1990-cı illərdə İslamın Dirçəlişi

Müəlli̇f:

14.06.16
Buraxılış: 1990-ci illərin Nəsli


90-cı illərdən əvvəl Azərbaycanda “Siz müsəlmansınız?” sualının cavabı “Bəli, müsəlmanam.” qədər sadə idisə, 90-cı illərdən sonra cavablar müxtəlifləşməyə başlayıb.


Hal- hazırda Bakıda filosof və dinşünas kimi tanınan, Həsən Hüseynov Zəngilan rayonunda dindar seyid ailəsində anadan olub. Evlərinin bir hissəsi illərdir məscid və ziyarətgah kimi fəaliyyət göstərsə də, Sovet dövrü buna imkan verməyib və həmin məscidi bağlayıb məktəb kimi işlətməyə başlayıb. Həsən Hüseynov həmin vaxtları xatırlayaraq deyir: “Dindar ailədə dünyaya göz açmışam. Yadımdadır ki, biz uşaq olanda bizim evin bir hissəsi olan məscidi ləğv edib məktəb qurdular, nənəm həmişə onlarla mübahisə edirdi: “Bura ziyarətgahdır, siz müqəddəs ocağı dağıtmaqla səhv edirsiniz.” Ancaq təzyiqlərə baxmayaraq ailəm gizli olsa da ibadətə davam edirdi.”

Dindar ailədə doğulub böyüməsinə baxmayaraq Həsən Hüseynob özü dinlə bir az gec- 90-cı illərdə məşğul olmağa başlayıb. “Ailəm dindar olduğu üçün dinə marağım var idi, uşaq vaxtı nənəmin Quran kitabına baxıb həmişə “Görəsən biz bunu nə vaxtsa oxua biləcəyikmi?” deyə düşünürdüm. Lakin o zamanlar müxtəlif səbəblərdən- təhsil, hərbi xidmət, daha sonra işləməyə başladığım üçün vaxt ayıra bilmirdim. 90-cı illərdə müharibə başlayanda könüllü əsgər getdim və döyüşdə ağır zədə alıb geri qayıtdım. Xəstə olarkən klassiklərin əsərlərini, dini kitabları oxumağa başladım və atamın məsləhəti ilə mədrəsədə oxumağa getdim və öyrəndikcə dinə daha çox məhəbbətimin artdığını hiss etdim. Bakı İslam Universitetinə qəbul olub ədəbiyyatda dini araşdırmağa başladım.”

Həsən Hüseynov hal hazırda həm elmi həm də dini fəaliyyətini davam etdirir və müxtəlif məclislərdə iştirak edir. O müsəlmanlar üçün önəmli sayılan Həcc, Məşəd kimi müqəddəs ziyarətlərə də gedib. “Ailə üzvlərim o zamanlar getməyi çox istəyərdi amma rejimə görə bu mümkün olmadı, sevinirəm ki, müqəddəs torpaqları görmək ən azından mənə nəsib olub.”

90-cı illərdə Azərbaycanda baş verən dəyişikliklər hər şeydə olduğu kimi dində də özünü göstərdi. 70 illik sərhədlərdən sonra artıq dini təbliğatlar üçün heç bir əngəl qalmamışdı və əhalisinin əksəri İslam dininə etiqad edən xalq müstəqillikdən istifadə edərək öz dini ideologiyalarını yaymağa can atırdı. BDU, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası (90-cı illərdən əvvəl Emi ateizm) müdiri  Rəbiyyət Aslanova: “90-cı illərdə kommunist ideologiyası iflasa uğradı və boşluq yarandı. Bu boşluğu isə təbii ki, din doldurdu, çünki insanların illərdir basıdırlmış dini aclığı var idi.”

90-cı illərdə dini azadlığın mənfi təsirləri də çox oldu. İlk illər dinə nəzarət edilə bilmədiyindən ölkəyə müxtəlif radikal təriqətlərin axını başlandı, təriqətlər də öz növbəsində zəifliklərdən istifadə edib müxtəlif təbliğat növləri ilə insanları öz ətraflarına toplamağa və mütəşəkkilləşməyə başladılar. Dövlət tərəfindən bəzi tənzimləmələr aparılmasına baxmayayaraq, bugün də İslami radikal təriqətlərə qoşulanların sayı artmaqda davam edir.

Bibiheybet məsçidinin axundu Hacı Rəhim: Əslində sovet dövründe yaşayan insanlar islama meyilli idiler, amma rejimin tələbləri ilə dini mənsubiyyətlərindən uzaq düşmüşdüler. Amma bununla bele islam ayinlərini gizli yerinə yetirirdilər. Çünki açıq təbliğata imkan verilmirdi.

Hətta hal hazırda dayandığımız bu yer (bibiheybət məsçidi) 1936-ci ildə sovet rejimi terefindən partladılmılşdı. Burdakı müqəddəs qəbirler kənara atılmışdı ve burda yol çəkilmişdi. Yalnız 90-cı illərdən sonra dövlət tərəfindən bərpa edildi.

Məlum olduğu kimi, Sovet dövründə məscidlərin tikintisi qadağan idi, hətta mövcud məscidlər ləğv edilərək, anbar, kinoteatr və s. Kimi fəaliyyət göstərirdi. Buna görə də həmin dövrdə Azərbaycanda cəmi 17 məscid fəaliyyətdə idi. Müstəqillik dövründən sonra dini abidələrin sürətli bərpasına, yenilərinin tikilməsinə başlandı. Hazırda isə Azərbaycanda 1900-dən artıq məscid var və yeni məscidlər tikilməyə davam edir.

Din azadlığı məişət həyatına da təsir edir. Belə ki, son dövrlərdə dinə marağın artması nəticəsində yeni doğulan uşaqlara qoyulan adların böyük əksəriyyəti dini adlardır. Son statistikaya görə oğlan adları arasında ən çox qoyulan Yusif, Əli, Hüseyn və Məhəmməd, qızlarda isə Zəhra, Fatimə və Zeynəbdir.

Bibiheybət məscidi. 90-cı illərin əvvəlində və indi.
Bibiheybət məscidində günorta namazı
Qadınlar müqəddəs qəbrin ətrafında dolanaraq dua edirlər
Kişilər günorta namazından sonra axundun dualarını dinləyir.
Kişilər müqəddəs qəbirlərin yerləşdiyi otağın giriş qapısında dua edirlər.
Qadınılar Bibiheybət məscidinindəki müəqddəs qəbirlərin hasarlarına əlini toxunduraraq dua edir.
Qadınlar Günorta namazında
Bakının dindar qəsəbəsi kimi tanınan Maştağa qəsəbəsinin küçələri
Həsən Hüseynov namaz zamanı
Həsənə məxsus olan dini əşyalar və şəkillər. Şəkillərin çoxusunda islamın dini liderlərindən olan İmam Əli təsvir olunub.
Onun sevimli aksesuarları: Müqəddəs ziyarətgahlardan gətirilən və üzərində ərəb dilində İmam Əlinin adı təsvir olunan üzük sancaq.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin