“Əgər tanbur dünyaca məşhur olsa, məni unudacaq”

Müəlli̇f: Nurlan Baba-zade

25.07.16
Buraxılış: Sahibkarlıq


Ismayil Meqciyev, “Əgər tanbur dünyaca məşhur olsa, məni unudacaq”

Zaqatala rayonu etnik azlıqların müxtəlifliyi və sıx məskunlaşması ilə məşhurdur. Burda azərbaycanlılarla yanaşı saxurlar, avarlar, ləzgilər və ingiloylar  yaşayırlar. Rayonun ən böyük kəndi Danaçı kəndidir. Avarların sıx məskunlaşdığı bu kənd təkcə Zaqatalada yox, avarların yayıldığı bütün ərazilərdə – Dağıstanda, Azərbaycanın şimal-qərbində məşhurdur. Səbəb isə İsmayıl ustanın burda yaşamasıdır.

İsmayıl Meqciyev 1959-cu ildə Danaçı kəndində anadan olan avardır. Uşaq yaşlarında tanbur çalmağa maraq yaranıb.
Dediyinə görə, atası da, babası da mahir tanbur ifaçıları olublar. Elə bu maraq tezliklə onu tanbur düzəltməyə də vadar edir.
1973-cü ildə ilk tanburunu düzəldir. Lakin bir müddətdən sonra ağır xəstəliklə üzləşir; İsmayılın sağ tərəfi paralic olur. Bundan sonra tanbur düzəltməyin daşın atır.

 

Bir müddət sonra yuxular görməyə başlayır. Bu yuxular onu narahat edir. Kənddəki yuxuyozanın yanına gedir, qadın isə deyir ki, sən tanbur düzəltməlisən, səni tanbura səsləyirlər. İsmayıl Meqciyev deyir ki, bir dəfə dostunun atası ondan tanbur istəyir. O isə çətinliklə də olsa, tanburun karobkasını hazırlayır, dostunun atası isə içini doldurub, simlərini taxır, əsas işi isə İsmayıl görmüş olur: “Bir az keçəndən sonra tanburu ondan geri almaq istəyirdim. Amma utanırdım. Çünki tam hazır vəziyyətdə verməmişdim ona. İstəyə bilmədiyimə görə başladım özümə birini düzəltməyə. Sonra bu formada davam elədim, bir də baxdım ki, bir neçə tanbur düzəltmişəm.”


İ.Meqciyev deyir ki, iki əllə işləyə bilmədiyinə görə xüsusi alətin köməkliyi ilə işini rahatlaşdırıb: “Bu cür nisbətən rahat işləsəm də, ləng oluram. Əgər hər iki əlimi işlədə bilsəm, bir tanburu 10-12 günə düzəldə bilərəm, amma bir əllə bir tanburu 1 aya düzəldirəm. Əvvəlcə ağacı müəyyən ölçüdə dördbucaqlı şəkildə kəsdirirəm, sonra onun üzərinə xətlər çəkərək həmin xətlər vasitəsilə ağacı yonub tanbur halına salıram. Tanburu müxtəlif ağaclardan düzəltmək olar; tut, cökə, çinar, şam və sairə. Ancaq qoz ağacından hazırlananda tanburun səsi daha çox sazın səsinə oxşayır. Əsl avar tanburunun səsi jilka ilə olanda çıxır. Simlə edəndə səs gur çıxsa da, əsl tanbur səsi vermir.”

 

 

“Bu ərazilərdə yeganə tanbur ustası mənəm. Ona görə də Azərbaycanda və Qafqazdakı avarlar tanburu əksərən məndən alırlar.
Yanıma Bakıdan, Balakəndən, elə Zaqatalanın özündən, Dağıstandan, Mahaçqaladan gələnlər olur.
Təzəlikcə Balakəndə və Zaqatalanın Car kəndində tanbur düzəldənlər var, amma onlar hələ təzədilər, əsl avar tanburunun ruhunu verə bilmirlər.
Mənim düzəltdiyim bu tanburlar isə avarların toylarında istifadə olunur. Daha rahat olması üçün mikrafon qoşula bilən tanbur da düzəltmişəm. ”
“Dörd oğlum var, hər birisi ayrı-ayrı işlərlə məşğuldu. Heç vaxt tanbur düzəltməyə maraqları olmayıb.
İndi heç şagirdim də yoxdu. Olmağını istəyərəm, amma bu iş səbir tələb edir, gələn şagird 3 gün, 5 gün dözəcək, sonra atacaq.
"İrsin qorunmasını çox istəyərdim."
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin