Kəskin qida çatışmazlığı dövründə qida israfı
Mən uşaq olanda nənəm həmişə deyərdi ki, “yeməyi israf etmə, hamısını ye”. Sovet İttifaqı təzəcə dağılmışdı - 1990-cı illər idi və ölkədə yaşamaq uğrunda mübarizə gedirdi. Mağazalar demək olar ki, boş idi - “Snikers” almaq böyük lüks sayılırdı.
Hazırda hansısa supermarketə girəndə südün ən azı 10 növü arasından seçib ala bilirəm - etiketlərini oxusam, mahiyyətcə eyni məhsul olduğunu görərik. İndi içərisində oyuncaq olan şokoladlı yumurtalardan hansını seçəcəyinə qərar vermək bəzən qeyri-mümkün görünür - hamısı çox rəngli və cəlbedici dizayn edilib. Mağazalarda ərzaq məhsullarının bu geniş çeşidi qlobal qida istehsalının və həddindən artıq istehlakın əlamətidir ki, bu da öz növbəsində qida israfına gətirib çıxarır.
Necə olur ki, bir məhsul markasının digərindən daha yaxşı olduğunu düşünürük? Yaxud mükəmməl görünüşü etibarilə bir-birinə bənzəyən açıq-yaşıl almalar (bunların ağacda və günəş altında yetişdiyinə şübhə ilə yanaşıram) dahamı yaxşıdır əyri-üyrü, kiçik ölçülü bağ almalarından?
Bir krem-pendir məhsulunu digərindən üstün tutmağa məni nə sövq edir: əyləncəli reklam, yoxsa yaxşı brend olması? Bu fasiləsiz informasiya seli - reklamlar, günün endirimləri - real ehtiyaclarımız və istəklərimizdən diqqətimizi yayındırır, nəticədə, mağazada bizə lazım olmayan şeyləri almağa təşviq edir. Sonra isə bu əlavə məhsul tullantıya çevrilir.
Həddindən artıq istehlak eyni zamanda həddindən artıq tullantılara gətirib çıxarır, ekoloq Temur Şvelidzenin sözlərinə görə, dünya hazırda tullantı məsələsini məsuliyyətli bir şəkildə necə həll etməklə əlləşir. “Bir çox insan tullantıların təsirindən xəbərdardır, lakin onların yalnız kiçik bir hissəsi real təhlükəni həqiqətən dərk edir və buna uyğun hərəkət edir. Çox az adam lazımi tədbirləri görür, baxmayaraq ki, bu tədbirlər mühümdür”, o deyir.
Bu məsələ üzərində fikirləşə-fikirləşə foto-layihə hazırlamaq qərarına gəldim.
Kaliforniya Davis Universiteti tədqiqatçılarının gəldiyi nəticəyə görə, istehsal edilən qidaların təxminən üçdə biri israf edilir. Digər tərəfdən, BMT-nin Ümumdünya Ərzaq Proqramının 2023-cü il üzrə rəqəmləri deyir ki, dünyada 333 milyondan çox insan kəskin qida çatışmazlığından əziyyət çəkir.
Aydındır ki, qlobal qida istehsalı və istehlakında fundamental problemlər mövcuddur. Həddindən artıq istehlak çoxşaxəli bir məsələdir. Burada istehlakçıların alqı-satqı vərdişlərini formalaşdıran müxtəlif ictimai, psixoloji və marketinq amilləri böyük rol oynayır. Bu amillər bir çox insanı istehlak edə biləcəyindən daha çox qida almağa təşviq edir.
Universitetdə tələbə ikən Bakıda beşulduzlu mehmanxanalardan birinin restoranında işləyirdim. O dövrdə külli miqdarda qida məhsullarının ehtiyacı olanlara vermək əvəzinə necə zibilliyə atıldığının şahidi olmuşam.
İstehlakçılar qida etiketləri üzərindəki “istifadə müddəti” olaraq yazılmış tarixləri səhv başa düşərək, həmin tarixlərdən sonra yeməyi sağlamlığa zərərli hesab edirlər. Halbuki o tarixlər zərərlə bağlı deyil, keyfiyyət baxımından istehsalçının tövsiyəsidir.
Həddindən artıq istehsalın, həddindən artıq istehlakın və qida israfının qarşısını almaq üçün daha köklü tədbirlər görülməlidir. Məsuliyyət həm də biz istehlakçıların üzərinə düşür ki, ifrat və israfçılıq haqqında bu hekayəni yenidən yazaq.
ianə verin