Azərbaycan ədəbiyyatı və mədəniyyətində quşlar yüksək səviyyədə vəsf edilsə də, quş müşahidəçilərinin fikrincə, həddən artıq tikinti işləri, dayanıqsız kənd təsərrüfatı və qanunsuz ovçuluq yerli və köçəri quşları risk altında qoyub.
Bioloq Abdin Abbasov, bələdçilər Zülfü Fərəcli və Elvin Məmmədsoy kimi quş müşahidəçiləri ictimai məlumatlılığı və quş müşahidəsinə marağı artırmaqla risk altında olan quş populyasiyalarını qorumağa çalışır. Onlar həmçinin ölkədə yeni nəsil quş müşahidəçilərinin yetişməsinə kömək etməyə can atırlar.
“Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, unikal landşaft müxtəlifliyinə malikdir. Şimaldan cənuba, şərqdən qərbə getsəniz, bir neçə landşaft forması görə bilərsiniz. Landşaft müxtəlifliyi də quşların yaşaması üçün unikal bir şərait yaradır. Ölkədə 410 növ quş var ki, bunların bəziləri Avropada yoxdur. Buna görə də avropalılar Azərbaycanı ziyarət etməyə maraq göstərirlər”, Abdin Abbasov deyir.
Abdin Abbasov quş müşahidəsinə 2012-ci ildə Azərbaycan-Almaniya ortaq quş müşahidə düşərgəsindən sonra başlayıb. O deyir: “Məndə quş müşahidəsinə qığılcım yaradan bir nəfər olub əslində - Conatan Etzold (Almaniyanın Qrifsvald Universitetindən). Bu peşəni ondan öyrənmişəm, onun çöldəki davranışından, quşlara reaksiya verməyindən”.
Peşəkar bələdçi və “Birdwatching Azerbaijan” platformasının həmtəsisçisi Zülfü Fərəcli deyir ki, həyatı boyu quşlara heyranlıq duyub. “Məktəbdən evə gələndə bir vərdişim var idi: günorta dərsdən qayıdırdım, yemək yeyirdim və balkonda oturub quşlara baxırdım”, -deyə o xatırlayır.
“Uşaqlıqda heyvanlar haqqında sənədli filmələr izləməyi xoşlayırdım. Gözümün qabağına gələn bir səhnə var: bizim binanın həyətində bir qırğı ağacdakı sərçələrdən birinin üstünə şığıyıb ovlamağa cəhd göstərdi. Çox heyrətləndim, çünki bunu sənədli filmdə görmüşdüm, amma indi isə gözümün qarşısında baş verirdi, sanki “National Geographic”i canlı izləyirdim”.
Zülfü Fərəcli quşlar haqqında internetdə Azərbaycan dilində məlumat axtararkən qarşısına Abdin Abbasovun Facebook səhifəsi çıxıb. Axtardığı məlumatı orada tapan Fərəcli ilə Abbasovun tanışlığı da belə başlayıb.
“Quşların habitatının mühafizəsi baxımından, eləcə də Qırmızı Kitab növləri barədə insanları maarifləndirmə lazımdır”, Fərəcli deyir.
“Dövlət qurumları kağız üzərində məsuliyyət daşıyırlar, amma vətəndaşlar, ictimai qınaq və ekoloji təşkilatlar da bu işdə mühüm rol oynaya bilər. Bizim ölkədə insanlarda bu mövzuya maraq yaratmaq çətindir, çünki hamının sosial-iqtisadi problemləri var. Traktorçu üçün traktoru idarə etmək daha önəmlidir, nəinki hansısa quş yuvasını qorumaq, çünki gəliri oradan çıxır. Belə olan halda, biz daha çox əziyyət çəkirik”.
Təxminən iki il əvvəl quş müşahidəsi ilə maraqlanmağa başlayan 17 yaşlı Elman İmanov kimi yeniyetmələr yerli quş müşahidəçilərini ümidləndirir.
“Biologiya müəllimim mənə deyirdi ki, sən bu işdə irəli gedə bilməyəcəksən, anamı da çağırıb dedi ki, bu işə yalandan pul tökməyin. Anamgil də dedi lazım deyil, ondan sonra oxumadım”. Elman əlavə edir ki: Mən heç vaxt bu işdən əl çəkən deyiləm, buna yoluxdunsa, buraxmırsan. Artıq valideynlərim də bu marağımla barışıblar”.
Bülbülə gölü Elmanın yaşadığı məhəllədə ən çox getdiyi yerdir. Göl əvvəllər qamışlarla əhatə olunurdu, bu səbəblə də quşlar üçün əlverişli məskənə çevrilmişdi. Lakin indi oranı gölkənarı bulvara çevirmək üçün yenidənqurma işləri aparılır. Bülbülə gölünə də torpaq doldurulduğu, kanalizasiya və tullantı suları ilə çirkləndirildiyi müşahidə olunur.
Bu yaxınlarda Bülbülə gölünə səfər edərkən Elman insan fəaliyyətinin quşların məskunlaşdığı yerlərə təsirinə birbaşa şahidlik edib. “İki-üç ay əvvəl bura gələndə hər yer qamış idi, amma bir həftə sonra gəldim ki, heç nə yoxdur. Şoka düşdüm ki, bunlar hamısı hara yoxa çıxdı”.
Bülbülə gölü Qırmızı Kitaba daxil edilmiş quş növlərinə, o cümlədən göydimdiyə ev sahibliyi edir. Adətən soyuq aylarda müşahidə edilsələr də, bu il göydimdiklərdən bir neçəsi çoxalma mövsümünə qalaraq may ayında görülüb və qeydə alınıb.
May ayında göydimdiyin görünməsi eko-fəallar arasında həyəcan doğursa da, bu həm də iqlim dəyişikliyinin quşlar üzərindəki təsirindən xəbər verirdi. “Birdwatching Azerbaijan” platformasının həmtəsisçisi, ekoloji fəal Elvin Məmmədsoy qeyd edir ki, quş müşahidəçiləri bir neçə növdə miqrasiya dəyişikliyi müşahidə ediblər.
“Bizdə belə bir ifadə var, hacıleylək. Əslində o, ağ leyləkdir, hacı deyil. İfadə ordan gəlir ki, quşlar cənuba miqrasiya edir, Məkkə də cənubdadır. Amma artıq 5-10 ildir ki, Azərbaycanın cənubunda - Cəlilabad, Masallının əkin sahələrində qışda ağ leyləkləri görürük, çünki artıq bizim cənubumuzda subtropik iqlim qurşağında hava şərtləri qışda quşlara qalmağa imkan verir, kifayət qədər yem bazası təklif edir”.
Elvin Məmmədsoyun quş müşahidəsinə aludəçiliyi 2019-cu ildən - Zülfü Fərəcli ilə tanış olduqdan və quş müşahidəsi üçün cənnət kimi tanınan Şirvan Milli Parkını ziyarət etdikdən sonra başlayıb. İndi Fərəcli fəxrlə deyir ki, Elvin onun ən yaxşı tələbəsidir.
Fotoreportaj Chai Khana Fellowship proqramı (bahar 2023) çərçivəsində hazırlanıb.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin