimi fəaliyyət göstərməyə başladım, çalışdım bizim kəndi də inkişaf etdirim, yol olsun, camaat tərk etməsin buranı. Dövlət yol çəksə, turizm üçün imkanlar yaratsa, əlbəttə, kənd də yaşayacaq, köçənlərin 50 faizi qayıdacaq. Bütün kəndlərin boşalması, əhalinin şəhərlərdə sıxlaşması normal deyil axı”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin