İslam və krişnaizm arasında körpü quran aktyor
53 yaşlı Natiq Abdulla həmişə öz arzularının arxasınca getməyə istəkli olub – istər teatr səhnəsində həyat canlandırmaq, istərsə də Azərbaycan üçün qeyri-ənənəvi bir təlimi mənimsəmək olsun. Natiq deyir ki, cəmiyyət tərəfindən gələn təzyiqlərə baxmayaraq, öz ideyalarına sadiq qalmaq məsələsində qərarlı olması həm ixtilaflara, həm də nəticədə rahatlıq və xoşbəxtliyinə səbəb olub.
Şirvan şəhərində müsəlman ailəsində böyümüş Natiq deyir ki, həyatda bir iz buraxmaq, insanları düşündürmək, onlara təsir etmək istəyi onu aktyor olmağa və paytaxt Bakıya köçməyə həvəsləndirib.
İlk olaraq “Yuğ” Teatrında aktyor kimi, daha sonra Çarli Çaplin obrazı ilə “Balaca adamın sərgüzəştləri” pantomim verilişinin ulduzu kimi uğurlarına baxmayaraq, Natiq 1989-cu ildə Bakıdakı “Hare Krişna” məbədinə dəvət olunduqdan özünü krişnaizmdə tapıb.
“Bura gələndə gördüm ki hər şey çox sadə imiş. Tanrı var, aləmlərin rəbbi, bütün kainatları və bizi yaradan gözəl bir varlıq var. O varlıq gözəllik, şəfqət və sevgi hissi ilə doludur və niyyəti də bizi xoşbəxt etməkdir. O bizim əzab çəkməyimizi istəmir”, Natiq deyir.
Azərbaycanda çox kiçik bir icma olsalar da, hare krişnalar bir neçə onilliklər ərzində varlığını qoruyub saxlayıblar. Onlar Sovet İttifaqı dövründə gizli şəkildə ibadətlə məşğul olublar, lakin 1991-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra Azərbaycanda rəsmi qeydiyyatdan keçiblər.
Natiq üçün krişnaizm qəbuledilmə hissi əmin-amanlıq təklif edir.
“Digər din xadimlərinin üzündə zəhm, ciddiyət var. Mən onlarla səmimi ola bilmərəm, ürəyimi aça bilmərəm. Çünki daxilimdə belə fikirlər yaranır ki, bəlkə də, o məni düz başa düşməz. O din xadimlərinin üzündəki ciddilik məndə bir ehtiyat, qorxu hissləri yaradırdı. Amma bu məbədə gələndə gördüm ki, buradakı insanlara ürəyini açmaq olar. Onlar sənə pis baxmaz, yuxarıdan aşağı baxmaz, səni günahkar kimi tanıtmaz, səni qorxutmaz. Əksinə, səndə pozitiv hisslər yaradar ki, narahat olma, hər şey düzələ bilər. Burada mehribançılıq var”, o izah edir.
“Hare Krişna” icması Natiq Abdullaya dini etiqaddan daha çox şey verib: o bu məbəddə həyat yoldaşına aşiq olub və Krişna bayramları və ayinləri zamanı musiqi rəhbəri kimi özünə məslək qazanıb.
Bununla belə, Natiq yada salır ki, ailə üzvləri əvvəlcə onun qərarını qəbul etməyib, amma sonradan düşüncələri dəyişib. Natiq krişnaizmi qəbul etməsini müsəlman inancına xəyanət kimi qiymətləndirmir: əksinə, o bu yolun ona daha layiqli ibadət etməyə imkan verdiyini düşünür.
Natiq özünü həm islamın şiə təriqətinə, həm krişnaizmə, həm də bütün digər səmavi dinlərə mənsub hesab edir. Məsələn, Natiq deyir ki, 50 Veda mətni toplusu Quran təlimlərini də özündə əks etdirən dini əsərdir.
“Quranda bütün hissələr “bismillahir-rəhmanir-rəhim” ilə başlayır. Yəni bağışlayan və mehriban Allahın adı ilə. Mən o mehribanlığı burada gördüm”.
Hazırda Natiq Azərbaycanda istədiyi kimi ibadət etmək azadlığını hiss etdiyini, gənclərin digər inanclar və ideyaları öyrənmək marağını müşahidə etdiyini deyir.
Fotoreportaj Chai Khana Fellowship proqramı (Bahar 2024) çərçivəsində hazırlanıb.
Fotoreportaj Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.
ianə verin